“Onu bloka atdım” – AYB katibi ilə şairə arasında qalmaqal düşdü

“Onu bloka atdım” – AYB katibi ilə şairə arasında qalmaqal düşdü
1 aprel 2021
# 12:55

“Səhər Əhmədlə bu məsələ həyatımda rast gəldiyim ən qəliz və anlaşılmaz situasiyalardan biridir.”

Bu sözləri AYB katibi Rəşad Məcid Kulis.az-a açıqlamasında şairə Səhər Əhmədin ondan icazəsiz kitabının AYB və “Qanun” nəşriyyatı tərəfindən çap edilməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirərkən söyləyib. O, daha sonra əlavə edib:

“Mənim kimi səbirli adam hər cürə sözlərlə, hətta üzr istəməklə onu sakitləşdirməyə çalışsam da gördüm, yox, kirimir, eyni şeyləri təkrarlayır, axırda onu Feysbukda bloka atdım və bu dır-dırdan qulağım dincəldi.

Ha çalışdım onu anlamağa, empati hissi ilə yanaşdım, qadın olduğunu nəzərə alıb elə rəftar etdim ki, bəlkə sakitləşə, amma alınmadı.”

Rəşad Məcid araya düşən narazılığa da aydınlıq gətirib:

“Əslində, məsələnin mahiyyətini nədir? Mənə elə gəlir ki, heç bir isterikaya, narahatlığa səbəb olacaq bir məsələ yoxdur. Bu xanım müraciət eləyəndə Yazıçılar Birliyində kitab məsələləri ilə bağlı müqavilələr artıq bağlanmışdı, amma mən yenə də dedim ki, katiblikdə müzakirə edərik, çalışarıq, sizin kitabı çap eləyək. Kitabın harda çap olunması məsələsini də müzakirə edəndə müəllifin özüylə “Qanun” nəşriyyatında qərar tutduq. Heç olmasa, burda kitabların bir hissəsi satışda qalır, oxucular axtaranda tapa bilir. Buna görə mən Şahbazdan (Xuduoğlu – red.) xahiş elədim və xanımın kitabını çap elədik. Bunu layihədən kənar, dəstək üçün etdik. Əvvəl müəllif 100 kitab istəmişdi, 100 kitabı ona çatdırdılar.

Sonra kitabın təqdimatını etmək istədiyini, kitabı mükafata təqdim etmək istədiyini dedi. Mən də həmişə dəstək verməyə hazır olmuşam. “Qanun” nəşriyyatının endirim kampaniyaları təşkil etdiyini də hamımız bilirik. Hətta, Sabir Rüstəmxanlının, Anarın və digər tanınmış imzaların kitabları çox ucuz qiymətə satışa çıxarılır. Səhər xanımın kitabını da bu endirim kampaniyasında simvolik məbləğə, 1 manata satışa qoyublar. Belə başa düşürəm, xanımın xətrinə də bu dəyib ki, niyə onun kitabını 1 manata satırlar. Ya da kitabın ümumiyyətlə satışda olmasına əsəbiləşib. Şahbaz bəy də izah edib ki, bu qısamüddətli kampaniyalarda, demək olar, bütün kitablara belə endirimlər tətbiq olunur. Əksinə, müəllif də maraqlanmalıdır ki, bu kampaniyada onun kitabını neçə adam aldı, lap 1 manata da olsa insanlar o kitabı almağı, oxumağı arzuladımı? Xanım isə əsəbiləşib ki, məni təhqir eləyirlər, mənim kitabım 1 manatlıq deyil, mən dahiyəm, mən belə şedevr əsərlər yaradıram. Mən də dedim, çox yaxşı, çox gözəl, nə narahatlıq varsa üzr istəyirik, deyərəm, Şahbaz kitabı endirim kampaniyasından çıxarar. Ümumiyyətlə, orda sizin kitabınızdan nə qədər qalıbsa, hamısını sizə verərlər. Nə bilim, mən hansı variantı deyirəmsə, bu xanım razılaşmır, deyir, yox, hay-küy və isterika edir. Deyir, mən xəstəyəm. Deyirəm, başa düşürəm, bu gün demək olar, hamı xəstədir, nə deyirsinizsə, elə də edək. Yenə deyir, yox, mən sizi məhkəməyə verəcəm. Mən hətta ona dedim ki, indiyə kimi həyatımda heç kim mənə səsinin tonunu belə qaldırmamışdı. Özüm də səbrimə məəttəl qaldım. Onun bu isterik vəziyyətinə acıyıram. Bəlkə, şəxsi həyatında, sağlamlığında problemlər var, amma yenə də Səhər xanım nə istəyirsə, nə arzulayırsa eləməyə hazıram. İstəyirsə, lap onun şeirlərindən iki-üç dənəsini əzbərləyim, sosial şəbəkədə yayım, hamı oxusun, bəlkə bundan sonra üzrümü qəbul edər. Etməsə də, neyləyim? Bəlkə bizi çarmıxa çəksin? Pislik eləmişik ona? Kitabını çap eləmişik də.”

Xatırladaq ki, Səhər Əhməd öz Facebook hesabında bunları yazmışdı:

“Əziz vəkillər, xahiş edirəm, münasibət bildirin. Deməli, naşir deyir ki, pulun yarısı YB (Yazıçılar Birliyi – red.) tərəfindən ödənilib, yarısı satışdan götürülmək şərtilə. Rəşad Məcid deyir ki, sənin kitabın layihə xətti ilə çap olunmayıb. Sən xahiş etmisən, mən sənin kitabını çap etmişəm ( kül mənim başıma).
Müqavilə olmadan kitab çap oluna bilərmi? Bu müqaviləni kim imzalayıb? Qaimədə nə göstərilib? Layihə xəttiylə çap olunmayıbsa, mənim kitabım niyə çap olunub? Layihə xəttiylə çap olunubsa niyə satılır? Bu ətdisə pişik hanı, pişikdisə ət hanı?

Anladığım qədəriylə Şahbaz Xuduoğluyla Rəşad Məcid aralarındakı haqq-hesabı mənim kitabımla malalayıblar, ortada rəsmi sənəd yoxdu. Ya da sənəd var, qaydalar pozulur.”

# 2540 dəfə oxunub

Müəllifin son yazıları

# # #