Cəsur döyüşçü, şəhid psixoloq Ruhid İslamlı

Cəsur döyüşçü, şəhid psixoloq Ruhid İslamlı
9 may 2023
# 14:12

10 May Beynəlxalq Psixoloqlar Günüdür.

Kulis.az bu münasibətlə ailəsinin 44 günlük Vətən Savaşının iştirakçısı, cəsur döyüşçü şəhid psixoloq Ruhid İslamlı haqqında yazdığı xatirə yazısını təqdim edir.

Şəhid Psixoloq Ruhid Uğur oğlu İslamlı 2016-2020-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisasında təhsil alıb. Peşəsini və uşaqları xüsusi sevib. Uşaqlarla işləyərkən qəlbindəki sevinc gözlərindən hiss edilib. Elə bu istiqamətdə istər Bakı, istərsə də Naxçıvanda olduğu dönəmlərdə psixoloji mərkəzlərdə olub, əlindən gəldiyi qədər insanlara köməklik göstərib. Heç kəsə bildirmədən neçə ehtiyacı olan ailəyə ödənişsiz kömək edib. Biz bunu uzun zaman sonra öyrənmişdik. Savadlı və öz işini layiqincə yerinə yetirən Psixoloq kimi daim öz üzərində işləyirdi. Bu yolda da özündən böyük, psixoloq kimi fəaliyyət göstərən bacısından örnək alır, onunla məsləhətləşirdi. İşi ilə bağlı xəyallarından danışanda - “Bu sahədə atacağım addım nə olursa olsun, bacım kimi olmaq istəyirəm. Onun yanaşması çox fərqlidir və işini sevərək görür” deyirdi. Çox planları, layihələri var idi bu yolda...

Pandemiya vaxtı cəmiyyətimizdə psixoloji cəhətdən narahatlıqlar keçirən insanlar var idi. Bu səbəbdən belə bir fikri yaranmışdı ki, ehtiyacı olanlara ödənişsiz, onlayn psixoloji yardımlar göstərsin. Danışdıq bu barədə, üzərindən bir az keçdi bir paylaşım göndərdi, dedi ki, “bunu paylaşaq və yaxınlarımız da paylaşsın, bəlkə beləliklə kimin ehtiyacı varsa əlaqə saxlayar köməkliyimiz dəyər”. Razılaşdıq və paylaşdıq. Üzərindən 10-15 dəqiqə keçmişdi yazdı ki, “sosial şəbəkədən o paylaşımı sil, mən də sildim. Sən demə başqa həmkarımızın layihəsi imiş və mənim bundan xəbərim yox idi, elə bilirdim ümumi paylaşımdır. Başqasının əziyyətlə hazırladığı layihəni istifadə etməmiz düzgün deyil”. Çalışırdı ki, işini daima vicdanla görsün. Hətta həmin səs yazıları hələ də qalmaqdadır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun psixoloq, Şəhid Ruhid İslamlı ilə bağlı xatirələrindən: “ Ruhid istedadlı, mehriban, çalışqan, hər kəsə daim əlindən gələn köməyi edən, qəlbi Vətən eşqi ilə alovlanan biri idi. Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisasını bitirmişdi. Fəaliyyətini də təhsili istiqamətində aparırdı. Psixologiyaya çox böyük marağı var idi. Peşəkar bir psixoloq kimi yetişmək istəyirdi. O, özünü daim təkmilləşdirirdi, öyrənmək istəyi məni valeh etmişdi. Kurslarla, konfranslarla maraqlanırdı, onlarda aktiv bir şəkildə iştirak edirdi.

Yaxşı xatırlayıram, 2019-cu ildə “Psixologiya Zirvəsi – 1” konfransında çox böyük aktivlik göstərərək, iştirak etmişdi. Qardaş Türkiyə Respublikasından gələn professor, dossent heyəti ilə sıx təmaslar qurmuşdu. Hocalar ondan sonra mənə Ruhid haqqında xoş təəsüratlarını paylaşmışdılar. “İyi bir psikoloq olacaq!”, “Başarılı bir psixoloq olacaq” kimi fikirlər səsləndirirdilər.

Arzusu institutda çalışmaq idi. Zarafatla, hər zaman ona, “tələsmə, institutu bitir, inşallah bərabər çalışarıq deyirdim”. Açığı o zaman bilmirdim Ruhid nəyə tələsir. Ancaq tələsdiyini görürdüm… Yadımdadır, 4-cü kursu bitirdiyi ildə mənə yazmışdı. Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixoloq kimi fəaliyyət göstərmək istəyirdi. Universiteti bitirdiyini və iş təcrübəsinin olduğunu da bildirmişdi mənə. Düzü, çox təqdir etdim onu. Vaxt itirmək istəmirdi, ona görə də bütün işlərini tez-tez edirdi. İnstitutda işləyəcəyi günü sanki “ip ilə çəkirdi”. Mənə elə gəlir ki, o, gücü çatan qədər çox insana kömək etmək üçün tələsirdi. Hətta döyüşdə belə, o, döyüş yoldaşlarına psixoloji dəstək də göstərirmiş. Bunu eşidəndə, çox qürurlanmışdım və kövrəlmişdim. Çətin şəraitdə belə, onun başqalarını düşünməyi, insan, Vətən sevgisinin göstəricisidir. Məhz Ruhid ona görə insanların sevimlisi ola bilmişdi”.

Ruhidin komandiri onun barəsində danışanda qeyd edir: “Ruhid çox güclü Psixoloq idi. Bütün əsgərlər tərəfindən istedadına görə sevilirdi. Hətta mən bir az hirsli olanda, kefsiz olanda belə məni sakitləşdirməyi bacarırdı. Əsgər yoldaşları ilə çox mehriban idi, hamısına dəstək olurdu. Müharibə ərəfəsində döyüş yoldaşlarına böyük dəstək göstərir, onları ruhlandırırdı. Biz müharibənin birinci günündə qatıldıq. Amma Ruhid çox rahat idi, ona görə ki, həddindən artıq vətənpərvər idi, xalqını, torpağını, dövlətini, bayrağını çox sevirdi. Ən çox düşündüyü, səbrsizliklə gözlədiyi Şuşaya gedib çatmaq idi. Torpaqlarımızın azad olunmasını istəyirdi. Biz elə yerdə idik ki, yüksəklikdə, meşənin içində oradan döyüş meydanı görünürdü. Bizim döyüşçülər Talış istiqamətində hücuma keçəndə onun gözlərindən yaş gəlirdi sevincdən. Çox duyğusal idi...”

Qeyd edək ki, Şəhid Ruhid Uğur oğlu İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olmuşdur. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş olaraq böyüyüblər. 2000-ci ildə ailəsi ilə birgə Bakıya köçüb və orada yaşamağa başlayıb. 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfə daxil olub. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315№-li məktəbdə təhsilini davam etdirib.

Təhsil aldığı müddətdə, hələ kiçik yaşlarından, cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olmuş, Respublika yarışlarında I və II yerlərə yiyələnib. Azərbaycan Respublikası Çempionatında muay-tay üzrə yarışda dərəcə almış və həmçinin beynəlxalq turnirlərdə də iştirak edib.
Qəhrəmanımız həmçinin hərbi yarışlarda da iştirak etmiş və müxtəlif dərəcələr almışdır. Özü də bir sıra yarışma, fləşmob və s. təşkil edib.

2016-cı ildə Naxçıvan MR-nın Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil almağa başlayıb. II kursdan universitetdə YAP Gənclər təşkilatının sədri kimi fəaliyyətə başlamış, eyni zamanda Gənclər birliyinə də sədrlik edib. 2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilib. 2020-ci ildə ali təhsilini başa vurub, lakin diplomunu əlinə ala bilməyib.

29 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il 27 sentyabrdan etibarən gənc əsgər, bölüyündən könüllü şəkildə ərizə yazmış və torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılaraq xüsusi rabitəçi kimi xidmətini davam etdirib. 2020-ci il 6 oktyabr tarixində Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olub. Şəhidimiz Bakı şəhər Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ruhid Uğur oğlu İslamlı ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

# 2172 dəfə oxunub

Müəllifin son yazıları

# # #