Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi, Cahangir Cahangirovun anadan olmasının 105 illiyinə həsr edilmiş konsert proqramı keçirilib.
Kulis.az xəbər verir ki, gecədə Cahangir Cahangirov adına Xor Kollektivi tərəfindən bəstəkarın zəngin musiqi irsindən seçilmiş ən dəyərli əsərlər səsləndirilib. Proqramda onun xor musiqisi sahəsində yaratdığı sənət incilərinə xüsusi yer ayrılıb.
Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə təşkil olunan konsertdə tanınmış ifaçılar, eləcə də Beynəlxalq Muğam Mərkəzinin solistləri çıxış ediblər.
Konsertdə Xalq artisti Eyyub Yaqubov, Əməkdar artistlər Gülüstan Əliyeva, Arzu Əliyeva, Lalə Məmmədəliyeva, xanəndələr Mirələm Mirələmov, Güllü Muradova və Günay İmamverdiyeva çıxış edərək bəstəkarın əsərlərini səsləndiriblər.
Həmçinin Əməkdar artist Dilarə Əliyeva bəstəkarın həyat və yaradıcılığını əks etdirən monoloqla çıxış edib.
Musiqili gecə bəstəkarın yaradıcılıq dünyasına bir daha nəzər salmaq, onun milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərini xatırlamaq baxımından əlamətdar olub.
Tədbir iştirakçıları Azərbaycan musiqi tarixində silinməz iz qoymuş Cahangir Cahangirovun əsərlərinin yüksək bədii-estetik dəyərini yenidən kəşf etmək, onun yaradıcılığının milli-mənəvi dəyərlərimizlə səsləşən zəngin çalarlarını yaxından duymaq imkanı əldə ediblər.