Bu yazıçılar AYB-dən imtina etdi – Siyahı - YENİLƏNİB

Bu yazıçılar AYB-dən imtina etdi – Siyahı - YENİLƏNİB
27 oktyabr 2022
# 15:21

Tənqidçi Mehman Qaraxanoğlu, güneyli şair Ümid Nəccari və şair Elçin Aslangil AYB-nin üzvlüyündən imtina ediblər.

Kulis.az xəbər verir ki, onlar bu barədə öz sosial şəbəkə hesablarında məlumat veriblər.

Onların üzvlükdən imtina səbəbi AYB-nin Qurultayında baş verən qalmaqallı hadisələr olub.

Tənqidçi Mehman Qaraxanoğlu imtina səbəbi belə açıqlayıb:

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir... Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.

Şair Ümid Nəccari isə öz sosial şəbəkə hesablarında Azad ədəbiyyat naminə və yaradıcılıq həytımın hörmətinə, ədalətsizliklərdən uzaq durmaq üçün… Və eləcə də bir çox səbəblərə görə, mən güneyli şair, yazıçı, tərcüməçi Ümid Nəccari Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyündən imtina edirəm! yazıb.

Şair Elçin Aslangil isə imtina səbəbini belə açıqlayıb:

“İllərdir AYB - nin üzvü idim. Və illərdi düşünürdüm ki, AYB Azərbaycanda hansı funksiyanı yerinə yetirmək üçün mövcuddur? Minlərlə üzvü olan bir "yerin" (Məhz yerin. Çünki AYB sadəcə mövcud olduğu binadan ibarətdir) nə ictimaiyyətdə, nə ədəbi mühitdə heç bir çəkisi yoxdur. AYB - nin çəkisi sadəcə mövcud olduğu binanın içindən ibarətdir. Bu iç məsələsinin də, içəridə olanların katibələrindən tutmuş, müəyyən şöbələrin rəhbərlərindən başqa kimsəyə faydası yoxdur.

AYB adına keçirilən tədbirlər, ədəbi mühittə canlanmaya yox, zaman-zaman çəkişmələrə səbəb olub. AYB ən yaxşı halda "eşq macəraları ocağıdır". AYB ən pis halda istedadlı şəxsləri ədəbi intriqalara yox, şəxsi intriqalara sürükləyən alovu çoxdan sönmüş küllükxanadır. Ha Anar seçildi, ha bir başqası, dəyişən heç nə olmayacaq. Bir daha deyirəm, AYB adlı qurumun Azərbaycan ədəbiyyatına, Azərbaycanın ədəbi mühitinə dəxli yoxdur. AYB sadəcə dörd divarlardan ibarət, bəzilərinin öz adının üstündə vəzifə daşıdığı, müxtəlif yollarla nəsə çırpışdırdığı, şəxslərə görə mövcud olan bir məkandır.

AYB Azərbaycan ədəbi mühitində yeni çağla səsləşməyən, ədəbi mühittə alternativlikləri dəstəkləməyən, özgür iradəyə sahib olmayan, dərgiləri və digər vasitələrində azadruhlu yazıçılara, ümumən, söz sahiblərinə yer tanımayan, azad sözdən qorxan, ədəbi tədbirlərində qalustuklarından asılan, köynək dəyişdirib, eynək yeniləyən, fəqət o yenilənmiş eynəyin camından dünyanı yox, dünya ədəbiyyatına inteqrasiyanı yox, "kreslonu" və nə qədər çırpışdıracağını görən, yeniliklərə göz yuman, köhnə hamam, köhnə tasdır.

Anarı təbrik edirəm, 30 ildən bir əsrə qədər. Və illah da demək istəyirəm ki, dəyişilməyən yerdə inkişaf olmur - "Anar olmasa AYB dağılar" (mış).

Və nəhayətində Məmur Anarın qəlyanından çıxan tüstü, Azərbaycan ədəbiyyatının başından çıxır. Başımız sağ olsun, ədəbiyyatımızın üzü ağ olmasa da.

Beləliklə, AYB üzvülüyündən imtina edirəm.”

***

Tanınmış şair Alik Əlioğlu Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.

Kulis.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qərara gəldim ki, AYB üzvlüyündən rəsmən imtina edim. Mənim çıxmağımla AYB heç nə itirməyəcək, mən ümumiyyətlə heç nə itirməyəcəm, amma vicdanım rahat olacaq”.

# 2701 dəfə oxunub

Müəllifin son yazıları

# # #