Bizdə filosof varmı? - Arzu Əsəd

Bizdə filosof varmı? - Arzu Əsəd
28 fevral 2025
# 21:00

Kulis.az Arzu Əsədin "Bizdə filosof varmı?" yazısını təqdim edir.

Niyazi Mehdinin vəfatı sosial şəbəkələrdə tez-tez rast gəlinən "bizdə filosof varmı?" qısır sorğunu mənə yenidən xatırlatdı.

Cəfər Cabbarlının "Sevil" əsərində iki bir-birini tamamlayan obraz var. Məmmədəli bəy və Əbdüləli bəy. Məmmədəli bəy inkarçıdır, nihilistdir. Onun həyat kredosunu, dünyabaxışını bu sözlər ifadə edir:

"Deyirlər gün var - doğru deyil, ay var - doğru geyil, deyirlər dünya var - doğru deyil, vəssalam!".

Əbdüləli bəyin də daimi cavabı belə olur:

"Doğrudur, mən də elə onu düşünürdüm".

Cəfər Cabbarlının həyatdan götürülmüş bu milli tipləri öz varlıqlarını indi də sosial şəbəkələrdə davam etdirirlər.

"Bizdə filosof varmı?" kimi məkrli suallar və ya "bizdə filosof yoxdur" kimi hökmlər məmmədəlibəylərin bu günkü ictimai şüura sırımaq istədikləri önyarğılardır, xəbislikdir, düşüncənin inkişaf qanunlarını anlamamaqdır, yarımhəqiqətçilikdir, birtərəflilikdir.

Bu məmmədəlibəylər bilərəkdən, ya da bilməyərəkdən standartları çox əlçatmaz götürürlər, meyarları, ölçüləri, dəyərləndirmə qaydalarını təhrif edirlər.

Onlar şairin dediyi kimi, "Nə yaradar, nə də qurar, Yaradana ağız burar, Quyu qazıb tələ qurar, Ev də yıxar asta-asta" prinsipi ilə yaşayan bədxahlardır. Onlar özləri özləri ilə bacarmırlar. Əqrəb öz yaradılış xüsusiyyətinə görə onu belinə mindirib suyu keçirən canlını da çalmalıdır.

Niyazi Mehdi və onun kimi neçə fəlsəfi düşüncə sahibimiz, filosofumuz bu ağrılı-acılı, məhrumiyyətli onilliklərimizdə Azərbaycan ictimai şüurunu belinə yükləyib bu bitib-tükənməyən keçid dövründən keçirdənlərdir.

Yüzlərlə gənc az ya çox dərəcədə onlardan düşünmə, anlama sənətini öyrəndilər. Başqa bir böyük həcmli yazıda onun ədəbi-fəlsəfi şüurumuza qatdığı düşüncə açılışlarını təhlil etməyə çalışacam. Düşüncə və vicdan sahibləri onun və bu dövrün fəlsəfi düşüncə sahibi, filosof kimi tanıdığımız şəxslərin ucalığını, fədakarlığını və daşıdıqları ada necə layiq olduqlarını çox gözəl anlayırlar.

Məmmədəli bəylərin olmağı, daha doğrusu kimlərdəsə məmmədəlibəyliyin olmağı labüddür, bəzən də lazımdır, zəruridir, inkarları yaradıcı və müəyyən həddə olanda.

Amma ey məmmədəlibəylərin mütləq inkarçı hökmlərinin altında "Doğrudur, elə mən də onu düşünürdüm" yazan əbdüləlibəylər, siz niyə varsınız? Sizin çoxluğunuz, kütləviliyiniz, züytutanlığınız, qırverənliyiniz, qrupbazlığınız, önyarğılı təəssübkeşliyiniz... ictimai şüurun istiqamətlənməsi naminə gedən bu düşüncə savaşında tərəzinin gözünü əyməkdən, su bulandırmaqdan, bu millətin fədakar düşüncə adamlarını ləkələmək və gözdən salmaqdan başqa bir işə yaramır...

Allah bu millətin dəyərli düşüncə adamına, filosof Niyazi Mehdiyə rəhmət eləsin!

# 292 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #