Oğlu qaçıran qızın anasını alan ata

Oğlu qaçıran qızın anasını alan ata
8 dekabr 2014
# 17:24

Kəndin adı yadımda qalmayıb. Dostum Xəyal bu əhvalatı danışanda bilmədim gülüm, yoxsa üzülüm. Amma ürəyimdə “Allah uzaq eləsin!” deməyim yadımdadır.

“Əsər”in qəhrəmanı Rövşən yavuqlusu, ilk və bəlkə də son sevgisi, dərdindən dəli divanə olduğu və bir ildir gizli-gizli görüşdüyü Pərvanə ilə artıq evlənmək vaxtının gəlib çatdığını özü üçün müəyyənləşdirmişdi. Düzdü, bunda qızın da böyük rolu olmuşdu. Pərvanənin keçən ay 22 yaşı tamam olmuşdu və anası demişdi ki, bundan sonra qapıya kim gəldi, qızı verəcəm getsin. Ananın bu qorxulu mesajını Pərvanə Rövşənə ilk dəfə deyəndə, gözləri dolmuşdu. Rövşənin ilk reaksiyası isə belə olmuşdu.

- Necə yəni qapıya gələn? Qapınızı bağlı saxlayın, heç kim də gəlməsin...

Qız sonradan məsələnin nə qədər ciddi olduğuna inandırdı Rövşəni. Düzdür, bu, Rövşənin məsum saflığına çox da təsir etmədi, lakin hədəfini artıq yəqinləşdirdi. Pərvanə yalnız onun olmalı idi.

“Kənd uşağı”nın əlini-qolunu bağlayan vacib məsələlərdən biri kasıblıq idi. Toy çaldırmağa imkanının olmaması öz yerində, borc istəyəcəyi adam belə yox idi. Taxta sexində fəhlə işləyirdi və səhərdən axşama kimi burda olurdu. Axşam hava qaralanda isə Pərvanəni görməyə gedirdi. İstisnasız hər gün. Günlük 6-7 manat qazancı olurdu, onun da bir qisminə şokolad alıb Pərvanəyə gətirirdi. Pərvanə şokoladı çox xoşlayırdı. Arada özü yeməyəndə anası Minaxanım xalaya aparırdı.

Bəli, bax Rövşənin qarşısında duran ən böyük maneə isə Minaxanım xalanın özü idi. Arıq, qarabəniz, 40-42 yaşlarında bir qadın olan Minaxanım xalanın əri 5 il əvvəl Rusiya adı ilə evdən çıxmış və bir daha geri qayıtmamışdı. Ana-bala özlərinə bir düzən qurmuş və yaşayırdılar. Bazarda meyvə-tərəvəz satır, bununla da ortabab dolanırdılar. Amma arvad dünya dağılsa da Rövşənə qız verməyəcəyini bəyan etmişdi. Hər dəfə qızı ilə bu barədə söhbət düşəndə elə qışqırırdı ki, qız yazıq ya dinməzcə dururdu, ya da gözündən yaş süzülə-süzülə öz otağına keçirdi.

Əlövsət dayının isə dünya-aləm vecinə deyildi. Rövşənin atasını deyirəm. Yoldaşı 3 il əvvəl xərçəngdən vəfat etmişdi. O isə ancaq özü üçün yaşayırdı. Səhər çıxırdı, axşam gəlirdi. Bircə dəfə belə olsun oğlunu evləndirməyi ağlından keçirməmişdi. Hətta bir dəfə evdə elçilik söhbəti düşəndə: “Mən xalxın qapısına hansı üzlə gedim, pul var bəyəm?” - deyib yola vermişdi.

Rövşən çox fikirləşir, dağı arana aparır, aranı dağa aparır. Nəhayət, Pərvanə ilə də məsləhətləşdikdən sonra qərara gəlir ki, onu qaçırsın. Bütün hazırlıqlar tamamlanır, vaxt təyin olunur. Gecə saat 12 radələrində Pərvanənin otağının küçəyə düşən pəncərəsinin qarşısında dayanır. Pəncərə tıqqıltısını eşidən Pərvanə siqnalı başa düşür. Pəncərəni sakitcə açıb pıçıltı ilə “Bir az yavaş, anam duracaq” –xəbərdarlığından sonra əsas işə keçir. İlk olaraq axşam üstü gizlincə topladığı 2 köhnə pal-paltar dolu çamadanı pəncərədən sevgilisinə ötürür. Daha sonra o qədər də hündür olmayan pəncərədən ehtiyatla düşür və sevənlər Rövşəngilin evinə tərəf yola düşürlər.

Yolda bir-birinə baxıb gülümsəyirlər, gənclər gələcək xoşbəxt həyatın xəyallarını indidən qurmağa başlayırlar. Hətta palçıqlı yollar, qurbağaların qurultusu, itlərin hürüşməsi belə onların xəyallarına mane olmur.

Təxminən 20 dəqiqədən sonra mənzil başına çatırlar. Həyət qapısından içəri girəndə isə bəlkə də, dünyanın ən xoşagəlməz sürprizi ilə qarşılaşırlar. Minaxanım arvad əlləri qoltuğunda 1 saata yaxındır ki, onları gözləyir.

Qızla oğlan yerində donub qalır. Rövşən özünü toplayıb qadına yaxınlaşır və “Sevənləri ayırmayın!” şüarı ilə çıxışına başlamaq istəyir ki, qəzəbli qadın onu çiynindən itələyir. “Ay səni itin qızı” deyə Pərvanəni saçlayır:

- Sən yəni bu qədər qudurmusan? Sən yəni bu qədər özbaşınasan? Mən sənin ipivi bu qədər boş buraxmışam? Biabır elədin məni bütün kəndə...

Ananın qışqırıqları və qızın hönkürtüsü tədricən azalmağa başlayır. Rövşən qəddar ananın və əlacsız qızın getdikcə uzaqlaşmasına sadəcə tamaşa edə bilir. Bir də oyanır ki, çamadanlar əlində qalıb. Bilmir nə etsin.

Hadisənin üstündən heç 2 həftə keçmir ki, Minaxanım qızını zorla Rostovda yaşayan, ildə uzağı bir dəfə Azərbaycana gələn əmisi oğlunun o qədər də imkanlı olmayan xalası oğluna verir.

Elə söhbətin bu yerində Xəyal yanımızdan keçən bir kişini salamladı.

- Salam Əlövsət dayı.

Həmin şəxs başı ilə salam verdikdəm sonra yoluna davam etdi və yaxınlıqdakı alaqapıdan içəri girdi. Mən Xəyalın gözlədiyi sualı soruşmaq üçün vaxt itirmədim:

- Bu Əlövsət, o Əlövsətdi?

- Aha...

- Buradı Rövşəngilin evi?

- Yox ora Minaxanımgilin evidi.

- Necə yəni?

- Minaxımla Əlövsət dayı artıq 1 ilə yaxındı ki, evləniblər. Əlövsət dayı evini satdı, puluna da 20 baş inək aldı. İndi burda bir yerdə yaşayırlar.

- Bəs Rövşən necə oldu?

- Bəs söhbətin əvvəlində demədim sənə? Rövşən hardasa 6 aydır Bakıdadı. Deyəsən, “stroyka”lardan birində işləyir...

# 917 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #