Baxışların qəlbimdə imza yeri – Günün şeiri

Baxışların qəlbimdə imza yeri – Günün şeiri
8 sentyabr 2022
# 12:40

Bu gün şair Emin Pirinin ad günüdür. Kulis.az bu münasibətlə onun məşhur “Eşq ayələri” şeirini təqdim edir.

Baxışların məni istədiyi
operaya çevirən drijor,
əlim sinəmdə
himn oxumaq kimidi
Səni səsləmək.

Hər sevirəm kəlmən
“Oxu”,
“Eşqin adıyla oxu” kimi
səslənər qulağımda.
Hər gecə dodaqlarıma qoyduğun
sevgi vəhylərinin
Mən sorğu-sualsız Nəbisi.

Susayarsan gecəyarı
Durub şəklinə baxarsan.
Kəbə divarıtək
Üzümü sürtərəm-yanağın
mənim tövbə yerim.

Sevmək
Samovara atılan odun parçasıtək
Ürəyimin son çırpıntıları.
Səadət hər səhər
sevdiyinin gözlərində doğulmaqdı.

Sən olmayanda
əllərimi unuduram,
ayaqlarım məndən xəbərsiz
həyətinizdə ayaq izlərini sığallayır.

Adam ürəkdən yox
Çiyinlərdən və dizlərdən sevir
Bütün varlığınla başını qoymağa.
ən çox sevdiyin sözə çevrilər
körpə şıltaqlığıyla dediyi
dəli kəlməsi.
Baxışların qəlbimdə imza yeri.

Daha saatlar da geri çəkilmir
bir saat artıq qalasan.
İndi daha çox anlayırsan
Şekspirin obrazlarını.
Başını çıxarıb pəncərədən
qışqırmaq istəyirsən:
Oxuma torağay, oxuma.

inanma
ağzından çıxan kəlmələrə,-
Qadının dili ağzında yox,
gözlərindədi.

Tellərində maqnit qasırğası,
Barmaqlarım istiqamətini itirmiş
Kompas əqrəbidir indi.

Sənsiz yayın ortasında
dişlərim kilsə zəngi.
İki min il sonra
Sənsizliyin çarmıxında
yerə enən İsayam...

# 1118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #