Bakı Yay Caz Günlərinin ilk konserti keçirildi

Bakı Yay Caz Günlərinin ilk konserti keçirildi
4 iyul 2023
# 10:15

İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb. Ötən gün Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında iki konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan və vokalçı Meltem Ege çıxıblar. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşayiət edib. Bu dəfə orkestr tamaşaçılarının qarşısına fərqli ampluada çıxaraq klassika və cazın tandemini təqdim edib.

Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. Dörd il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.

Bu gün isə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçusu Alfredo Rodriges (Kuba-ABŞ) triosu ilə çıxış edəcək. “Qremmi” mükafatı nominantı, məşhur caz pianoçusu Alfredo Rodriges (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxacaq.

İyulun 5-i və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları təqdim olunacaq.

İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına caz orkestri vuracaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

“Auditorium” zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

# 816 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #