Azyaşlı qızla evlənən, oğlunun qatilini bağışlayan, sağkən qəbrini qazdıran Xalq şairi haqqında

Azyaşlı qızla evlənən, oğlunun qatilini bağışlayan, sağkən qəbrini qazdıran Xalq şairi haqqında
14 sentyabr 2023
# 14:00

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür. Kulis.az bu münasibətlə şairin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Hüseyn Camal oğlu Hüseynzadə 1924-cü il iyunun 15-də Qazax rayonunun Yenigün kəndində anadan olub. 1951-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib.

***

O, şərqşünaslıq fakültəsini fərqlənmə ilə bitirsə də, farsca bilməyib.

Gallery

Tək oğlu Arif avtomobil qəzasında dünyasını dəyişəndən sonra onun həyatı alt-üst olub. Oğlunun ölümünə səbəb olan sürücünü isə bağışlayıb. Oğlu əvvəlcə Bakıda dəfn olunsa da, sonradan Hüseyn Arif onun məzarını Ağstafaya köçürür və oğluna xitabən deyir: "Öləndə sənin ayaq tərəfində yatacam..."

***

Bu hadisədən sonra o, oğlunun adını təxəllüs götürüb.

Xalq artisti Habil Əliyev xatırlayır: Hüseynin oğlu rəhmətə gedəndə yasa getdim, mağarda üz-üzə gəldik, bilmədim, nə deyəm. Adamın bir oğlu vardı, o da dünyasını dəyişib, nə deyəsən, necə təsəlli verəsən? Hüseyn Arif əllərimdən yapışdı və qəhərdən boğula-boğula dedi ki, Habil, indiyəcən sənə qulaq asanda ağlayırdım, bəs indi neyləyəcəm?"

Gallery

Hüseyn Arifin lətifələri insanları güldürür, dərdi özünü ağladırdı. Şair özü bunu yaxşı başa düşürdü. Hətta şeirlərinin birində bu təzadı qələmə də almışdı:

Aləmi güldürən sözüm-söhbətim
Özümü ağladan qəmim var mənim.

***

Şairin qızı Sevinc xanım xatırlayır: Atam gündəlik yazırdı. Dediyinə görə, cəbhədə yazmağa başlamışdı. Döyüşlərin birində bərk yaralanmış və bütün yazdıqlarını itirmişdi... Qardaşım Arif vəfat edəndən sonra gündəlik tutdu. Hər günü belə başlayırdı: “Arif, sənə qurban olum, oğul!" Təəssüf ki, onun gündəlikləri naməlum şəkildə evdən yox oldu. Əldə qalanlarını isə mən evdən köçəndə Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təqdim etmişəm”.

***

Üst qonşularının su xəttində problem olduğundan, otaqlarının biri həmişə damırmış. Bir gün Ağstafadan qohumu gəlir, Hüseyn Arif onu daman otağa aparıb deyir:

- Gəl-gəl, bura çox mənzərəlidir, elə bil Qazaxın “Damcılı bulağ”ıdır.

Gallery

Ömür boyu xalq şeirinə sədaqətli olan, milli-mənəvi dəyərləri yüksək tutan, sazı həddindən artıq çox sevən Hüseyn Arif qatı ateist olub. Sələflərindən fərqli olaraq şeirlərində Allah sözü və dini-irfani kontekst demək olar ki, yoxdur. O, övladlarının da dinə meyllənməsinə imkan verməyib.

Gallery

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Filarmoniyada Hüseyn Ariflə görüş təşkil olunur. Aparıcı Zəlimxan Yaqub imiş. Birinci hissə başlayır, Hüseyn Arif yoxdur... O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu əsəbiləşir. Deyir, daş deşiyində olsa da şairi tapmalısınız. Evinə zəng vururlar. Məlum olur ki, axşam evə getməyib.

Görüşün birinci hissəsini Zəlimxan Yaqub birtəhər yola verir. Fasilədə Hüseyn Arifin evindən zəng gəlir. Həyat yoldaşı imiş. Deyir, Hüseyn Qazaxdadır. Axşam dostlarına qoşulub gedib. İndicə evə zəng vurmuşdu. Dedi, filarmoniyada mənimlə görüş keçirilir, maraqlan gör necə gedir?

***

Çoxu bu faktı da bilmir ki, Hüseyn Arifi gerçək lətifə qəhrəmanına çevirən Rəfiq Zəka Xəndan olub. Onun güclü yumor hissi varmış və Hüseynlə bağlı əhvalatların çoxunu o düz-qoş edirmiş. Rəfiq Zəkanın atası Cəfər Xəndan Hüseyn Arifin müəllimi olub və ailəvi dostluq ediblər.

***

Meydan hərəkatı vaxtı övladlarına ciddi şəkildə tapşırıb: “Cəbhəçilərə qoşulmayın!”

Gallery

Hüseyn Arif gəncliyində Aşıq Mirzənin qızını sevib. Ancaq onlar qovuşmayıblar. Hüseyn əsgərlikdə ikən Bənövşə ərə gedib. Sonra şair 16 yaşlı bir qızla ailə qurub. Qıza söz verib ki, onu oxudacaq. Ancaq bir çox sevgi şeirlərində Aşıq Mirzənin qızına işarə vurub. O, Bənövşəyə "İlk və son məhhəbim" deyə xitab edirmiş.

***

Xalq artisti Zeynəb Xanlarova ilk dəfə onun şeirinə yazılmış “Qonşu qız” mahnısıyla efirə çıxıb. Gallery

Hüseyn Arifin zəngin kitabxanası olub. Orta məktəbi də çox əla oxuyub. Onu yaxşı oxuduğu üçün üçdən beşə, beşdən yeddiyə keçiriblər.

***

Əslində, ədəbiyyat və sənət cameəsində “Qazaxşina” adlandırılan Qazax yerlibazlığı Səməd Vurğundan çox Hüseyn Arifin adı ilə bağlıdır. Hüseyn Arif gileylənirmiş: “Bilmirəm mənə niyə yerlibaz deyirlər. Mən ki, tovuzluları da çap edirəm!”

Gallery

Hüseyn Arif nəşriyyatın kafesində vermişel yeyirmiş. Biri şair, biri yazıçı, biri jurnalist - cavanlar onun başına toplaşırlar. Ancaq gənclərdən biri özünü təqdim etmir.

Hüseyn Arif soruşur:

- Sən nəçisən, a bala?

- Astronom!

Sözün mənasını dəqiq bilməyən Hüseyn müəllim bir də soruşur:

- O nə olan şeydir?

Gənc oğlan:

- Biz göy cisimlərinin tərkibini və xarakterini öyrənirik.

Hüseyn Arif qaşlarını çatır:

- Oraları korlamayın!

***

Yaxşı saz çalmağı, pəsdən oxumağı varmış. Aşıq Mirzəni ustad hesab edib. Deyirmiş, iki ilahi səs var: Bir Aşıq Mirzədə, bir də Zeynəb Xanlarovada...

Gallery

***

Hüseyn Arifin ayağında qanqren əmələ gəlir və o, 1992-ci il sentyabrın 14-də dünyasını dəyişir.
Əvvəlcədən oğlunun ayaq tərəfində qazdırıb hazırlatdığı məzarda dəfn olunur.

Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim.
Səksənə, doxsana, yüzə dözərdim –
Əllidə Arifi itirməsəydim...

Gallery

O, həmişə özünü günahlandırıb. Ovladığı heyvanlar haqqında yazdığı şeirin son misrası belədir: “Bu qan səni tutasıydı, tutdu da”.

# 40244 dəfə oxunub

Müəllifin son yazıları

# # #