Afaq Məsud Meksika səfiri ilə görüşdü

Afaq Məsud Meksika səfiri ilə görüşdü
25 yanvar 2021
# 16:47

Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub.

Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a verilən məlumata görə, görüş zamanı 2021-ci ilin Azərbaycanda elan olunmuş «Nizami Gəncəvi İli» ilə əlaqədar Meksikada və digər Latın Amerikası ölkələrində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirlər sırasında dahi Azərbaycan şairinin ispan dilinə çevrilmiş əsərlərinin ispandilli ölkələrdə nəşri, yaradıcılığının Meksika Xarici İşlər nazirliyinin “Mədəniyyət diplomatiyası” vebsaytı vasitəsi ilə onlayn videokonfranslar formatında müzakirəsinin təşkili məsələləri müzakirə edilib. Səfir Dövlət Tərcümə Mərkəzi ilə Meksika səfirliyinin ötən illər ədəbiyyatlararası mübadilələr istiqamətində əməkdaşlığını məhsuldar hesab etdiyini və bu uğurlu iş birliyinin gələcək illərdə də davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Görüşün sonunda qonağa dünya şöhrətli Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə və nəşr edilmiş “Seçilmiş əsərləri” (ADTM) kitabı təqdim olunub.

# 1490 dəfə oxunub

Müəllifin son yazıları

# # #