Tehranda keçirilən beynəlxalq kitab sərgisində Azərbaycan Respublikası da təmsil olunur.
Kulis.az xəbər verir ki, Tehranın Mosalla sərgi kompleksində keçirilən sərgidə dünyanın 15 ölkəsindən 1700 iştirakçı təmsil olunur. İştirakçılar arasında iri kitab və nəşriyyat evləri, kitab mağazaları, dövlət qurumları da var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də bu sərgidə təmsil olunub.
Azərbaycanın sərgidəki stendində ölkəmizin mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab nümayiş olunur. Həmçinin Qarabağ, Vətən müharibəsi, Nizami Gəncəvi haqqında yeni nəşrlər nümayiş etdirilir.
Sərgidə Azərbaycan guşəsinə rəhbərlik edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, “İrs” nəşriyyatı tərəfindən nəşr edilən kitablar ziyarətçilərin daha çox marağına səbəb olur. Bundan başqa, sərgidə Azərbaycanda fəaliyyət göstərən “Təhsil”, “Aspoliqraf” nəşriyyatlarının çap etdiyi kitablar və digər məhsullar da nümayiş olunur.
Sərgi mayın 21-nə kimi davam edəcək.