Azərbaycan Milli Kitabxanasının 100 illiyi qeyd ediləcək - Sərəncam

Azərbaycan Milli Kitabxanasının 100 illiyi qeyd ediləcək - Sərəncam
24 iyun 2023
# 15:48

Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Kulis.az xəbər verir ki, Sərəncamda deyilir:

“2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir.

Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən Milli Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli‐mənəvi sərvətlərin etibarlı şəkildə qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir”.

Sərəncamla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 811 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #