Atasını güllələdilər, metro faciəsində həlak oldu – Xalq artistinin dəhşətli həyatı

Rafiq Babayev. Xalq artisti

Rafiq Babayev. Xalq artisti

31 mart 2022
# 12:40

Bu gün Xalq artisti, bəstəkar Rafiq Babayevin doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

1. Rafiq Babayev Bakıda xüsusi xidmət orqanı əməkdaşı olan Fərzi Babayevin ailəsində dünyaya gəlib. O, doğulandan bir il sonra atası NKVD orqanları tərəfindən həbs olunaraq güllələnib.

***

2. 1937-ci ildə həyat yoldaşının güllələnməsindən sonra evdəki əşyalar müsadirə edilərkən Şahbəyim xanım böyük çətinliklə də olsa uşaqlar üçün ən qiymətli əşyanı - pianonu qoruyub saxlaya bilir.


3. Ailə üzvlərinin demək olar ki, hamısı musiqi ilə məşğul olduğundan bir müddət sonra Babayevlərin evi musiqi ocağı kimi Bakı gənclərinin diqqətini cəlb edir.

***

4. Rafiq Babayev bəstəkar Fikrət Əliyevin məsləhəti ilə konservatoriyaya daxil olmağa hazırlaşır. Lakin onun riyaziyyata olan marağı Rafiqi seçim qarşısında qoyur. Müəllimi Rauf Atakişiyevin səyləri nəticəsində o, musiqini seçir. Tələbəlik illərindən Rafiq Babayevlə Rauf Atakişiyev arasında möhkəm dostluq başlayır və bu münasibətlər uzun müddət davam edir.

5. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi konservatoriyanı bitirib, musiqi qrupunun rəhbəri kimi Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Üç il, 1960-1962-ci illərdə qrupa rəhbərlik edir. 1962-ci ildə qrup parçalanır və onlar Bakıya cibləri pulla dolu qayıdırlar.

6. Bəstəkarın qızı Fərizə xanım atası haqqında xatirələrini bölüşərkən deyir: “Nənəm evində olan bütün əşyalarını satıb ki, uşaqları acından ölməsin. Sonralar evi dolandıra bilmək üçün tikiş fabrikində üç növbə ilə işləyib. Atam danışırdı ki, “payok”la alınan çörək doğranandan sonra yerdə qalan qırıntıları yemək üçün qardaş və bacılar arasında növbətçilik müəyyən olunubmuş. Hər gün bu qırıntıları ailə üzvlərindən biri ovcuna yığıb yeyirmiş. Yadıma gəlir ki, sonralar da nənəm heç vaxt çörək qırıntılarını atmırdı. Ona görə də atam istəyib ki, anasına maddi kömək etsin. Üç illik qastrolu seçməyinin səbəbi də maddiyyat olub. Nənəm həmişə xatırlayırdı ki, atam qastroldan qayıdanda cibindəki pulları “paçka” ilə çıxarıb göyə səpələyib, anasını qucaqlayıb deyib ki, ana get, evimizə divan, mebel, ürəyin istəyən hər şeyi al”.

7. Birinci Qarabağ müharibəsi başlananda, səfərbərlik elan olunur. Bu zaman musiqiçiləri də müharibəyə aparırlar. Rafiq Babayev isə buna kəskin etiraz edir. Deyir onsuz da müharibə insanları öldürür, heç olmasa musiqiçiləri qorumaq lazımdır. Çünki onlar mədəniyyətin formalaşmasına xidmət edən insanlardılar. Onlar olmasa bu xalqın mədəniyyətini kim təbliğ edəcək. Həmin vaxtı o, vağzala qədər gedib müharibəyə aparılan musiqiçiləri, rəqqasları qatardan düşürdür.

8. Rafiq Babayev çox vətənpərvər adam olub. Ona dəfələrlə Amerikada, Avropada yaşamaq təklif olunsa da, razı olmayıb. Bakıdan kənara çıxmayıb. Hətta ən çətin vaxtlarda, maddi çətinlik çəkdiyi dövrlərdə belə bu kimi təkliflərdən imtina edib.

***

9. 1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakının “20 Yanvar” metro stansiyasında dəhşətli terror aktı törədilir. Bu terror nəticəsində həlak olan 14 nəfər arasında Rafiq Babayev də olur.

10. Qızı Gülarə Babayeva xatırlayır: “Metroda terror baş verməsi xəbəri ildırım sürətilə yayılmışdı. Atam həmin gün səsyazma studiyasına, sonra Mahnı Teatrına getməli idi. Axşamüstü onu Mahnı Teatrından axtarmağa başlamışdılar. Bakıda böyük faciə baş vermişdi, bütün şəhər ayaqda idi, hamı narahat olmuşdu. Ağlımıza gəmirdi ki, atamız da o qatarda ola bilər, amma vaxt keçdikcə narahatlıq pik həddə çatırdı. Bacımın yoldaşı morqları axtarmağa başladı. Bir şey olan kimi bayıra cumurduq. Hər xəbərə hazır idik, bircə buna yox. Səs eşidən kimi hamımız bayıra çıxdıq, mərhum kürəkənimiz həkim idi, atamla çox doğma münasibətləri vardı. Onu görən kimi hər şeyi başa düşdüm. Çiyinləri sallanmışdı, gözlərindən yaş axırdı...”

# 11520 dəfə oxunub

Müəllifin son yazıları

# # #