APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalandı

APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalandı
13 avqust 2026
# 11:00

Azərbaycanın APA Agentliyi ilə Çinin CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Kulis.az xəbər verir ki, tərəflər arasında imzalanmış “Xəbər Xidmətləri haqqında Saziş” iki media qurumunun xəbər, video və digər multimedia məzmunlarının mübadiləsini, media sahəsində qarşılıqlı əlaqələrin qurulmasını, peşəkar təcrübə mübadiləsini, eləcə də gələcək əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur.

CCTV+ Çinin beynəlxalq videoxəbər agentliklərindən biridir və qlobal media məkanında geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Agentlik Çin və dünyanın müxtəlif regionlarında baş verən hadisələrə dair videoxəbərlər, multimedia materialları və digər informasiya məhsullarını beynəlxalq media qurumlarına təqdim edir.

CCTV+ eyni zamanda “Qlobal Cənub Media Tərəfdaşları” mexanizminin iştirakçısıdır. Bu mexanizm müxtəlif ölkələrin media qurumları arasında informasiya və təcrübə mübadiləsinin təşviq edilməsini, media əlaqələrinin inkişaf etdirilməsini və “Qlobal Cənub” ölkələrinin inkişaf gündəliyinin beynəlxalq informasiya məkanında daha geniş işıqlandırılmasını nəzərdə tutur.

İmzalanmış saziş APA ilə CCTV+ arasında birbaşa media əlaqələrinin qurulması və sistemli informasiya mübadiləsinin həyata keçirilməsi üçün əsas yaradır. Razılaşma çərçivəsində tərəflər xəbər və multimedia məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirəcək, media sahəsində əlaqələri inkişaf etdirəcək və əməkdaşlığın yeni istiqamətləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Saziş APA-nın beynəlxalq media əlaqələrinin və informasiya mübadiləsi imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. CCTV+ ilə əməkdaşlıq Azərbaycanla bağlı xəbər və multimedia materiallarının beynəlxalq informasiya məkanında daha geniş yayılması, eyni zamanda, Çin və digər regionlarla bağlı informasiya və videomateriallara çıxış imkanlarının artırılması üçün yeni imkanlar yaradacaq.

APA ilə CCTV+ arasında sazişin imzalanması Azərbaycan və Çin media qurumları arasında birbaşa əlaqələrin inkişafına, informasiya və peşəkar təcrübə mübadiləsinin gücləndirilməsinə, həmçinin iki ölkə arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

2004-cü ildə yaradılan APA İnformasiya Agentliyi APA Media Group-un tərkibində fəaliyyət göstərən aparıcı informasiya agentliyi və qrupun əsas xəbər, məlumat və analitika istehsalı mərkəzidir.
İyirmi ildən artıq fəaliyyəti ərzində APA Azərbaycan media sənayesinin inkişafına mühüm töhfələr verib, peşəkar jurnalistika, rəqəmsal media və operativ informasiya istehsalı sahəsində yeni standartlar formalaşdırıb. Bu gün agentlik yalnız gündəlik xəbər istehsal edən media qurumu deyil, eyni zamanda zəngin kontent arxivi, analitik potensialı və çoxdilli informasiya resursları ilə regionun ən etibarlı media platformalarından biridir.

APA Azərbaycan, Cənubi Qafqaz və yaxın region üzrə real vaxt rejimində xəbərlər, foto, video, analitik materiallar və multimedia kontenti hazırlayır. Agentliyin istehsal etdiyi məlumatlar media qurumları, dövlət təşkilatları, beynəlxalq institutlar, diplomatik nümayəndəliklər, universitetlər, tədqiqat mərkəzləri və özəl sektor tərəfindən etibarlı informasiya mənbəyi kimi istifadə olunur.

Çində yerləşən CCTV+ 2010-cu ilin dekabrında fəaliyyətə başlayan beynəlxalq videoxəbər agentliyidir. Agentlik dünyanın müxtəlif media qurumlarına videoxəbərlər, canlı görüntülər və multimedia materialları təqdim edir. Çin və digər regionlarda baş verən hadisələri işıqlandıran CCTV+ geniş qlobal məzmun yayımı və əməkdaşlıq şəbəkəsinə malikdir. Agentlik, həmçinin “Qlobal Cənub Media Tərəfdaşları” mexanizmi də daxil olmaqla, müxtəlif tərəfdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq media qurumları arasında peşəkar əlaqələrin və informasiya mübadiləsinin inkişafına dəstək verir.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər