Anası sürgündə vəfat edən rəssam

Anası sürgündə vəfat edən rəssam
8 fevral 2024
# 13:30

Bu gün Xalq rəssamı Məmmədağa Hüseynovun doğum günüdür.

Kulis.az Aydın Kazımzadənin onun haqqında yazısını təqdim edir.

Azərbaycan kino tarixinin ən parlaq səhifələri tanınmış kino rəssamı Məmmədağa Hüseynovun adı ilə bağlıdır. Milli kinomuzun Qızıl Fonduna daxil edilmiş “Ögey ana” (E.Rzaquliyevlə birlikdə), “Böyük dayaq”, “Əhməd hardadır?”, “Bizim Cəbiş müəllim”, “Sehrli xalat”, “Nəsimi” (M.Ağabəyovla birlikdə) kimi filmlər M.Hüseynovun eskizləri əsasında çəkilib.

Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olub. Onun babası Hacı Qəni varlı idi. Sovetləşmə zamanı hər şeyi əlindən çıxıb, sonra da yüzlərlə, minlərlə insan kimi onu da Sibirə sürgün ediblər. Məmmədağa müəllim danışırdı ki, 1941-ci ildə müharibə dövründə yüzə yaxın ailəni bir vaqona doldurublar, onlar 40 gün gedib, son məntəqəyə güclə çatıblar. Vətəndən uzaqda ağır günlər başlayıb. Onun anası sürgün həyatının ağırlığına dözməyib və qəriblikdə vəfat edib, atası böyük çətinliklərlə 1943-cü ildə uşaqları geriyə, Bakıya gətirə bilib. Lakin hələ uzun müddət ailə “xalq düşməni” damğası ilə yaşamalı olub və nəhayət, 1956-cı ildə onlara rəsmən bəraət verilib. Bundan sonra M.Hüseynov Ümumittifaq Günahsız Qurbanlar Assosiasiyasının Azərbaycan bölməsinin üzvü olur. Uzun illərdən sonra erməni faşistləri tərəfindən doğma evlərindən didərgin düşənlərin əzablarını müşahidə edərkən Məmmədağa müəllim: “Mən qaçqınlarla bizim taleyimiz arasında oxşarlığı görürəm” – söyləyəcək.

Bakıda Məmmədağa Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, bitirdikdən sonra, kinematoqrafa olan maraq onu Moskvaya, Dövlət Kinematoqrafiya İnstitutunun kino rəssamı fakültəsinə gətirib. İnstitutut divarları arasında o, Boqorodski, Seqal, Şpinel kimi ustadlardan sənətin sirlərini öyrənib, ilk növbədə, dekorasiya sənətinin incəliklərinə yiyələnib və səhnə texnikasına vaqif olub.

1955-ci ildə institutu bitirib Bakıya qayıdan M.Hüseynov, Moskvada təhsil almış ilk azərbaycanlı rəssamlardan biri olur.

Məmmədağa Hüseynovun həyatında yeni, parlaq səhifə açılır və bu da “Azərbaycanfilm” kinostudiyasında kino rəssamı kimi işi ilə bağlı idi. Onun ilk işi Ə.İbrahimovla İ.Qurinin “Bir məhəlləli iki nəfər” (1957) filminin yaradılmasında iştirak olub. M.Hüseynov bu film üçün eskizləri E.Rzaquliyev və K.Nəcəfzadə ilə birlikdə işləyib. Filmdə hadisələr şərq ölkələrindən birində cərəyan edir. Konkret yer göstərilməyib, lakin rəssamların seçdikləri natura, onların eskizləri əsasında hazırlanmış dekorasiya, interyer və digər məqamlar tamaşaçını hadisələrin xaricdə baş verdiyinə inandırır. Sonralar M.Hüseynov özünəməxsus dəsti-xətti olan H.İsmayılov, A.Quliyev, A.İsgəndərov, K.Rüstəmbəyov, H.Seyidbəyli, A.Atakişiyev, R.Şabanov, T.İsmayılov, T.Tağızadə, R.İsmayılov kimi rejissorlarla işləyib.

Məmmədağa Hüseynov rejissor Həbib İsmayılovla kənd mövzusuna həsr olunmuş iki filmdə -“Ögey ana” və “Böyük dayaq” əsərlərində işləyib. Hər ikisində evin quruluşu, əşyaların yerləşməsi qəhrəmanların daxili aləmini açmağa, onlar arasında qarşılıqlı münasibəti işıqlandırmağa kömək etməklə yanaşı, mənəvi-əxlaqi problemlərinin mövcudluğunu vurğulayıb.

1955-ci ildə M.Hüseynov Mehdi Hüseynin “Səhər” romanı üzrə hazırladığı tərtibat eskizləri əsasında diplom işini uğurla müdafiə edərkən, heç ağlına da gəlməzdi ki, bir müddət sonra bu roman əsasında çəkiləcək bədii filmin tərtibatında iştirak edəcək. Quruluşçu rejissor Ağarza Quliyev onu quruluşçu rəssam kimi dəvət edir və gənc rəssam etimadı tam doğruldaraq genişmiqyaslı tarixi-inqilabi kinolentə bədii tərtibat verir, institutda əldə etdiyi biliklər burada onun köməyinə gəlir. Yüksək səviyyədə çəkilmiş neft buruqlarında fəhlələrin üsyanı, Rəhim bəyin evi, Pirəlinin həyəti, neftçıxarma prosesi ötən əsrin əvvəli Bakısının atmosferini yaratmağa imkan verib.

Müharibə mövzusu Məmmədağa Hüseynovun həm kinematoqrafiya, həm də şəxsi həyatında xüsusi yer tutur. Müəllifin ümumittifaq və respublika sərgilərində təqdim edilən rəngkarlıq nümunələrində, həm də bədii filmlərə çəkdiyi eskizlərdə, onun hərbi dövrün obrazını maksimum dəqiqliklə və təbiiliklə əks etdirmək səyi özünü göstərir. Bu baxımdan məşhur “Bizim Cəbiş müəllim” filminə çəkilmiş eskizlər xüsusilə maraq doğurur. Burada kompozisiya elə qurulub ki, tamaşaçı eyni vaxtda obrazların üzündəki kədərlə yanaşı, müharibənin ağırlığını, qorxu və həyəcanı görə və duya bilir. Bitkin kompozisiya rejissora kütləvi səhnəni çəkməkdə böyük köməklik göstərir.

Kino rəssamı əvvəlcədən onun təxəyyülünün ekran həyatını görməyi bacarır və nəticədə eskizlər əsasında hazırlanmış dekorasiya ilə süjet arasında harmoniya yaranır. Məmmədağa Hüseynov məhz bu məqamı kino rəssamının fəaliyyətində əsas meyar hesab edirdi. Bu xüsusiyyət rəssamın yaradıcılığının ana xəttini təşkil edir.

Onun kino rəssamı kimi özəlliyi isə mövzunun tarixi və ya müasir, kənd və ya şəhər mühitindən bəhrələnməsindən asılı olmayaraq əsərin ideyasının kompozisiya həllini dəqiqliklə işləyib, süjet xəttinin inkişafının bütün məqamlarında burada bitkin məkan və insan, musiqi və rəng ahəngini təmin edən bədii tərtibata nail olmaqdır.

Məmmədağa Hüseynov müxtəlif janrlarda qrafika və rəngkarlıq əsərlərinin müəllifidir. O bu barədə deyib: “Başqa kino rəssamları kimi, mən də kinematoqrafla yanaşı, fərdi yaradıcılıqla da məşğulam. Olduğum ölkələrdə kiçik eskizlər çəkib, sonradan emalatxanada onlar əsasında əsərlər çəkirəm. Suriyaya səfərim zamanı silsilə əsərlər yaratdım, Mərakeş və İspaniya səyahətlərimdən sonra da bir çox işləri ərsəyə gətirdim. Bir tərəfdən düşünürsən: ömür keçir, illər çox şeyi əlimdən alır, digər tərəfdən isə ürək yaradıcılıq həvəsi ilə alışır. Daha çox yaratmaq istəyirsən. Digər tərəfdən isə, ötən günlərin hədər getmədiyindən, etdiklərinin həyatında iz buraxdığından təskinlik tapırsan...”

Bu əsl həqiqətdir. Azərbaycanın Xalq rəssamı, görkəmli rəssam Məmmədağa Hüseynov çətin, lakin parlaq ömür və yaradıcılıq yolu keçib, özündən sonra doğma Azərbaycan kinematoqrafında və rəngkarlığında silinməz iz qoyub.

# 653 dəfə oxunub

Müəllifin son yazıları

# # #