“Açar” filmi məşhur beynəlxalq platformalarda

“Açar” filmi məşhur beynəlxalq platformalarda
4 noyabr 2024
# 09:44

Azərbaycanın “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” qısametrajlı bədii filmi dünyanın məşhur internet və kabel televiziyalarında nümayiş olunur.

“OB Film”dən Kulis.az-a verilən məlumata əsasən “Açar” filminin yayım hüquqları “Oscar” və “Emmi” mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-nin “7 Palms Entertainment” distributor şirkətinə məxsusdur. İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribusiyası həyata keçirilərək “Bolt+”, “rlaxx TV”, “VlDAA SA” və “Weyyak TV” onlayn televiziyalarına filmin yayımı ilə əlaqədar lisenziyalar verilib. Hazırda “Amazon”, Future Today”, “Tubi”, “Kino Polska”, “Cineverse”, “DirecTV”, “Google Play”, “Sky”, “YouTube Movies and TV”, “Canal+”, “OTT Studio”, “Stash TV”, “Plex”, “Comcast” və s. qırxa yaxın beynəlxalq platforma ilə isə danışıqlar davam etdirilir.

Qeyd edək ki, premyerası Niderlandda “Oscar”, BAFTA və Avropa Film Mükafatlarına klassifikasiyalı “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalında baş tutan “Açar” filmi İngiltərədə “Oscar” və BAFTA klassifikasiyalı Foyle Film Festivalı, Fransada “Oscar” və BAFTA klassifikasiyalı Clermont-Ferrand Beynəlxalq Qısa Film Festivalı, “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalı, İsveçdə SAMA Beynəlxalq Film Festivalı, Makedoniyada “KineNova Skopje” Beynəlxalq Film Festivalı, Rumınyada “Bucharest ShortCut Cinefest” Beynəlxalq Film Festivalı (“Ən yaxşı aktyor” və “Ən yaxşı ssenari” üzrə nominant seçilib), İtaliyada Figari Beynəlxalq Qısa Film Festivalı, Bolqarıstanda Sofia Menar Film Festivalı, Türkiyədə “Əngəlsiz Filmlər Festivalı” və “İpək Yolu” Beynəlxalq Film Festivalı, Hindistanda Pune Qısa Filmlər Festivalı və Goa Qısa Filmlər Festivalında iştirak edərək ölkəmizi təmsil edib.

Film Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 30 ilə yaxın qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Elşad Ərşadoğlu, operatoru Cavid Oruclu (Delee), rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

# 503 dəfə oxunub

Müəllifin son yazıları

# # #