Yalandan elçi gedən, azərbaycanlı qadını özünə yaraşdırmayan, rus qəbiristanlığında basdırılmaq istəyən yazıçı 

Yalandan elçi gedən, azərbaycanlı qadını özünə yaraşdırmayan, rus qəbiristanlığında basdırılmaq istəyən yazıçı 
22 aprel 2020
# 12:01

Bu gün tanınmış yazıçı-jurnalist Seymur Baycanın doğum gündür. Kulis.az bu münasibətlə Seymuru təbrik edir və onun haqqında maraqlı fakt və əhvalatları diqqətinizə çatdırır.

Seymur Baycanla Aqşin Yenisey restoranda oturub yemək yeyirlər. Aqşin toyuğun döşünü dişinə çəkib deyir:

- Nə yaxşı kənd toyuğudur.

Seymur əsəbiləşir:

- Bütün günü kənddən yazırsan, amma broyler toyuğu ilə kənd toyuğunun fərqini bilmirsən.

Aqşin Seymurun yemək-içməklə arasının yaxşı olmasına işarə edərək deyir:

- Mən sənə çata bilmərəm axı, sən Azərbaycanda “luboy” tülküdən çox toyuq yeyirsən.

Gallery

Seymur Baycan məclislərin birində naxoşlamış dostuna məsləhət verir ki, filan otu qaynat, hər gün iç, keçib gedəcək. Məclisdə iştirak edən jurnalist Şahvələd Çobanoğludan unikal bir cavab gəlir:


- Seymur, xalqa inanmırsan, amma təbabətinə inanırsan.

***

Seymur Baycan oteldə roman yazır. İşi yaxşı getdiyi bir vaxtda birdən duruxur. Ayağa durub var-gəl etməyə, düşünməyə başlayır. Elə bu vaxt qapını açıb içəri girən otel müdiri maraqlanır:

- Nə olub, Seymur bəy? Yaman fikirlisiniz.

- Romanın bir yerində ilişmişəm. Ata ilə oğulu görüşdürməliyəm. Bilmirəm harda görüşdürüm. - Yazıçı məyus-məyus dillənir.

Otel müdiri:

- Əşşi, burda fikirləşməyə nə var, de, gəlsinlər bura - otelə, görüşsünlər də… Yerimiz də ucuzdu…

Gallery

Seymur Baycan romanında yazır: "İntihar etməzdən öncə ədəbiyyat düşməni olan ailəmə bir məktub yazmağa başladım. Yazdım, yazdım və bir də gördüm ki, 12 vərəqlik dəftəri doldurmuşam. Ürəyim dolu idi. Yaşamağı qərara aldım. O dəftərdə yazdıqlarımdan bircə söz yadımda qalıb: məni rus qəbiristanlığında basdırın."

***

Bir yazısında azad seksin olmadığından şikayətlənən Seymur Baycana xanım oxucunun reaksiyası:

"Azad seks var, sadəcə sənə yaxınlıq verən qadın yoxdur".

***

Günlərin birində sevinə-sevinə siqareti buraxdığını Həmid Herisçiyə deyir. Həmid ağa siqaretinə qullab vurub cavab verir:

- Seymur, bu ölkədə siqareti atmağa tələsmə.

Gallery

2002-ci ildə Azərbaycanda ilk dəfə Yenisi Sənət Təzahürləri Mərkəzinin təşəbbüsü ilə “Proza N” internet-müsabiqəsi keçirildi. Münsiflər heyətində Sabir Əhmədli də vardı.

Nəticələr Beynəlxalq Mətbuat Mərkəzində elan olunurdu. Sabir müəllim bir-bir qaliblərin əlini sıxır, tanış olur, kimin hansı əsərin müəllifi olduğunu soruşurdu.

O zaman gənc yazar olan Seymur Baycan təqdimata qalxanda Sabir müəllim onunla da tanış olur, əlini sıxır, “Sənin əsərin hansı idi?” – deyə sual edir. Seymur qıpqırmızı olur. Hekayəsinin adına görə utanır: “Qeyri-ənənəvi cinsi əlaqə”. Yenə də Seymur birtəhər özündə cəsarət toplayıb əsərinin adını deyir və daha da qızarır. Hamının eşidib qımışdığı bu kəlmələri Sabir müəllim eşitmir. “Nə?” – deyib başını Seymura bir az da yaxınlaşdırır. Gənc yazarın üzünün qızartısı daz başına da yayılır və bayaqkı sözləri bir də bərkdən təkrarlayır: “Qeyri-ənənəvi cinsi əlaqə!”

Gallery

Anarla ən çox savaş aparan yazarlardan idi. Hətta bir dəfə belə bir açıqlama vermişdi: "Anarın qanını içərəm". Xalq yazıçısı onu hekayəsinin qəhrəmanına çevirmişdi: Seymur Badımcan adıyla...

***

Yeniyetməliyində onu Emraha oxşadırlarmış. Özü danışırdı ki, çox ümidli vaxtları idi, bir gün ədəbiyyatın bəşəriyyəti xilas edəcəyinə inanırdı. Həyat isə onu başqa mətləblərdən agah elədi.

Gallery

Seymuru yaxından tanıyanlar yaxşı bilir ki, çox tez küsən və kompleksli biridir. Onu adi bir söz özündən çıxarda bilər. Sizə bir nümunə:

Saçını təzə-təzə dibdən kəsdirdiyi vaxtlarmış. Qismət kafedə Seymurun dilxor oturduğunu görüb soruşur:

- Nə olub? Qanın qaradır.

Seymur hirslə telefonu göstərib deyir:

- Görmürsən, dünən gəlib mənimlə tanış olub, bu gün mesaj yazır: “Keçəl necəsən?”

Gallery

Seymur gündəmi öz xeyrinə dəyişməyi bacaran biridir. Həmişə söhbət mövzusu olub. Onun bu xüsusiyyətinə tanınmış yazarlardan biri belə şərh verib: "Aygün Kazımova kimidir, bir gün yaddan çıxsa bağrı çatlayar".

***

Aygün Kazımova demişkən... Müğənni ona verilən evi qarderoba çevirəndə Seymur bir məktub yazmışdı. Məktubda deyilirdi ki, Aygün xanım Namiq Qaraçuxurlunun corablarını, koftasını, ayaqqabısını kasıb yazarlara hədiyyə etsin. O vaxt müğənni buna çox əsəbiləşmişdi.

Gallery

Bir gün Zəlimxan Yaqub gənc yazarları yığıb qonaqlıq verirmiş. Məclisin gur yerində Seymur dözə bilməyib, şairi tənqid eləməyə başlayıb.

- Şairin xarakteri olar, daha məddah olmaz...

Zəlimxan Yaqub halını pozmadan dinləyir, sonra ayağa durub Seymurun başından öpür. O vaxt Seymurun saçlı vaxtları idi. Zəlimxan Yaqub deyir:

- Ay oğul, görürsən, mən durdum, sənin saçından öpdüm. Amma o saçın yeməyimə düşsəydi, iyrənərdim. Dediyim odu ki, hər şeyin öz yeri var. Tənqidi get qəzetdə yaz, burdasa imkan ver, bir tikə zəhərimizi yeyək...

Gallery

Milli mentalitetdən dəm vuran bir xanım sənətçini birini möhkəm tənqid edibmiş. Bir gün həmin xanım təsadüfən redaksiyada Seymuru görür və üstünə atılır. Adamlar araya girir. Xanım Seymuru ürəyi istəyən qədər döyə bilmədiyi üçün söyüşə keçir və gözlənilmədən deyir:

- Sən kişi deyilsən! Geysən!

Seymur təmkinlə cavab verir:

- Xanım, istəsəniz, bir rahat vaxtı görüşək, beyninizdəki şübhəni alt-üst eləmək üçün mənə onca dəqiqə lazımdır.

Və xanım sənətçinin ürəyi gedir.

Gallery

AYB katibi Rəşad Məcid tədbirlərin birində Seymura deyir:

- Bu nədi, yaman sınıxmısan...

Seymur tapança kimi açılır:

- Hər şeyi basıb yeyirsiz, bizə bir şey qalmır, sınıxaram də...

Gallery

Bəxtiyar Vahabzadə ilə bağlı ən kəskin yazıların müəllifi kimi də tanınır. Hətta Bəxtiyar müəllimin qohumları mətbuat vasitəsi ilə onu hədələyiblər də. Salam Qədirzadənin ailəsi isə onu məhkəmə ilə qorxudub. Səbəb Seymurun Salam Qədirzadənin hekayələrindən bəzi hissələri öz mətnlərinin içində verməsidir. Maraqlıdır ki, bu fənd postmodernist yazı stilində pastiş adlanır və plagiat sayılmır. Bu “oğurluğu” Seymur Baycan özü mətbuatda dəfələrlə etiraf edib. Onun düşüncəsinə görə, sovet yazıçıları bəzi təsvirləri yaxşı versə də ümumi mətni yaza bilməyiblər. Ona görə, həmin yaxşı təsvirləri təzədən yazmaq əvəzinə elə ordan götürmək yaxşıdır. Anlayacağınız Salam Qədirzadə Seymurun “yağmasına” məruz qalan ilk və son yazıçı deyil.

Gallery

Bir ara Seymur Baycanın elçi getməsi xəbəri yayılıb. Hətta az keçməmiş elçilikdə dostları Zamin Hacı və Şahvələd Çobanoğlunun da iştirak etdiyi bəlli olub. Amma sən demə bu, bir layihəsi imiş. Cəmiyyətin yazara münasibəti, evsizlik probleminin gəncliyi necə əsir alması ilə bağlı həqiqəti bu müzakirə ilə ortaya çıxarmaq istəyiblər. Və buna da nail olublar.

***

Seymur Baycan həm də 60-cılar ədəbi nəslinin qəti, güzəştsiz əleyhdarıdır.

Gallery

Artıq neçə illərdir ki, Seymur Baycan Tiflisdə yaşayır. Dostları ilə elektron əlaqə qursa da, demək olar ki, heç kimlə görüşmür. Hətta Tiflisə gedib onunla görüşən yaxınlarının da istəklərini geri çevirib. Səbəb? Yəqin ki, yalnız özü bilir dəqiqini.

Seymur Baycanın qalmaqallı fikirləri

“Mən sovet yazıçılarını oğurlamaq üçün oxuyuram”

"Anarın qanını içərəm"

"Azərbaycanlı qadınla evlənməyin"

"Sizi söyürlərsə, təhqir edirlərsə, doğru yoldasınız"

"Azərbaycanda mənə layiq qadın yoxdur".

"Müharibə haqqında həqiqəti yazmaq üçün gərək bir az peysər olasan".

“Borxes mənasız yazıçıdır.”

# 17970 dəfə oxunub

Müəllifin son yazıları

# # #