Vətən müharibəsinə həsr olunan fotosərgi keçiriləcək

Vətən müharibəsinə həsr olunan fotosərgi keçiriləcək
28 aprel 2021
# 17:02

Aprelin 29-da Milli Azərbaycan Tarixi Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərginin açılışı olacaq.

Tarix Muzeyindən APA-ya bildirilib ki, fotosərgi Azərbaycanın 44-günlük Vətən müharibəsinə həsr olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin çərçivəsində hazırlanıb.

Fotosərgidə Elgün Gəncimsoy, Əziz Kərimov, Famil Mahmudbəyli, İlkin Səlifov, Maya Bağırova, Mirnaib Həsənoğlu, Vəli Şükürzadə tərəfindən çəkilmiş 50-dən artıq fotoşəkil nümayiş olunur. Fotoşəkillərin toplanmasında Azərbaycan Fotoqraflar Birliyinin sədri, tanınmış fotoqraf Mirnaib Həsənoğlu muzeyə dəstək olub.

Bir neçə fotoşəkilin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təqdim olunan raket, mərmi və mina qalıqları ilə birlikdə nümayiş etdirilməsi fotosərgini daha da tamamlayır.

Fotosərgi iki hissədən ibarətdir. Birinci hissədə 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan şəhər və kəndlərinə Ermənistan ordusu tərəfindən atılmış raket və mərmilərin törətdikləri fəlakət və dağıntıların nəticələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbi-siyasi rəhbərliyi erməni ifrat millətçilərinin ən sevdiyi silaha - terrora əl atıb. Beləliklə, Ermənistanın terrorizmi dövlət siyasətinin bir ünsürünə çevirdiyi ölkə olduğu bir daha təsdiqlənib. Gəncə, Bərdə, Tərtər, Ağdam və başqa ərazilərdə erməni hərbi cinayətlərini fotolentə köçürən fotoqrafların işləri heç kimi biganə qoymayacaq.

İkinci hissədə işğaldan azad edilmiş torpaqlarda olan, erməni terrorizmini öz gözləri ilə görüb, fotoaparatları ilə tarixə həkk edən Azərbaycan fotoqraflarının əsərlərinin bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları danılmaz tarixi mənbəyə çevirir.

Fotosərginin təşkilində məqsəd respublika ictimaiyyətini və xarici qonaqların diqqətini çəkilmiş fotoşəkillərin tarixi əhəmiyyətinə cəlb etməkdir.

Fotosərgidə təqdim olunan işlər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna daxil edilərək, daimi eksponat kimi qorunacaq.

# 1337 dəfə oxunub

Müəllifin son yazıları

# # #