İyulun 15-də Vətən müharibəsində şəhid olmuş Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi Hikmət Məmmədovun yaşadığı evin önündə barelyefinin açılışı olub.
Kulis.az xəbər verir ki, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən mərasimə şəhidin ailə üzvləri, doğmaları və iş yoldaşları da qatılıb.
Barelyef heykəltəraş Qasım Qasımov tərəfindən hazırlanıb.
1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulan Hikmət Məmmədov orta təhsilini Gəncədə yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbində alıb. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsini bitirib. Sonra həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə Nizami məqbərə kompleksində başlamışdı. Vətən müharibəsi başlayanda o da torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. Oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.
Hikmət Məmmədov ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.