Türkiyəli yazarlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün "Könül yolçuluğu" platforması altında Gəncəyə səfər ediblər.
Onlar Nizami Gəncəvinin Məqbərəsini ziyarət etdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.
APA-nın yerli bürosunun məlumatına görə, qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub. Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Qonaqlara cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib.
Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.