Musiqili Teatrda "İstintaq" olacaq

Musiqili Teatrda "İstintaq" olacaq
17 yanvar 2020
# 16:57

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdi və libretto müəllifi Pərviz Seyidlinin “İstintaq” əsərinin məşqlərinə start verib.

Teatrdan Kulis.az-a verilən xəbərə görə tamaşada xalqımızın vətənpərvər ruhlu aydınları tərəfindən 1906-cı ildə yaradılmış “Difai” təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın represiya illərində çəkdiyi iztirablarından bəhs edilir.

Tamaşada Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, Səmədzadə Xasiyev, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.

Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.

# 2287 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #