Məməsini göstərmək istəyən feministlərin səhvi - Ulucay yazır...

Məməsini göstərmək istəyən feministlərin səhvi - Ulucay yazır...
8 mart 2020
# 13:05



Feminizm Avropa ölkələrindən fərqli olaraq bizdə daha mənasız görsənir. Bizim xanımların apardığı bu "mübarizə" həddindən artıq ibtidai və gülünc formadadır.

Bunun isə çox vacib səbəbləri var.

Birinci səbəb:

Mütaliələrinin, savadlarının çox az olması.

Bunun günahını heç kim təhsilsizlik probleminin üstünə ata bilməz. Çünki Azərbaycanda qız uşaqlarının təhsil almasının qarşısını alan valideynlər demək olar ki yoxdu. Əgər istisna hallar varsa, inanın oğlan uşaqlarına qarşı belə mənfi hallar daha çox olur. Bölgələrdə və şəhərimizdə oğlan uşaqlarının lap kiçik yaşlarından pul qazanmaq üçün müxtəlif işlərdə işlədiyini yəqin özünüz də görürsünüz.

Keçən il bir oğlanın atası icazə vermirdi deyə evdən qaçıb gizlincə universitet imtahanlarına girdiyini unutmusunuz? Həmin oğlan ailəsindən imtina edib təhsili seçdi və qəbul oldu. Belə bir şey edən qız görmüsünüz heç?

Şəxsən mən tələbə olduğum 6 ildə və indi də bölgələrdən, ən ucqar kəndlərdən təhsil üçün Bakıya gələn çox sayda qızlar görmüşəm. Siz də fikir verin, tələbələrin əksəriyyəti qızlardı. Qızının təhsil alması, gözəl peşəyə sahib olması üçün gecə-gündüz işləyən, heç öz təhsili olmasa belə qızının təhsil alması üçün əlindən gələni edən atalar nə qədər çoxdu. Siz guya bunları görmürsünüz? Görürsünüz, çox yaxşı görürsünüz. Saxladığı qoyun-quzunu satıb qızını hazırlaqlara göndərən ataların əziyyətlərini necə belə rahat yerə vura bilirsiniz?

İkinci səbəb:

Bizim xanımlar ölkədə və dünyada baş verən siyasi proseslər haqqında tamam məlumatsızdılar.

Bir insanın öz ölkəsində gedən siyasi proseslərdən uzaqda qalıb, məlumatsız olub sonra hansısa haqq və hüquqlarını tələb etməsi nə qədər ağlabatandır?

Axı Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olmuşdu (1918). Nəinki Şərqdə, sizə deyim ki, bizim qadınlar bu hüququ Amerika (1920), Fransa (1944), Yunanıstan (1952), İsveçrə (1971) və bir çox başqa inkişaf etmiş ölkələrin qadınlarından daha tez aldılar.

İndi mənim sualıma cavab verin!

Bu hüquq onlara 5-10 manata görə seçkilərdə döşlərinin arasında bülleten daşımaq üçünmü verilmişdi? Heç kimin başına silah dayayıb belə şeylərə məcbur etmirlər. Hamı öz ləyaqətini bilərəkdən satır.

Yadıma bir şey düşdü.

Keçən səfər Feysbukda özünü feminist adlandıran bir qız belə status yazmışdı:

"25+ yaşı olan oğlanın evi və maşını yoxdusa, apar tulla"

Ərinmədim, şərh yazıb soruşdum ki, Azərbaycanda 25+ yaşı olan qızların nəyi olur?

Cavab gəlmədi.

Bizim ölkədə feminizmin gülməli və mənasız görünməyinin əsas səbəbi də bax belə şeylərdi. Bizim qadınlar bütün məsələlərdə məsuliyyəti, öhdəlikləri kişilərin üzərinə atıb sonra bərabərhüquqlu olmaq istəyirlər.

"Kişisən, ev al, evlən!"
"Kişisən, arvadını saxla!"
"Kişisən, uşaqlarını saxla!"

Əgər hüquqların bərabər olmasını istəyirsinizsə, öhdəliklər də bərabər olmalıdır və mən bilirəm ki bizim qızlar, xanımlar bu ağırlığın altından qalxa bilməz.

Siz heç özünə ev almaq kimi planı olan və bunu bacaran qızlar görmüsünüz? Heç ağıllarının ucundan da keçmir. Evlənib kiminsə evinə köçəcəklər də. Amma nümunə göstərdiyiniz Avropada belə deyil.

Ailəsinə düz-əməlli şərait qura bilmir deyə intihar edən, intihar etməsə belə xəstəlik tapıb infarktdan ölən kişilər nə qədər çoxdu! Guya bunları görmürsünüz?

Ey məməsini göstərmək istəyən feministlər, bəs bu haqq və hüquq tapdalanması deyil?

Avropa ölkələrində isə kişilərin üzərinə bu qədər məsuliyyət, bu qədər "öhdəlik" yüklənməyib deyə orada feminizm belə ibtidai, belə primitiv və belə gülünc görsənmir.

"Məmələrə azadlıq!" şüarı ilə küçələrə axışanları saymasaq, aralarında bir az normal olanlar deyirlər ki, kişilər bizi öldürməsinlər, döyməsinlər, söyməsinlər.

Eyvallah! Bunlar haqlı və düzgün istəklərdi.

Amma...

Gəlin vəziyyəti sizə belə izah edim. Ölkəmizdə və dünyada öldürülən, bıçaqlanan, döyülən, söyülən, bir sözlə şiddətə məruz qalan insanların statistikasına baxsaq görərik ki, öldürülən, bıçaqlanan, döyülən kişilərin sayı qat-qat çoxdu. .

Cinayəti törədənin kişi, ya qadın olmasının nə fərqi? Cinayətkar elə cinayətkardır da. Cinayət işləmə potensialı olan adama fərq etmir öldürdüyü, bıçaqladığı kişidi, ya qadındı. Sizcə haqsızam?

Ona görə də bu məsələdə ən böyük iş sizin özünüzə düşür.

Doğru seçim edin!

Biri ilə sevgili olanda, ailə həyatı quranda təki kimləsə sevgili olmaq xətrinə sevgili olmayın.

Axı aranızda rəfiqələrinə acıq vermək üçün kimlə gəldi sevgili olanlar da çoxdu.

Axı "evdə qalmaq" qorxusundan elə ilk namizədlə evlənməyə razılaşanlar da çoxdu.

Siz belə edəndə, ortaya bu cür fəsadların çıxması da normaldı.

Ən əsası, cəmiyyətimizdəki bütün oğlanları, kişiləri demək olar ki anaları böyüdüb, tərbiyə edib və siz də ana olacaqsınız. Oğlunuzu qadınlara hörmət edəcək biri kimi böyütməyi də bacarmırsınız? Belə çətindi?

Yəni sözümün canı odur ki, haqq və hüquq bərabərliyi tələb edirsinizsə, gərək konkret olaraq konsepsiyanız olsun. Yox əgər istəyiniz elə siqaret çəkmək, içki içmək, yaxud plakatlarda yazdığınız kimi məmələrinizi göstərməkdirsə, özünüz bilərsiniz.


Vaxtımı dondururam.

# 4813 dəfə oxunub

Müəllifin son yazıları

# # #