“Milli Kitabxana pandemiya dövründə bir dəqiqə belə olsun fəaliyyətini dayandırmayıb, onlayn şəkildə xidmət göstərib. Nəinki Azərbaycan daxilində, onun hüdudlarından kənarda da bizim xidmətlərimizdən istifadə edilib”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib.
O qeyd edib ki, ötən bir il ərzində Milli Kitabxananın 3 milyona yaxın virtual oxucusu olub: “Pandemiya dövründə oxucularımız üçün 40 min yeni resurs yaradılıb. Hətta bəzi kitabların elektron resurslarını hazırlayıb oxuculara göndərmişik. Yəni biz fəaliyyətimizi dayandırmamışıq. Sadəcə kitabxananın daxilində oxuculara xidmət göstərmirik. Yəqin ki, iyun ayının 1-dən başlayaraq bu məhdudiyyət də aradan qalxacaq. Zallarda oxucuların bir yerdə oturması çətinlik törətdiyinə görə hələ ki buna getmirik. Amma düşünürəm ki, yəqin yaxın gələcəkdə buna da imkan yaranacaq”.