Koronovirus pandemiyası ilə bağlı ölkənin bütün teatr-konsert müəssisələri kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da işini karantin qaydalarına uyğun şəkildə quraraq tamaşaçılarına evdə qalmaqla tamaşa izləmək imkanı verir.
Teatrın mətbuat xidmətindən kulis.az verilən məlumata görə teatrın sosial şəbəkə ünvanları, eləcə də Youtube kanalında bir neçə populyar tamaşa yerləşdirilib. Əlavə olaraq “evdə qal” çağırışına qoşulan kuklaçı aktyorlar balaca tamaşaçılarına evdə qalmaq və bununla özünü qorumağın mümkünlüyü barədə çağırışlar edirlər. Uşaqların diqqətini cəlb etmək üçün müxtəlif məşhur kukla obrazları və personajların geyimi, kuklaları və səsləndirmələrində videoçarxlar hazırlayan aktyorlar ölkə miqyaslı çağırışa dəstək olmağa çalışırlar. Daha çox sosial şəbəkə hesablarından canlı yayımlar edən aktyorlar dünya və xalq ədəbiyyatından nümunələr, nağıllar, pyeslər səsləndirir, tamaşalardan səhnəciklər də göstərirlər.
Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da sosial izolyasiya çağırışlarına balaca aktyorların dilindən qoşulur və həvəskar aktyorlar böyüklərə müraciətlər edərək sosial təcridə səsləyirlər. Eləcə də teatrın bir neçə tamaşası “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bu həftədən etibarən “Mədəniyyət” kanalında da nümayiş etdiriləcək.