Azərbaycan Milli Xalça Muzeyi 2019-cu ildə 122 143 nəfər ziyarətçi sayı ilə öz rekordunu yeniləyərək respublikada ən çox ziyarət edilən muzey olub.
Bu barədə APA-ya Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Milli Xalça Muzeyi ölkədə ilk inklüziv muzey kimi fəaliyyətə başlayıb, hər kəs üçün əlçatan məkana çevrilib.
“Belə ki, artıq burada fiziki məhdudiyyətli insanların muzeyə daxil olması, ekspozisiya ilə tanışlıq məsələləri öz həllini tapıb. Muzeyin inklüziv proqramları haqqında bəyanatlar ICOM, NEMO kimi nüfuzlu beynəlxalq muzey təşkilatlarına təqdim olunub. Uğurlu təcrübə xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib, ICOM Kanada, İntercom, NEMO və CAMOC komitələri bunu mühüm xəbər kimi öz saytlarında paylaşıb.
2019-cu il ərzində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətində kolleksiyaların zənginləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Fond əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. O cümlədən, muzey tarixində ilk dəfə olaraq Sotheby’s hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb. Muzeyə Amerika vətəndaşları Dumas Jones və Jay Jones tərəfindən XIX əsrə aid “Qonaqkənd” xalçası hədiyyə olunub. 2019-cu il muzeyin keçirdiyi sərgilər respublikanın mədəni həyatında unudulmaz izlər qoyub. Muzey daxilində on, Rusiya, Çin və Fransada isə üç sərgi keçirilib. Əlbəttə ki, bunların sırasında “Azərbaycan mədəni irsi Luvr Muzeyində” sərgisini xüsusilə qeyd etmək lazımdır. Belə ki, muzeyin tarixində ilk dəfə Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir Azərbaycan xalçası ölkəyə gətirilərək nümayiş olunub”, - deyə muzeyin məlumatında qeyd olunub.