Abdulla Şaiqi repressiyadan xilas edən şagirdi - "Xalq düşməni" Ruhulla Axundov

Abdulla Şaiqi repressiyadan xilas edən şagirdi - "Xalq düşməni" Ruhulla Axundov
29 yanvar 2024
# 17:20

Kulis.az Fidan Əzraqın Ruhulla Axundov haqqında yazısını təqdim edir.

Ruhulla hələ uşaq yaşlarından haqsızlıqlarla üz-üzə gəlib.
Məsələn, bağban dayısının işlədiyi bağın sahibi vəd edib ki, Ruhullanın oxuması üçün məktəbə pul verəcək. Dayısı öldükdən sonra həmin adam vədini unudub. Ruhulla təhsilini yarımçıq qoymağa məcbur olub. Yeniyetmə ikən telefonçu və mətbəədə korrektor işləyib.

Bütün bu illər ərzində əlinə düşən kitabları böyük həvəslə oxuyub, ələlxüsus, Qorkinin əsərləri ona böyük təsir bağışlayıb.

Ruhullanın dostunun atası "Niva" jurnalına və jurnalın əlavəsi - Çexovun əsərlərinə abunə yazılıb, lakin dostu rus dilini bilmirmiş. Ruhulla dostu ilə şərtləşib ki, o, öz kitablarını Ruhullaya oxumağa versin, Ruhulla da kitabları oxuduqca məzmununu azərbaycanca ona izah etsin. O vaxtdan etibarən Ruhullada rus ədəbiyyatına dərin sevgi yaranıb.

1934-cü ildə Səməd Vurğun Ruhulla Axundovun evinə gələrək "Yevgeni Onegin"dən Tatyananın məktubunun tərcüməsini Ruhullaya oxuyub. Ruhulla onu ürəkdən alqışlayıb və bu böyük sənət nümunəsinin Səməd Vurğun tərəfindən Azərbaycan dilinə yaxşı tərcümə olunmağına çox sevinib. Ruhulla Azərbaycanın xalq yaradıcılığının zəngin xəzinəsini diqqətlə öyrənib, xüsusilə, Koroğlu haqqında materiallar toplayıb. O zaman Tacikistanda işləyən Mirzə Davud Hüseynov Ruhullanın bu xalq qəhrəmanı ilə maraqlandığını bildiyi üçün "Koroğlu" dastanının nadir nəşrlərini ona göndərib.

Üzeyir Hacıbəyov "Koroğlu" operasını bitirəndə də, tamaşa hazırlıqları ərəfəsində də dəfələrlə Ruhulla Axundovun evinə gedib və bu işin təfsilatı barədə onunla söhbət edib. Ruhulla operanın məşqlərinə də gedib, opera sənətinin inkişafı uğrunda Üzeyir bəyin bu əsərinin böyük əhəmiyyətini qeyd edib.

Müalicə üçün İtaliyaya gedəndə italyan və fransız dillərini öyrənməyə başlayıb. Plexanovun bütün fəlsəfi əsərlərini, Darvinin "Növlərin mənşəyi" və "Biql gəmisində səyahət" əsərlərini oxuyub. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyərkən ingiliscə sərbəst danışmağı öyrənib. Avropa ölkələrinin arxivindəki şəkillərin, Şərq incəsənəti muzeylərindəki eksponatların surətini çıxarıb.

Ruhulla 1936-cı ildə Leninin əsərlərinin 13-cü cildini redaktə edib qurtarıb. O, güllələnməsindən az əvvəl deyib: "Leninin fəlsəfi əsərinin tərcüməsi qurtarmışdır. İndi rahat ölə bilərəm" .


Bir dəfə Birinci musiqi məktəbində gecə keçirilib. Bu gecədə Ruhulla Axundov da iştirak edib. Qonaqlar üçün məclis düzəldilib. Ruhulla Axundov təəccüblənərək deyib: "Təsəvvür edirsinizmi, biz konfet və pirojnı yeyəcəyik, uşaqlar isə o biri otaqda rəqs edə-edə bizə tamaşa edəcəklər". Ruhulla qapıları taybatay açıb və uşaqları stol ətrafına dəvət edib.

Həyat yoldaşı Frida Şlyomova ilə Nizami küçəsində şərikli evdə yaşayıblar. 1933-cü ildə onlara beşotaqlı mənzil təklif edilib. Həyat yoldaşı mənzilə baxıb və çox razı qalıb: "Çox yaxşı mənzildir. Gəl birlikdə baxaq və oraya köçək. Ora sənin üçün də yaxşı olar, sənə ayrıca iş otağı düzəldərik...”

"Sən baxdınmı? Sənə xoş gəldisə, köç." - Ruhulla cavab verib.

"Necə yəni köç, bəs sən?"

"Mənə burda da xoşdur. Qonşular sənə mane olur? Mənə ayrıca iş otağı lazım deyil..."

Fransanın görkəmli kommunist yazıçısı Anri Barbüs 1927-ci ilin 25 oktyabrında Bakıya gəlib və üç gün Bakıda qalıb. Anri Barbüsü şəhərlə tanış etmək Ruhulla Axundova tapşırılıb.

Sonralar Ruhulla Axundov "İnqilab və mədəniyyət" jurnalının 1928-ci il nömrələrində Anri Barbüsün bir sıra məqalə və hekayələrini dərc etdirib. Anri Barbüs Fransaya qayıtdıqdan sonra da Ruhulla Axundovla əlaqəsini kəsməyib və Bakıda yaranmış yaxınlıq səmimi, işgüzar dostluğa çevrilib.

Mirzə İbrahimov xatirələrində qeyd edib ki, fəhlələr Ruhulla Axundovdan söz düşəndə "kişi adamdır, vicdanlıdır, əsl kommunistdir" deyirdilər və Nəriman Nərimanov, Səmədağa Ağamalıoğlu ilə birlikdə Ruhulla Axundov da onun gənclik idealı olub.

Abdulla Şaiqin Ruhulla Axundovla tanışlığı 1910-11-ci illərdən başlayıb. O illərdə Abdulla Şaiq realni məktəbdə Ruhulla Axundova dərs deyib. Bir dəfə atalar şurasının sədri Mustafa Hacıyev yoxsul tələbələrin xeyrinə toplanılmış pullarını şagirdlər arasında bölmək üçün onların sinfinə gəlib: "Müəllim, ehtiyacı olanları göstərin..."

Abdulla Şaiq fikirləşmədən Ruhullanı göstərib. Onun bu təklifindən narazı qalan Ruhulla ayağa qalxıb:
"Mənim heç nəyə ehtiyacım yoxdur, başqa uşaqlara verin!"

Abdulla Şaiq onun təbiətini, nəfsinin böyüklüyünü bildiyi üçün israr edib. Elə bu vaxt Ruhullanın gözlərinin yaşardığını görüb. Belə bir köməyi Ruhulla öz izzəti-nəfsinə sığışdıra bilməyib. Bu hadisədən sonra onun adını ehtiyaclı şagirdlər siyahısından çıxardıblar.

Abdulla Şaiq: "Ruhulla Axundovun istər siyasi vəzifələrdə, istərsə "İnqilab və mədəniyyət" jurnalının redaktoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəhbəri olduğu zaman apardığı ictimai xidmətləri heç bir həqiqi vətəndaş unuda bilməz..."



Abdulla Şaiq Ruhulla Axundovun tövsiyəsi ilə dahi fars şairi Firdovsinin min illik yubileyi münasibətilə çap olunan "Şahnamə" kitabından "Məzdək" dastanını tərcümə edib. Fars dilini yaxşı bilən Axundov tərcümələri özü yoxlayıb.

Ruhulla Axundovun təşəbbüsü ilə Abdulla Şaiq geniş tərcümeyi-halını və xatirələrini yazıb.

O zaman Ruhulla Axundovun tapşırığı ilə mədəniyyət xadimlərinə yazdırılan belə xatirələr indi xalqımızın tarixini öyrənmək üçün qiymətli mənbələrdəndir.

Ruhulla Axundov 1938-ci ildə güllələnib.

# 1247 dəfə oxunub

Müəllifin son yazıları

# # #