Kulis.az Qardaşxan Əzizxanlının "Qiyamətdən məhşərəcən" şeirini təqdim edir.
Təbriz haqqı, Şuşam canı
görün bir nə etdilər;
Sevgidən də şirin ellər
acı-acı getdilər.
Qiyamətdən məhşərəcən
köksü oyuq-oyuğuq,
“Qarabağ şikəstəsi”nin
şikəst Qarabağıyıq.
Daha harda Odlar yurdum
dönüb yadlar yurduna,
Xainlərin fürsətində
xəyanətlər yurduna?!
Harda əmr minbərindən
min bir də sirr gedirsə,
Arada xalq şəhid olur,
millət əsir gedirsə..,
Mənim tanrım nə gözəllik,
nə sevgidir, qısası,
“İndi artıq bir tanrım var”,
Od gəlinim, qisasın!