Göyərçin öpüşməsi – Hekayə

Göyərçin öpüşməsi – Hekayə
18 mart 2020
# 18:51

Kulis.az Orxan Güləliyevin “Göyərçin öpüşməsi” hekayəsini təqdim edir.

Uşaqlığımın bir dönəmində təxminən 2000-ci illərin əvvəllərində küçəmizdə göyərçin saxlamaq dəbə düşmüşdü. Həmyaşıdlarımın çoxusu bu dəbə qoşulmuşdu. Dəbin haradan yayıldığı necə dəbə mindiyi indi də mənə naməlumdur. Bizdə - qardaşımla mən valideynlərimin zəhləsini tökərək onları göyərçin saxlamağımıza razı saldıq. Göyərçinləri saxlamaq üçün taxtalar topladıq, quş damı tikdik, içində quşlar üçün xanalər düzəltdik. Rayonumuzun məşhur quşbazı Sadıq dayıdan 4 dənə göyərçin aldıq. Sadıq dayının sözlərinə görə, onlar təzə balalardan olan yeni cütləşmiş quşlar idi. Cütləri yanlarında olduğu üçün yeni evlərinə tez öyrəşəcəkdilər. Biz həmin quşları alıb evimizə gətirdik. Onların uçub əvvəlki evlərinə getməməsi üçün şahpərilərini (qanadlarının ən uzun lələkləri) bağladıq. Quşların tezliklə bizim həyətə, tikdiyimiz dama öyrəşməsi üçün əlimizdən gələni edirdik. Bir müddət – təxminin bir ay sonra onların qanadlarını açdıq. Onların ilk dəfə evimizin damına uçub ordan həyətimizə, yuvalarına qayıtmağı bizdə sevinc hissləri yaradırdı.

Sonralar quşların sayını artırdıq. Hamısına görünüş fərqliliklərinə, xüsusiyyətlərinə görə ad qoymuşduq. Tez-tez onları uçurdub uçuşlarına baxır, göydə nə qədər qalmaqlarını hesablayırdıq. Vaxtımızın çoxusunu onlara sərf edirdik. Valideynlərimiz isə təbii ki, bundan narazı idi.

Bir dəfə tayı olmayan dişi quşu cütləşdirmək üçün erkək göyərçin almağa getmişdim. Göyərçin satana mənə necə quş lazım olduğunu söylədim. O, mənə boşda olan bir erkək göyərçinin olduğunu onu isə digər bir quşla cütləşdirmək istədiyini dedi və satmaqdan imtina etdi. Bu quşu almaq üçün mən onu söhbətə tutmağa, qılığına girməyə başladım. O, göyərçini göstərmək üçün məni həyətlərinə dəvət etdi. Alçaq toyuq hininin damı üstündə ən küncdə yanaşı dayanmış sanki əkiz olan kəkilli, boynu qırmızı quşları göstərib dedi.

- Bax onları görürsən elə bil eyni quşdurlar. Nə əcəbsə indi yanaşı dayanıblar. Mən onun bir tayını necə satım?! Bir aya yaxındır onları eyni xanaya salıb cütləşdirməyə çalışıram amma onlar heç cürə cütləşmirlər ki, cütləşmirlər.

- Zorla sevgi olmaz. Nə olsun, bir-birinə çox oxşayırlar. Onlar ki, bunu başa düşmürlər. Yəqin bir-birini sevmirlər.

Göyərçin çox xoşuma gəldi. Bu mənim evdəki dişi kəkilli göyərçinimə də uyğun gəlirdi. Ona görə də qiyməti iki dəfə qaldırdım ki, onu razı salım. Onsuzda cütləşmirlər - deyib razılaşdı. O quşu tutmaq üçün dən götürməyə toyuq hininə girdi. Elə bu anda damın üstündə yanaşı dayanmış həmin quşlar öpüşməyə başladılar. Göyərçinlərin öpüşməyi gözəl olur. Biri dimdiyini o birinin ağzına salıb başlarını aşağı-yuxarı hərəkət etdirirlər. Oğlan hindən çıxana qədər onlar bir-birindən ayrıldılar. Erkək göyərçin məğrur-məğrur başını yuxarı qaldırdı. O xoşbəxt görünürdü. Oğlan dəni yerə tökən kimi evin və toyuq hinin damında olan bütün quşlar bir-birinə qarışıb dənin üstünə cumuşdular. Başları dən yeməyə qarışmış quşların içindən oğlan kəkilli erkək quşu asanlıqla tutdu. Mən onların cütləşməklərini deyib-deməmək arasında tərəddüd keçirdim. Amma göyərçini əlimə alanda onun gözəlliyindən keçə bilmədim. Deyəsən oğlan da qətiyyətsizliyimi hiss elədi.

- Hə nə oldu bəyənmədin?

- Yox çox bəyəndim alıram.

Onun pulunu verib göyərçini evə gətirdim. Onun bala verməyənə qədər bizə öyrəşməyəcəyini, tez-tez uçub əvvəlki sahibinə getməklə məni bezdirəcəyini bildiyimdən onun qanadlarının qısa lələklərini bir metrdən yuxarı qalxa bilməyəcəyi səviyyədə kəsdim. Həyətə digər quşların yanına buraxdım. O yerə düşmək istəməyərək var qüvvəsi ilə qanadlarını şappıldatdı. Lakin qeyri-ixtiyari yerə düşdü. Zəifləmiş qanadları onu cazibə qüvvəsindən uzaqlaşdıra bilmədi. Mən quşlara dən tökdüm o dənə də gəlmədi. Elə hey tullanır qanadlarını bir-birinə çırpır, təzədən yerə düşürdü. Digər quşlara qoşulmur, pərişan halda hara gəldi baş alıb gedirdi. Tezliklə onun yeni məkana alışacağını düşündüm. Onu cütləşdirmək istədiyim quşla eyni xanaya salıb dəmir hörgü ilə xananın ağzını bağladım. Adətən cütləşdirmək üçün bir xanaya salınmış quşlar əvvəlcə savaşır bir-birini didir sonra isə cütləşirlər. Əsas canfəşanlığı isə erkək quş edir. Lakin bunlarda fərqli oldu, onların hərəsi bir küncə qısılıb sakit dayandılar. Onları xanada qoyub işimin dalınca getdim. Amansız zamanın hər şeyi unutduracağını düşündüm. Lakin qayıdanda onları necə tərk etmişdimsə eləcə də dayanmışdılar. Artıq peşman olmuşdum. Növbəti gündə birinci gün kimi davam elədi. Dişi quşun da iztirab çəkdiyi fikri artıq mənə rahatlıq vermirdi. Görəsən bir anın içində yox olan sevgilisi haqqında nə düşünürdü? Onu axtarırdımı? Bu suallar mənə dinclik vermirdi. Yəqin mənim alıb gətirdiyim erkək quşa da dinclik verməyən elə bu suallar idi. Axşama yaxın göyərçini götürüb həmin ünvana yollandım. Evin yanında dayanıb damın üstünə baxdım onun tayı orada idi. Dimdiyi ilə lələklərini yerbəyer edirdi. Quşu evin damına tərəf tolazladım. O damın ortasına düşüb bir müddət çaşqın-çaşqın ətrafına baxdı. Sonra yeriyərək öz sevgilisinin yanına getdi. Quruldaya-quruldaya bir neçə dəfə fırlandı. Onlar öpüşməyə başladılar. Vicdanımın rahatladığını hiss etdim. Qardaşıma isə göyərçini pişiyin apardığını söylədim.

# 11205 dəfə oxunub

Müəllifin son yazıları

# # #