[b]"Fuad Poladovun yanında əsirdim" - MÜSAHİBƏ[/b]

[b]"Fuad Poladovun yanında əsirdim" - MÜSAHİBƏ[/b]
20 fevral 2017
# 16:34

Teatr tamaşaçıları onu Moisey rolu ilə tanıyıblar. Serial həvəskarlarına isə o, "Vicdan Haqqı" serialındakı Fariz obrazı ilə tanışdır. Söhbət gənc aktyor Murad İsmayılovdan gedir.

Murad İsmayılov hesab edir ki, aktyor şans böyük rol oynayır: “Buna əminəm. Hər bir aktyorun bir şansı olmalıdır. İkincisi, yaxşı rejissorla qarşılaşmalıdır. O qədər gözəl aktyorlar var ki. O qədər öz sözünü deməyə çalışan insanlar var ki. Təəssüf ki, şansları gətirmir və qarşısına doğru zamanda doğru rejissor çıxmır. Mənim hələ ki, bəxtim yaxşı gətirir. Çox şanslı insanam. İki rejissor olub həyatımda. Hər ikisi də güclü rejissorlardır. Bəxtimdən hər ikisi aktyor olub. Mənə elə gəlir ki, rejissor düşüncəsini oynayıb sənə göstərəndə aktyora rahat olur.

Həyatımda iki nəfərə hər zaman minnətdar olacağam, biri Ərşad Ələkbərov, digəri Rövşən İsax”.

Murad İsmayılov ADMİU-da Ağaxan Salmanlı, Yaqut Paşayeva, Kəmalə Məmmədovadan dərs alıb. Paralel olaraq Akademik Milli Dram Teatrı nəzdində açılan aktyor kursunda Vidadi Həsənov, Pərviz Məmmədrzayev və Məmməd Səfadan sənətin sirlərini öyrənib. Elə o ərəfədə şans üzünə gülüb: “Həmin ərəfədə o teatrda kiçik uşaq tamaşasında rol aldım. Bəsti Cəfərovanın tamaşası idi, ilk rejissor işi idi. Elə oldu ki, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının rejissoru gəldi, gördü, bəyəndi, məni kastinqə dəvət etdi. Kastinqdən keçdim, sonra da qismət oldu rol oynamaq”.

Murad İsmayılovun iki kumiri var. Biri xalq artisti Fəxrəddin Manafov, digəri isə xalq artisti Fuad Poladovdur. Deyir ki, Fuad Poladovla eyni səhnəni paylaşmaq onun üçün çox böyük şans və uğurdur: “Mənim üçün ömür boyu unutmayacağım bir məktəb oldu Fuad Poladov, eləcə də digər aktyorlarla, peşəkar aktyorlarla ən böyük teatrda oynamaq. Təsəvvür eləməzsiniz ki, mən Fuad Poladovu nə qədər çox istəyirəm. Mənim kumirimdir. Kumirimlə bir səhnədə olmaq mənə qismət olmuşdu. Əsirdim həyəcandan. Fuad Poladovun yanında dayanmaq çətindir”.

Moisey roluna görə Murad Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci ilin ən yaxşı gənc aktyoru seçilib: “Başqa mühitə düşsəydim, başqa kollektivlərdə işləsəydim, bu qədər sevilməzdim. Tanınmaq şərt deyil, mənə elə gəlir ki, sevilmək şərtdir. Mənə elə gəlir ki, məni sevdirirlər. Bu, mənim xoşuma gəlir. Buna görə də şanslıyam. Mən bu işi pula görə görmürəm. Həyatda xoşbəxt olmaq istəyirsənsə, elə bir işlə məşğul olmaq lazımdır ki, o işdə özünü tapasan, kəşf edəsən, tanıyasan. İşimi sevirəm və işimdən zövq alıram”.

Hazırda çəkildiyi “Vicdan Haqqı” serialı reytinqlərdə birincidir. Muradın sözlərinə görə, izləyiciləri qarşıda çox böyük sürprizlər gözləyir.

O ki, qaldı gələcək planlara, Muradın hədəfi həm teatrda, həm də kinematoqrafiyada öz yerini tutmaqdır. Lakin bir arzusu da var ki, onu ilk dəfə APA TV-yə açıqladı. Belə ki, sosial şəbəkələrdəki ifaları ilə diqqət çəkən Murad ifaçılıqda da tanınmaq istəyir: “Müğənni kimi özümü təsdiqləmək, istedadımı göstərmək istəyərəm. Müğənni kimi də sevilmək istəyərəm”.

# 1193 dəfə oxunub

Müəllifin son yazıları

# # #