Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il yanvarın 31-də elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi müsabiqəsinin qalibləri müəyyən olunub.
Kulis.az xəbər verir ki, müsabiqə üçün məhz bu mövzunun seçilməsində əsas məqsəd Vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü tarixə həkk etməkdir.
AKİ-dən verilən məlumata görə, qəbul müddəti 1 may tarixində bitmiş müsabiqəyə 50 ssenari qəbul olunub. Finalçıların adları iyunun 30-da elan edilib. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq, münsiflər heyətinin sədri Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə birinci və ikinci yer üçün qalib ssenari təltif edilməyib, dörd ssenari üçüncü yerin qalibi elan edilib. Qalib ssenariləri əlifba sırası ardıcıllığı ilə təqdim edirik:
“Qısa paslar, uzun peşmanlıqlar” – Hacı Səfərov
“Əsgər çəkmələri” – Leyla Nəsibli
“Köhnə soba” – Asif Qəhrəmanov
“Tarla qızları” – Elxan Xanəlizadə
Qalib ssenarilərin hər biri, üçüncü yer üçün müəyyən edilmiş 1000 AZN məbləğində mükafatlanırlar.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.
aki.az
Ssenari müsabiqəsinin qalibləri elan edildi
1 avqust 2024
11:03
698 dəfə oxunub