Bred Pitin məşhur Formula 1 pilotu Sonnı Heyz obrazını canlandırdığı “F1: The Movie” filmi 27 iyun 2025-ci ildə ekranlara çıxıb.
Kulis.az xəbər verir ki, filmin premyerasından əvvəl tənqidçilərdən yüksək qiymət alan və dünya üzrə 114 milyon dollar gəlir əldə edən ekran işinin rejissoru Cozef Kosinski “People” jurnalına verdiyi müsahibədə Bred Pitlə çəkdikləri ən qorxulu səhnədən danışıb.
Rejissor bildirib ki, çəkilişlərin ən təhlükəli hissəsi Las-Veqasda olub:
“Ən qorxulu məqam şübhəsiz ki, Las-Veqasda idi. Gecə çəkiliş aparırdıq, hava çox soyuq idi və təkərlər sürüşürdü.”
Kosinskinin sözlərinə görə, həmin yol ildə cəmi üç gün açıq olur, buna görə də Pit orada əvvəlcədən məşq edə bilməyib:
“Əgər kiçik bir səhv etsəydi, birbaşa divara çırpılacaqdı. Bu, etdiyimiz ən təhlükəli iş idi.”
Rejissor Bred Pitin peşəkarlığını yüksək qiymətləndirib:
“Bred o səhnəni mükəmməl şəkildə yerinə yetirdi. Çəkiliş günü əsl möcüzə idi.”
Kosinski həmçinin filmdə Piti tərəf müqabili olan Damson İdrisin də maşın sürmə bacarığından danışaraq hər iki aktyorun həm kamera qarşısında, həm də sükan arxasında uğurlu performans göstərdiyini vurğulayıb.
Filmin son çəkiliş günündə emosional anların yaşandığını bildirən rejissor Pitin canlandırdığı obrazla vidalaşmaqda çətinlik çəkdiyini belə təsvir edib:
“Son səhnələrdən birini bir qədər uzun çəkdik. Bred çox kədərlənmişdi. O bu obrazla güclü emosional bağ qurmuşdu.”
Kosinski “F1” filminin davamını düşündüklərini qeyd edib::
“Sonnı Heyzin növbəti macərasını görmək istərdim və düşünürəm ki, tamaşaçılar da bunu arzulayacaq. Ona görə də yaxın vaxtlarda bu barədə danışmağa və hekayənin necə davam edə biləcəyini düşünməyə başlayacağıq.”