Türkiyəli “Robinzon”un filmi çəkildi

Türkiyəli “Robinzon”un filmi çəkildi
19 fevral 2020
# 17:09

Türkiyədə “Robinzon” olaraq tanınan 81 yaşlı Ziya Abayın həyatı ekranlaşdırılıb.

Uzun illər Türkiyənin Əskişəhər şəhərində antikvar əşya satan Ziya Abay 1995-ci ildə həyat yoldaşını avtomobil qəzasında itirib. Dörd uşaq atası olan Z.Abayın övladları təhsil almaq və işləmək üçün ölkənin müxtəlif bölgələrinə köçüblər. O, tək qaldıqdan sonra, 14 il bundan əvvəl ölkənin Elazığ və Tunceli şəhərlərini birləşdirən Keban Baraj gölü hövzəsinin ortasında yerləşən təxminən 80 hektarlıq quraq, yaşayışın olmadığı əraziyə köçüb. Ötən 14 il ərzində özünün inşa etdiyi kiçik bir daxmada yaşayan Z.Abay, burada 3500 ağac əkib. Bu müddət ərzində Türkiyəli “Robinzon” quraqlıq adanı yaşıllıq əraziyə çevirib.

Ziya Abayın həyatı milli və beynəlxalq mükafatlara layiq görülən, Sivas Dövlət Universiteti radio və televiziya bölümünün əməkdaşı Turgay Kural tərəfindən ekranlaşdırılıb. Adada çadır quran T.Kural 15 gün davam edən çəkilişlər zamanı Ziya Abayın həyatını sənədli film şəklinə gətirib. Elektrik enerjisinin olmadığı adada çəkilişlərin aparılması üçün günəş enerji panellərindən istifadə edilib.

“Adam” adlı ekran əsərində həyatını danışan Z.Abay rəhmətlik həyat yoldaşını çox sevdiyini və onun yoxluğu ilə heç bir zaman barışmadığını söyləyib. Adadakı ağacları “övladlarım” adlandıran Z.Abay həyat yoldaşının təbiəti çox sevdiyini və onun xatirəsini əbədiləşdirmək məqsədilə bu yolu seçdiyini bildirib.

# 2007 dəfə oxunub

Müəllifin son yazıları

# # #