Əllərimdən çılğın bir həyat qaçır – Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR

Əllərimdən çılğın bir həyat qaçır – Orxan Bahadırsoydan <span style="color:red;">YENİ ŞEİRLƏR
28 iyun 2017
# 16:16

Kulis.Az gənc şair Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Yoxluğun

Bu bozluq sindromu çökdü artıq gözümə.
Boz döşəmə, boz divar, üstümdə boz tavandı.
Bu toz çəkən pəncərə baxır boz-boz üzümə,
Gəlməyən bir adamı gözləyib havalandım.

Divarı qaşımaqdan barmaqlarım dəlikdi,
Hələ baxıb gülürəm - ağılalmaz maniya...
Yoxluğuna dözmək də yəqin ki, xəstəlikdi,
Bu ruhun xərçəngidi, ya da şizofreniya...

Qalaq-qalaq kötüklər çinlənir külqabıya,
Axı niyə bu evdə hər şeyin rəngi bozdu?
İçki şüşələri də diyirlənir qapıya,
Yoxluğundan bu evin hər yanı kirdi, tozdu!

Çıxıram evdən çölə, azıram yoxluğunda...
İşıq dirəklərindən tuturam, yıxılmayım.
Bu adamayovuşmaz şəhərin soyuğunda,
Gah toza, gah palçığa batıram, yıxılmayım.

İri projektorlar şosenin ortasında,
Hələ maşın səsləri, maşın işıqları var...
Sənsiz gecə kimidi günün günortası da,
Sənsiz heç nə görmürəm, hara gedir bu yollar?

Nə danışır bu yollar? Nə qışqırır bu maşın?
Niyə uçmur o körpü? Niyə sönmür bu işıq?
İndi hər şey əbəsdir, ha dinim, ha danışım!
Səndə mənsiz qalmışıq, məndə sənsiz qalmışıq.

Polis axtarır məni

Polis axtarır məni
cinayətim bir deyil,
iki deyil, üç deyil...
Səksəkəyə düşmüşəm,
təlatüm qulağıma
pıçıldayıb qaç deyir...

Dünən axşam dərdliydim,
məhəllə dükanından
pivə oğurlamışam.
O qədər hirsləndim ki,
səni öz otağımda
öldürdüm dünən axşam.

Sevgi filmlərini
kopyaladım, min tiraj
satdım saxta “sidi”lər.
Bütün unudulanlar,
bütün tərk edilənlər
mənə şərik idilər.

Bölmələrin önündə
üzümü gizlədirəm,
eynək taxıb keçirəm.
Bu gün başqa dükandan
pivə oğurlamışam,
dərdli-dərdli içirəm.

Görsən ki, səsim gəlmir
bil ki, yaxalanmışam,
məni bir polis tutar.
Görsən şeir yazmıram,
məni bölmələrdə gəz,
barmaqlıqlarda axtar.

Üzülmə məndən ötrü

Yastıqdan ürəyimin döyüntü səsi gəlir,
bu yastığın içində elə bil ki, at qaçır...
Gah sinəmə əl çəkib, gah nəbzimi ölçürəm,
görürəm əllərimdən çılğın bir həyat qaçır.

Yarıboş, yarıdolu bir ömürdü mənimki,
Nə bir böyüklük düşüb, nə bir uşaqlıq mənə!
Bu soyuq otağımın təkliyində bizimçün
iki şərab süzmüşəm, deyirəm sağlıq sənə!

Üzülmə məndən ötrü, darıxma məndən ötrü,
bir öpüş istisinə inanıb, aldanarsan!
Dodağımdan savayı elə soyuğam ki, mən,
bax, səni üşüdərəm, üşüdərəm donarsan!

Səndən əvvəl də dedim, dedim ki, gəlməsinlər,
hərə bir gündə gəldi, inanmadı adamlar.
Bilmirəm neçəncisən, bəlkə son da deyilsən,
indi mənim içimdə donanmadı adamlar!

İsitmədi soyuqdan yanan sobalar məni,
ən isti çaylar məni, isti qəhvələr məni...
içkini, siqareti dərmanlara qatmışam,
indi gəzir başımda, yorur qəhbələr məni!

Qayıt bu yarı yoldan, bu gün varam, sabah yox...
Bir gün göydə ayımız bədirlənsə ölərəm.
Əllərini, gözünü çək taleyimdən mənim,
bir gün mənim üzümdən kədərlənsən ölərəm.

Ölən sevgilin ola

İçəsən, başın dönə,
ürəyin də bulana.
Bütün döşəmə-tavan
gözündə yuvarlana.

Elə qapı ağzında
atasan pencəyini.
Bir küncə şalvarını,
bir küncə köynəyini.

Axşamdan səhərəcən
qusasan, ögüyəsən.
Unuda bilmədiyin
adam çıxa içindən.

Birində əli çıxa,
birində da ayağı.
Qusasan bu adamı
elə doğuşsayağı.

Bu doğuş artım deyil,
bu doğuş ölüm ola.
İçində parçalanıb
ölən sevgilin ola.

Bir kəndirdi bu ömür

Bir kəndirdi bu ömür, dartınıram haçandı...
Gah bu kəndir süzüldü, gah əlim haçalandı...
Ayaqlarım dolaşdı, kəndir kəsdi sinəmi!
Tanrım, kəndirin sonu gəlib çıxır sənəmi?

Eləsə yorma məni, tut əlimdən indicə...
Bu əzablı dartınış çox olmadımı, səncə?
Bu sonsuz fəzalarda döndü-dolandı ömrüm...
Ömrü az olanlara baxıb, utandı ömrüm...

Dahi Buxnerin ömrü bu qədər olmayıbsa...
Əgər mənim yaşımda bir it də qalmayıbsa...
Məndən sonra açılan güllər solub gedibsə...
Bir yazlıq yuvasını quşlar da tərk edibsə...

Bir yarpaq da yoxdusa indi mənim yaşımda...
Ən xoş xatirələrim itibsə yaddaşımdan...
Bir kəpənək ömründən çoxdusa indi ömrüm...
Bircə günü mənimdi, daha kimindi ömrüm?

Bir qarışqa da deyil daha mənim yaşıdım...
Məni bağışlasınlar, onlardan çox yaşadım...
Tut əlimdən gəlirəm, Tanrım, buraxma məni!
Sıxdı məngənəsində yer adlı daxma məni!

Məni haçan axtarsan

Məni haçan axtarsan
ən yaxın yerlərə bax.
Axtar bağda, bağçada,
evdə-eşikdə məni...


Çarpayının altında,
yorğan-döşəkdə məni...
Axtar evin damında
küncdə, köşədə məni.

Məni haçan axtarsan
kitab rəflərinə bax.
Bir saralmış vərəqəm,
ya bir sözəm, sətirəm.


Köhnəlmiş kağızlardan
gələn kəsif ətirəm.
Ya şəkil albomunda
mürgüləyir xatirəm.

Məni haçan axtarsan
paltar dolabına bax.
Qatlanmış parçaların
içindəyəm bəlkə də.


Asılqanda paltonun
cibindəyəm bəlkə də.
Heç uzaqda deyiləm,
evindəyəm bəlkə də.

Məni haçan axtarsan
evdə qutulara bax.
Ya bir iynə dəliyi,
ya da bir ip yumağı...


Bilərəm axtarırsan,
çatar mənə sorağın...
Göz yaşın da bacarmaz
məni səndən yumağı...

Parçalanmış nar kimiyəm

Parçalanmış nar kimiyəm,
gilə-gilə səpilmişəm əhatənə.
Topla məni
parça-parça,
tikə-tikə,
dənə-dənə.
Bir sözünlə dağıt yenə...

Bax, beləcə ötüb keçər
bu ömür-gün aram-aram.
Mən səninçün
milyon kərə toplanaram,
milyon kərə dağılaram.

Elə bilmə əzilmişəm,
yox, hələ də qarşındayam,
dayanmışam məğrur-məğrur.
Sükut-sükut addımlayıb
intizarım saçlarında yuva qurur.

Bilirəm ki, bir darıxmaq
alar məni saçlarının arasından
bir qəzəblə çırpar yerə.
Elə çırpar dənələrim
səpələnər bu şəhərə.

Sənsə yenə...
sənsə yenə...
Sənsə yenə...
topla məni
gilə-gilə,
dənə-dənə.

Bax, beləcə,
yığ təzədən yarat məni.
Qorxma, yenə parçalayar
zəhlətökən həyat məni.

# 1496 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #