Suriyada döyüşən azərbaycanlı tələbənin faciəvi sonu – HEKAYƏ

Suriyada döyüşən azərbaycanlı tələbənin faciəvi sonu – <span style="color:red;">HEKAYƏ
4 iyul 2018
# 17:30

Kulis.az Yeqzar Cəfərlinin “Qanlı məktub” hekayəsini təqdim edir.

Əkbərin universitetə qəbul olunma xəbəri kəndi zəlzələ təki silkələdi. Böyükdən-kiçiyə hamı bir nəfər kimi bu özəl günü qeyd etmək istəyirdi. Çoxdandı kəndin küçələri muştuluq havası ilə qaçışan uşaqların ayaq səsini həzin bir nəğməyə çevirmirdi. Atası Mətləb kişi əməlli-başlı toy-bayram edirdi, gülən olmasa ortalığa düşüb tozunu çırpardı.

Kimsə fikirləşər ki, bir nəfərin ali məktəbə daxil olması nə böyük işdir, bir kənd bunu toy-bayram edir. Məsələ burasında idi ki, kənddə oxunmuş adamları barmaqla saymaq olardı. Bu kənddə uşağı universitetə qəbul olunan ata kənddə başını dik tutub şəstlə gəzir, bircə anda kəndin hörmətli adamı olurdu. Hər dəfə bu xəbər əsil toy-büsata çevrilirdi.

Əkbər özü də camaatın gözündə qalxdı, qalxdı, qalxdı. O qədər qalxdı ki, artıq ayaqları yerdən üzüldü. Bunu da deyim ki, kənddə oxumuş adamın az olması həm də kənd camaatının dar düşüncəli olmasına sübut idi. Din barəsində biri iki-üç kəlmə bilən alim adlanırdı, özü də böyük alim. Dəli adlandırdıqları Qənbərqulu belə onları ələ salırdı, “aaalim, aaalim” deyərək məzələnirdi. Bu kənddə “Quran”ı oxuya bilmək ərəb dilini bilməyə bərabər tutulur,

”Yasin”i əzbər bilmək isə Mendeleyev səviyyəsində olmaq deməkdir.

Əkbərə “Quran”ı anası Nahidə xanım öyrətmişdi başına vura-vura. Başına o qədər zərbə dəymişdi ki, balaca əsəbiləşən kimi ağrıları başlayırdı. Aldığı bu mükəmməl təhsildən sonra kənd əhalisi Əkbəri ərəb dilinin gözəl bilicisi kimi tanımağa, ona istinad etməyə başladı. Üstəgəl universitetdə alacağı təhsil və bu təhsilin verəcəyi üstünlük və bonus...

Kənddə ərəbcə bilən təkcə Əkbər deyildi, kəndin 2 manata “Yasin” oxuyan mollalarından tutmuş, yas mərasimlərində adi insanların yanında əyləşməyi özünə ar bilən Hacılarına kimi hamı ərəbcəyə bələd idi, özü də dərindən. Kəndin axundu camaata onların tikəcəyi evlərinin bir mərtəbədən yuxarı olmamasını tövsiyə edirdi. Yəqin ki, o bu qərarı özünün dördmərtəbəli villasında vermişdi.

Əkbər dostlarının yanında da xüsusi hörmət sahibi idi. Hansısa bir hədisin səhih və ya qeyri-səhih olmasını o rahatca ayırd edə bilirdi. Görünür, “Böyük alim” olmaq ona baha başa gəlib, özünü heç cür kənara çəkə bilmirdi, qonşu kəndlərdən belə onun moizəsinə toplaşanlar olurdu. Axund Əkbər üçün məsciddə xüsusi yer hazırlatmışdı. Axund nitqinə başlayandan azca sonra sözü Əkbərə ötürürdü.

Avam kənd camaatı üçün moizənin heç bir əsası yoxdur, əsas olan orada bir-iki dini ad çəkilməsi və bunun ağlamaq üçün yetərli olmasıdır. Əkbərin də camaatı ağlatmaqda xüsusi məharəti var idi. O da Məşədi İbad kimi “Tarixi-Nadir”i yarıya kimi oxuyub, gəl ki, dil-dil ötür...

Yeri gəlmişkən Mətləb kişinin də dindarlığını xüsusi qeyd edək, kişi namazlarını vaxtlı-vaxtında qılır, dinin buyruqlarına dəqiqliklə əməl etməyə çalışır. Oğlunu da uşaqlıqdan bu ruhda tərbiyə etmiş, onun gələcəkdə namuslu, tərbiyəli, alicənab uşaq olacağını hədəfləmişdi.

Son günlər evə gec-gec gəlir, hər dəfə də bir bəhanə ilə günahını yumağa çalışır, üstəlik yavaş-yavaş ona bəslənən ümidlərin üzərini kölgə kimi örtməyə başladı. Onun parlaq gələcəyinə heç bir şübhəsi olmayan atası da yavaş-yavaş inam sözünə “sızlıq” hissəciyini yapışdırmağa hazırlaşırdı. Dəfələrlə Əkbərdən bunun səbəbini soruşdu atası, Əkbərsə dostu Əsədgildə olduğunu, birgə imtahana hazırlaşdıqlarını and-amanla izah etdi.

Mətləb kişinin sevimli kitabı “Quran” günboyu əlindən düşmürdü, kitabı diqqətlə, aramla oxuyur, sonra da xəyala dalaraq oxuduqlarını analiz etməyə çalışırdı.

Əkbər son günlər səssizliyə qapılır, daha çox kitab oxuyurdu. Atası bu prosesdən olduqca narazı görünürdü. Az sonra oğlundan o qədər şübhələndi ki, sonda onun hərəkətlərini hiylə kimi başa düşdü. Əkbərin saqqalı günü-gündən uzanırdı, halbuki öncələr bir o qədər də saqqal uzatmağa meylli deyildi.

Atası o qədər narahat idi ki, oxuduğu “Quran” ayələrə təkrar-təkrar qayıdırdı. Keçən həftəki valideyn iclası da bir tərəfdən qara bulud kimi başının üzərində idi. Müəllimlərin şikayəti, Əkbərin qrup yoldaşı Yasəmənin həyəcan təbili dolusu sözləri...

Və gözlənilən baş verdi. Əkbər yoxa çıxdı. Atası bunu bazardan qayıdanda bildi. “Oğlumu qarşımda otuzdurum bir başa salım, nəsə edim, belə olmaz” deyə-deyə onu səsləsə də onu tapa bilmədi. Yoldaşı Nahidə təlaşla Əkbərin evə gəlmədiyini deyəndən sonra atası daha da çökdü, onsuz da ürək problemindən əziyyət çəkən Mətləb kişi yanındakı kresloya özünü güclə yetirdi. Nahidə xanım üzünə su çiləyərək onu sakitləşdirməyə çalışdı.

Nahidə xanım məsələdən agah olandan sonra hönkür-hönkür ağlamağa başladı. Gecənin düşməsinə rəğmən, hələ də Əkbərdən bir xəbər yox idi. Səhər açılan kimi atası birbaşa universitetə yollansa da faydası olmadı, oğlu onsuz da dərsə getmirdi.

Günlər keçir, hələ də bir xəbər yoxdur. Qrup yoldaşı Əsədin də birdən-birə ortalıqdan itməsi onların birlikdə olmasına işarə idi.

Bir neçə gün sonra qonşu uşağı Səfər “Youtube”də bir video gördüyündən danışdı, həmin video kənddə sürətlə yayıla-yayıla Mətləbə gəldi çatdı. Suriyaya cihada gedən gənclər tərəfindən çəkilmiş qısa rolik idi. Səfər ilk başda Əkbəri tanımadığını dedi, üzü saqqallı olduğu üçün bir qədər baxandan sonra kimliyi məlum oldu Səfərə. Həmin günün səhəri televiziyada da həmin video görüntüləndi. Müxbir həyəcanla həmin videonu şərh edirdi:

- Suriyaya cihada gedən şəxslər arasında artıq azərbaycanlılar da görünməyə başlayır. Sərhədi qanunsuz keçən vətəndaşlarımız orada dəstə halında fəaliyyət göstərir. Bu insanlar heç özləri də kiminlə, nə üçün mübarizə apardıqlarını bilmirlər. Bəzilərinin adlarına da aydınlıq gəlib.

Çəkilən adlar içində Əkbər və Əsədin də adları səsləndi.

Bir neçə aydan sonra birtəhər mərhumların meyiti ölkəyə gətirildi. Mərhumun meyiti darvazadan içəri salınan kimi anası qaçaraq onu qucaqladı, o qədər ağlamışdı ki, meyitin ağ mələfəsi su içində idi...

“Dəli” deyib qovduqları, heç vaxt yaxına buraxmadıqları Qənbərqulu meyitin yanında dayanaraq “Bəqərə” surəsinin 27-ci ayəsini tez-tez təkrarlayırdı: “O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır”.

# 1370 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #