Bu məşhur şeir əri tərəfindən güllələnən qadına yazılıbmış - MƏTN

Bu məşhur şeir əri tərəfindən güllələnən qadına yazılıbmış - <span style="color:red;">MƏTN
24 iyul 2017
# 12:04

Şeirlərindəki gizli mətləbləri anlamadan onu lağa qoyanları “Hərcayı” adlandıran Aşıq Ələsgərin “Gördüm” rədifli məşhur qoşmasının əri tərəfindən güllələnmiş bir qadına həsr olunduğu iddia edilir.

Bu barədə sənət camesində çoxdan bəri söz-söhbət dolaşır. Belə düşünənlər var ki, şeir ötən əsrin əvvəllərindəki erməni-müsəlman savaşının qurbanı olan qadın üçün yazılıb. Başqa bir versiyada qadının əri tərəfindən güllələndiyi və şeirdə təsvir olunan kimi körpə uşağının yanında qaldığı və təsadüfən onlara rast gələn aşığın sarsılaraq belə bir şeir yazdığı söylənir. Bədii ədəbiyyatda isə şeirin sadəcə həqiqi marala yazıldığı qeyd olunub. Hətta ehtimal var ki, Səməd Vurğun özünün məşhur “Ceyran” şeirini bu şeirdən təsirlənərək yazıb.

Ustad Aşıq Əli Quliyev ikinci versiyann həqiqət olduğunu qeyd edir. O, bildirir ki, şəxsən özü Göyçə mahalının Ağkilsə kəndində olub, Aşıq Ələsgərin oğlu və şəyirdi Aşıq Talıbla bu xüsusda söhbət edib. Ustadın oğlu deyib ki, atası bu barədə ona danışıb. Deyib, toydan qayıdırdım, bulaq üstündə gənc bir qadının gülləylə vurulduğunu gördüm.

Sonralar məlum olub ki, onu vuran öz əri imiş.

Belə bir versiya da var ki, guya qadının adı Maral olub. Ancaq Əli Quliyev bu faktı inkar edərək bildirir ki, Aşıq Ələsgər qadının tanınmaması üçün adını yazmayıb, bir çox şeirlərində olduğu kimi məcazlarla danışıb.

Kulis.az həmin şeiri təqdim edir.

Gedirdim güzarım düşdü bulağa,

Ovçu bərəsində maralı gördüm.

Yatır, inildəyir, durub boylanır,

Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu alıb nişana,

Dəlib yaman güllə, boyayıb qana,

Çox incidir, dönür o yan-bu yana,

Kəsilibdi səbri, qərarı gördüm.

Təbib olsam, yaraların bağlaram,

Sinəm üstün düyünlərəm, dağlaram,

Ələsgərəm o səbəbdən ağlaram,

Ananı baladan aralı gördüm.

# 1633 dəfə oxunub

Müəllifin son yazıları

# # #