Sonrakı romanın əvvəli – Şərifin “Arzulardan sonrakı şəhər”i

Sonrakı romanın əvvəli – <span style="color:red;">Şərifin “Arzulardan sonrakı şəhər”i
9 may 2017
# 14:00

Şərif Ağayarın bu yaxınlarda nəşr olunmuş "Arzulardan sonrakı şəhər" romanını dünən axşamçağı işdən sonra həyətdə ağacların altında çay içə-içə oxumağa başladım. Bu gün nahar fasiləsinə gedəndə artıq romanı qatlayıb qoymuşdum bir kənara. Bitirən kimi istədim Şərifə zəng edəm və bir oxucu kimi bu gözəl əsərə görə “var ol” deyəm. Həm də suallarım vardı. Məsələn, folklorşünas kimi bir çox ifadə var idi ki, Şərif Namaz dayının dilindən onları əsərə gətirmişdi. Mənə elə gəldi ki, onların çoxu birbaşa Şərifin tapıntısıdır. Amma xalqın yaşantısına və danışığına atomlarına, neyronlarına qədər bələd olan Şərifdən bu cür ifadələrin danışıq dilinə gətirilməsini gözləmək təəccüblü deyil. Düzdü, Namaz kişinin danışığında bəlli məsəl və atalar sözləri də var idi, amma eşitmədiklərimiz də çox idi. Etiraf edim ki, folklorşünas kimi əsərdə diqqətimi çəkən məsələlərdən biri də məhz Namaz kişi və onun atalar sözləri və məsəlləriydi.

Kitabı heç yarılamamışdım ki, tələsik ayağa qalxıb kitabxanama üz tutdum. Otağımın pəncərəsinin altında oturmuşdum deyə elə bildim ki, otaqdan at kişnərtisi gəlir. Həm də bu atlar “Arzulardan sonrakı şəhər”də ağzı bağlanmış çəhrayı atların səsi idi. Otağa girib kitabların arasında “Haramı”nı və “Gülüstan”ı axtarmağa başladım.

Yanılmamışdım. “Haramı”nın üz qabığındakı uşaq elə Həsənin özü idi. Hələ o atın üstündəki də eynən Amanisin özü idi ki dayanmışdı. Uzaqdan kedr kolları da görünürdü. “Gülüstan”ın üz qabığında isə Həsən Gülsümü sanki arzulardan sonrakı şəhərə uçururdu. Həm də aşağıdakı evlərin arasında çəhrayı bir ev görünürdü ki, məncə, elə Həsənin arzulardan sonrakı şəhərdə yaşayacağı ev də o idi.

Şərif romanda o qədər həssas görünür ki. Baxmayaraq, onun hündür və iri-yarı görünüşündə bunu müşahidə eləmək tanımayan adam üçün çətindir. Lakin Şərifin yanına yaxınlaşırsan, bir çaylıq məsafəsinə qədər gəlirsən, onda görürsən ki, hə, elə həssaslıq bu cür olurmuş. Bəzən həssaslığı elə bu böyüklükdə göstərmək lazımdır. Şərif böyüklükdə. Lap elə fiziki və mənəvi anlamda da qəbul edə bilərsiniz.

Romanda Həsənin noxud boyda səslərdən paraşüt böyüklükdəki səslərə qədər uzanan həyatının elə Arzulardan sonrakı şəhər yox, elə Arzular şəhəri kimi qalmasını anlayıram, lakin Amanisi Misir Allahlarının mistik qorxusuna məhkum edilmiş qulların, Fironun əsgərlərinin, timsahların, oxların, nizələrin, mizraqların ölüm təhlükəsindən qurtarıb Yaşıl vadiyə çatdıran müəllifin İterünün qəhrəman oğlunu əziyyətinin bəhrəsini yaşamadan Amandanın yanına, Xaxas xəndəyinə göndərməsinə üzüldüm. Düzdü, əsəri bütövlükdə simvollarla danışdıran Şərif hər detalla oxucunun da potensialını açmağa kömək edir. Amma deyim ki, bu Xaxas dərəsinə yuvarlanan təkcə Amanis deyildi, həm də Şərifin, Şərifin timsalında müharibənin içindən çıxmış uşaqların arzuları idi. Şərif burda da bir yazar ustalığı nümayiş etdirir. Arzuları o dərəyə, o çökəkliyə yuvarlatsa da, məhvinin möhürünü vurmur. Ümid yeri qoyur. Amanisin çətinliklərdən keçərək qayıtdığı torpaqlarına bir də yenidən gələ bilmə ümidini saxlayır bu mistik gizlilik.

“Arzulardan sonrakı şəhər”i oxuyanda adamın içində böyük bir təəccüb oyadan əsrarəngiz bənzətmələr, tamamilə fərqli dil texnikası, bütövlükdə romanın həm paralel (Həsən-Amanis, ağzı bağlı Çəhrayı atlar, Yaşıl vadi və s) həm də perpendikulyar (Təkallahlılıq və Misirdəki çoxallahlılıq, Gülsüm-Mərmər xanım, əfqanlar-Ədalət kimi könüllülər, Sərdar müəllim-Şamxal müəllim və s) davam edən yazı üslubu bir oxucu kimi mənə çox böyük ləzzət elədi.

Bir də romandakı nənə obrazını, nənənin əllərini xüsusilə qabartmaq istəyirəm. “Nənəmi bütöv bir qlobus kimi təsəvvür eləsək, mənim vətənim onun əlləridir. Şimallı-cənublu iki vətən!” - deyən Həsən (oxu: Şərif) o qlobusu qeyri-adi bənzətmələrlə elə təsvir edir ki, normalda adamı özündən uzaqlaşdırmalı olan nənəyə qəribə bir sevgi özünü göstərir. Bu da Şərifin fərqli bir ustalığıdır.

Çəhrayı atlar. Ağzı bağlı çəhrayı atlar. Romanı bitirəndən sonra xeyli düşündüm. Mənə elə gəlir ki, “Arzulardan sonrakı şəhər” Şərifin nə vaxtsa yazacağı başqa bir romanın əvvəli idi. Şərifin növbəti romanında çəhrayı atların ağzı açılacaq. Və onlar müəllif qarışıq hamımızı Arzulardan sonrakı şəhərə aparacaq.

Bütövlükdə, ciddi bir nəsr və kompleks mətn tənqidçisi olmalıdır ki, Şərifi yaradıcılığı boyu təhlil edib, oradakı “Arzulardan sonrakı şəhər”in yerini müəyyən edə bilsin. Hətta Azərbaycan nəsr müstəvisindəki mövqeyini də.

Sonda isə, Şərifi "Səhra Məsnəvisi"ndən "Gülüstan"a kimi oxuyan bir oxucu kimi onu da demək haqqını özümdə görürəm ki, Şərifin "Arzulardan sonrakı şəhər"i bizi Biləcəridən Nilə qədər aparacaq gücdədir. Mən hələ Sena, Don, Dunay, Elbanı demirəm...

Təki, tərcümə edilsin... Türkiyə türkcəsinə tərcüməni mən öz üzərimə götürürəm. Qaldı, ingilis, fransız, rus, portuqal və Şərq dilləri. Ədəbiyyatımızı fədakarcasına sevən tərcüməçilərin olduğuna inanıram.

Uğurlar, Şərif!

Elxan Yurdoğlu,

4-7 may 2017-ci il

Naxçıvan

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

# # #