Ölən dostunun ailəsinə başsağlığı verməyən yazıçı  YENİ LAYİHƏ

Ölən dostunun ailəsinə başsağlığı verməyən yazıçı  <span style="color:red;">YENİ LAYİHƏ
28 oktyabr 2015
# 15:27

Bu layihədə tanınmışlar həyatlarında iz buraxmış, heç vaxt unuda bilmədikləri xatirələri bölüşəcəklər.

Kulis yazıçı-publisist Xalid Kazımlının xatirəsini təqdim edir.

Bizim də dost itirən vaxtımız deyildi...

Uşaqlıq dostum vardı. Adı Ələddin idi. Şəmsəddin deyirdik. Daha çox isə Şəmşəddin. Qonşumuz deyildi, o, başqa, bir qədər uzaq məhəllədən idi. Heç bir sinifdə də oxumurduq. Paralel siniflərdəydik. Amma çox mehriban idik. Qardaş kimi. Kənddə toy-filan olanda həmişə bir gəzib-dolaşardıq. Məktəbdə də eləcə. Bir-birimizə qarşı futbol oynadığımız da olurdu. O, yaxşı futbol oynayırdı, onda topa qabalıqla girmək xasiyyəti vardı, amma bircə mənim, dostunun qıçını qırmırdı. Biz dostlaşanda on üç yaşımız vardı.

Böyüdük, onuncu sinifdə oxuyanda da dost olduq. Məzun olduqdan sonra da dostluğumuz davam etdi. Hərbi xidmətdən gələndən sonra da. Düzdür, dostlar dairəmiz genişlənmişdi, oturub-durduğumuz adamlar, iş və tələbə yoldaşlarımız çox idi, amma biz Ələddinlə dost-qardaş olaraq qalırdıq.

Sonuncu görüşümüzü xatırlamıram. Axırıncı dəfə nə vaxt görüşdük, nə danışdıq, yadımda deyil. Kəndimizdən didərgin düşəndən sonra, deyəsən, heç vaxt rastlaşmadıq. Tale bizi rast salmadı. Onun toyunda da iştirak edə bilmədim. Heç toyunun nə vaxt olduğundan da xəbərim olmamışdı. Bir də eşitdim ki, Ələddin filankəsin qızını alıb. Vəssalam.

16-17 il öncə bir gün yaxın adamdan Ələddinin harda olduğunu soruşdum, dedi ki, Ələddin rəhmətə gedib. Nədən? Qan xərçəngiymiş. Bir neçə ayın-içində saralıb-solub, dərdinə əlac olmayıb. Mən xəbər tutanda artıq qırxı da çıxmışdı. Sonra bir dəfə yük maşını sürən böyük qardaşını gördüm. O, mənim Ələddinlə bərk dost olduğumu bilirdi, üzrxahlıq etmək istədim, sözlər boğazımda tıxanıb qaldı. Nəsə mızıldandım.

Həmin il rayona yolum düşəndə atamgilin yaşadığı şəhərcikdə Ələddinin atasını uzaqdan gördüm. Öyrəndim ki, Ələddinin ata-anası və övladı da bu şəhərcikdə, bir az aralıda yaşayırlar. Gedib baş çəkmək, gec də olsa başsağlığı vermək istədim, atam qoymadı, dedi ki, indi-indi yaraları qaysaqlayıb, gedib camaatı əbəs yerə ağlatma. Getmədim. Hələ də getməmişəm.

Ən əziz, sevimli dostumu isə gerçəkdən də unuda bilmirəm. Yaşasaydı, indi 50 yaşı olacaqdı və biz dostluğumuzun 37-ci ilini qeyd edəcəkdik.

# 777 dəfə oxunub

Müəllifin son yazıları

# # #