Kitablarımızdan  gələn səslər  - KAMANÇA, PİANO, SAZ

Kitablarımızdan  gələn səslər  - <span style="color:red;">KAMANÇA, PİANO, SAZ
12 fevral 2016
# 12:53

Bəzən hansısa əsəri oxuyanda qulağımıza səslər gəlir. Bu musiqi də ola bilər, başqa bir səs də. Məsələn, Platonovu oxuyanda elə bil skripka dinləyirsən. Kortasarın əsərləri caz səsi verir.

Bəs bizim nəsrdən hansı səslər gəlir? Kulis siyahını təqdim edir.

Cəlil Məmmədquluzadə - kamança

Bu yalnız ona görə deyil ki, “Kamança” adlı pyesi var. Mirzə Cəlilin əsərlərinin içində ağrı var və o ağrının yalnız kamança ilə ifadə etmək olar. Misal üçün, bu yeri diqqətlə oxuyun: Amma elə bu saat Danabaş kəndində üç yerdə matəm qurulubdu. Üçünə də Xudayar bəy özü bais olubdur. Qulağınıza kamança səsi gəldimi? Mirzə Cəlilin mayasında hər zaman gizli bir hüzn var. Özünü büruzə verməyən, amma bəzən İsgəndərin sərxoş gülüşündə üzə çıxan bir hüzn. “Ağlarız oxuduqca gülüşdüklərimiz...” Bütün komizminə rəğmən Mirzə Cəlil Azərbaycan ədəbiyyatının ən hüznlü yazıçısıdır.

Süleyman Sani Axundov – dəf

Onun əsərlərinin ruhunda əzilən, tapdalanan adamların bir etiraz ruhu var. Təsvir etdiyi obrazlar başqa yerlərə, daha xoşbəxt dünyaya çıxmaq istəyir. Bütün bu ağrının, acının içində o adamların əylənməsi, dəf çalıb oynaması da eşidilir. Yəqin bu qənaətim üçün “Qaraca qız” hekayəsinin xüsusi rolu var. Qaraçılar dəf çalıb oynayır axı. Həm də, S.S.Axundovun bu cür hekayələrindən sonra dəf səsində bir hüzn hiss eləməyə başlamışam. Sanki insanın küt iç ağrılarının səsidir.

İsa Hüseynov – orkestr

İsa Hüseynov Azərbaycan nəsrinin ən polifonik yazıçısıdır. Polifonik, yəni çoxsəsli. İsa Hüseynovun doğma və yad adamları var, amma yaxşı və pis adamları yoxdur. Onun nəsrində yaxşıların da arqumentləri var, pislərin də. Ona görə də onun əsərlərindən bir yox, bir neçə səs gəlir. Bu səs orkestri xatırladır. Sultan Əmirlinin faciəsi, Səmədin ağrılarının səsi... Şəppəlinin iniltisi, Tapdığın üsyanı... Teymurləngin əzəmətli səsi və Nəsiminin misralarının gurultusu... O başqa məsələ ki, sazı tez-tez solo ifaya çıxardır...

Sabir Əhmədli – danışıq, ağı

Onun əsərlərini sanki yaşlı, müdrik, qətiyyətli bir adam danışır. Adam səsi gəlir bu mətnlərdən. Dərdli, ağrılı, həm də özünə inanan, qətiyyətli bir adam. “Dünyanın arşını”, “Gedənlərin qayıtmağı”, “Axirət sevdası”... Özü də deyəsən bu adam axirət günü bütün insanların o dünyaya gedəcəyi yolun üstündə, nahamar bir daşın üstündə oturub. Üzü qırışdır, gözlərini qıyıb baş verənləri laqeydliklə seyr edir. Heç nəyə təəccüblənmir. Sanki ikinci dəfə gəlib dünyaya və bu qiyamət də ikinci dəfədir ki, bu cür qurulur. Bu müdrik qocanın söhbətinin fonunda arabir həzin ağlaşma səsi də gəlir. Kimsə müharibədə ölən gənc oğluna ağı deyir deyəsən.

Yusif Səmədoğlu – kontrabas, muğamat

Yusif Səmədoğlu Azərbaycan dilinin bambaşqa bir qatında danışır, bu qatda dastanların da üslubu var, Mirzə Cəlilin kamançasının səsi də... Hətta Qazax dialekti də. Amma bu dildə biz başqa dillərin, başqa coğrafiyaların da qoxusunu alırıq. Bulqakovdan Markesə qədər bir çox böyük yazıçının da. Lakin bu nə odu, nə də bu... Nə Səməddi, nə də Kafka... Bu hardasa Vaqif Mustafazadənin cazıdır... Nə tam cazdı, nə muğam. Bu Vaqifdi... O da Yusif...

Baba Kahadan əsən külək özüylə çox yerlərin səsini gətirir...

Anar – piano

Lirik bir səs... Melodrama... Özlərini tapa bilməyən şəhər insanları... Acılar, ağrılar, ovunmayan tənhalıqlar... Mehrini təsadüfi telefon zənglərinə salmış qadınlar... Yaş paltolar... Ayrılan və qovuşan paltolar... Unudulmuş sevgilər.. Sona qədər yaşanmayan bütün puç hisslər..

Arxa fonda çalınan Şopen deyilmi?.

Əkrəm Əylisli – tar

Tar həm içində hüzn daşıyır, həm də oynaqlıq. Mən Əkrəm Əylislinin əsərlərində tar səsini eşidəndə yadıma düşdü ki, yazıçının “Tarçı” adında bir hekayəsi də var. Onun obrazlarının çoxusu kənddən şəhərə gələn və bu mühitə yad olan adamlardır. Onların taleyində bir hüznlü lad var. Eyni zamanda Əkrəm Əylisli öz obrazlarının sadəlövhlüyünə gülümsəyə bilir.

Vaqif Nəsib – saz

Yaradıcılığa şeirlə başlayıb Vaqif Nəsib. Daha sonra nəsrə keçdi, “Omaroğlunun qayıtması” adlı hekayə yazdı. Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” povestində belə bir yer var: Çingiz xanın qardaşının ölüm xəbərini sazla çatdırırlar. Vaqifin nəsrindəki ağrı-acı sazla dilə gəlir, bir kövrəklik də var burda, eyni zamanda mərdi-mərdanəlik də. Eynən saz havaları kimi Vaqifin hekayələri də gah ağır intonasiya ilə, gah da kövrək notlarla yazılıb.

Kamal Abdulla - müasir qopuz

Kamal Abdulla bir qədim dastan danışır. Lakin o dastan bizim eşitdiyimiz dastan deyil. Bu dastanda bir oyun havası var, oyun ovqatı var. Dastanı oyuna salmaq var. Başqa cürə danışmaq var. Qədim sirləri açıb, yeni tapmacalar düzəlmək var. Bu dastan o dastandı, həm də o dastan deyil, bu başqa dastandı. Kitabi Kamali Qorquddu... Bu, qopuzdu, amma qulağımıza bəzən yunan lirasının səsi gəlir. Bu müasir qopuzdu, amma gerçəkdə mövcud olmayan, səsi sətirlər arasından gələn bir qopuz...

# 1047 dəfə oxunub

Müəllifin son yazıları

# # #