Bildiyini yazmaq ən axmaq şeydir – İşiquronun məsləhətləri

Bildiyini yazmaq ən axmaq şeydir – <span style="color:red;">İşiquronun məsləhətləri
18 aprel 2018
# 14:12

Kulis.az görkəmli yapon yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun müxtəlif illərdə verdiyi müsahibələrdə öz yazı vərdişləriylə bağlı dediklərindən seçmələr təqdim edir.

Bildiyinizi yazmayın

“Bildiyini yaz” sözü həyatımda eşitdiyim ən axmaq şeydir. Bu söz insanları cəfəng avtobioqrafiyalar yazmağa sövq edir. Bu, yazıçıların fantaziyasını, potensialını canlandırmağa mane olur.

Janr sərhədlərini boş verin

Janr sərhədləri saydığım şeylərin əksəriyyəti nəşr sənayesinin son illərdə yaratdığı şeylər ola bilərmi? Bəzi modellərin olduğunu görürəm, hekayələrinizi bu modellərə uyğunlaşdıra bilərsiniz, hətta bu modellər faydalı da ola bilər. Amma oxucular və yazıçılar bu sərhədləri ciddiyə alanda, onları keçsək, qəribə şeylər olacaq deyə düşünəndə, çox diqqətli olmalıyıq xəbərdarlığı edəndə çox əndişələnirəm. Mən bəzi şeylərin aşıldığını görməyi sevirəm. Deyəsən, mənim mövqeyim bazar tələblərindən və sinfi yekəxanalıqdan qaynaqlanan fantaziya polisliyinin əleyhinədir.

Prinsiplərlə yox, duyğularla yazın

Mən hər hansı konkret prinsip axtarışında deyiləm. Romanlarımda da bunu etmirəm. İnsan olmağın bəzi tərəflərini qabartmağı sevirəm. Onu edin, bunu etməyin demək istəmirəm. Ancaq hiss etdiklərimi deyirəm. Mənim üçün romanda duyğular çox önəmlidir.

Fikir dağınıqlığını azaltmaq üçün “Çarpışın”

Xeyli insan uzun saatlar boyunca işləmək məcburiyyətindədir. Amma iş roman yazmağa gələndə 4 saatdan sonra məhsuldarlığın azaldığıyla bağlı ortaq bir qənaət var. Mən də bu fikirdəydim, amma 1987-ci ilin yazında daha effektiv bir yanaşmaya ehtiyac olduğunu hiss etdim. Həyat yoldaşım Lorna da fikrimi dəstəklədi. İkimiz bir plan tutduq. Mən dörd həftə içində qəddarcasına gündəliyimi təmizlədim və “Çarpışma” adlandırdığım gizli bir metodla işə davam etmək qərarına gəldim. “Çarpışma” boyunca işim ancaq Bazarertəsindən Şənbə gününə qədər səhər 9-dan axşam saat 10-un yarısına qədər yazmaq idi. Bir saat nahar fasiləsi, 2 saat da axşam yeməyi üçün fasilə verirdim. Amma nə e-mail ünvanıma baxmağa, nə də telefona yaxın getməyə icazəm vardı. Evə də heç kim gəlmirdi. Lorna da öz gərgin iş rejiminin içində ev işlərində mənim boynuma düşən işləri də öz üzərinə götürdü. Bu planla həm işimi kəmiyyət baxımından həll edəcəkdim, həm də bədii dünyanın əsl dünyadan daha real olacağı bir zehni vəziyyətə keçəcəkdim. “O günlərdən qalanlar” romanını bu cür yazmışam. “Çarpışma” boyunca üslub məsələlərinə, ya da səhər yazdıqlarımın günorta yazdıqlarımla ziddiyyət təşkil etməsinə ilişmədən sərbəstcə yazdım. Prioritetim fikirlərin üzə çıxması və inkişafıydı. Bərbad cümlələr, dəhşətli dialoqlar, heç yerə çıxmayan səhnələr… Bunların hamısının qalmağına icazə verdim.

Şüurlu seçimləriniz olsun

Bir çox yazıçının şüurlu şəkildə düşünüb qərar verdiyi konkret düşüncələr var. Digər məsələlərlə bağlı spontan da ola bilirlər. Mənim üçün şüurlu seçimlər təhkiyəçi və hekayənin baş tutduğu məkanla bağlıdır. Hekayənin baş verdiyi yeri çox diqqətlə müəyyənləşdirməlisiniz, çünki bütün tarixi və hissi proyeksiyalar həmin məkanla yaranır. Amma spontanlığı da geniş yer verirəm.

Tərcümə: Qismət/sim-sim.az/

# 1281 dəfə oxunub

Müəllifin son yazıları

# # #