Pıçıltı... Öpüş... Xorultu... – Amildən yeni şeirlər

Pıçıltı... Öpüş... Xorultu... – <span style="color:red;">Amildən yeni şeirlər
18 dekabr 2017
# 16:11

Kulis.az Amil Məmiyevin yeni şeirlərini təqdim edir.

Əllərini və qollarını müharibədə təzəcə itirmiş,

heç kimi dindirməyən, hamıdan qaçan adam,

ancaq futbola baxarkən təskinlik tapırdı.

Axı meydanda əllə oynamaq qadağan idi?!

***

Heyvanı vuranda qəddarlıq,
soyub dərisinə vurduqda
musiqi yaranacaqdı.

***

Pıçıltı deyildi, öpüş deyildi.

İndi bu dəfə

kimsə xoruldayırdı

qulağının dibində.

***

Müharibədə bir ayağı

minaya düşən əsgər
illər sonra evə dönəcəkdi
və hönkürüb deyəcəkdi.
"Ayağım düşmədi".

***

Qurusa gözümün yaşı bir gün,

görən necə ağlayaram göz yaşım üçün?

***

Saçlarımı darayıb

paltarda yatıram gecələr.
Deyirəm işdi birdən

yuxuma gələrsən,

ayıb olar.

***

Hardasa bir ev yanır,

yanğınsöndürənlər tələsir.

Hardasa bir qız ağlayır,

göz yaşları gecikir.

Təxliyə olunur evdəkilər,

təkliyə öyrəşir qız.

Külə dönür, dağılır ev.

Gülə dönür, darıxır qız.

***

Bir az yaxşı fikirləş gör özünü hara qoymusan?

Bəlkə itirmisən? Ya yadından çıxıb özün?

Hansı yolla gəlmişdinsə, o yolla da qayıt.

Bəlkə, o zaman özünü tapdın.

***

Bilmək olmur...

Yarpaq olmayan yerdə payızı

Qar olmayan yerdə qışı

Çiçək olmayan yerdə yazı

Dəniz olmayan yerdə yayı bilmək olmur.

Necə ki, sən olmayan yerdə

məni bilmək olmur...

***

Qabarıb üstünə geri çəkilməyim,
Billah mənlik deyil, günahım yox.
Sönməyən cazibən nə qədər ki var,
Bil ki, mən dəniz olacam, sən ay.

***

Key, fəaliyyətsiz adamlar

daima özlərini başqalarından böyük hiss edərlər .

Necə ki ayaqlarımız, əllərimiz də

hərəkətsiz qalıb keyiyəndə

onları başqa orqanlara nisbətən

böyük hiss edirik.

# 1019 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #