Atadan oğula gözəl bir şeir - Bazar Oxusu

Atadan oğula gözəl bir şeir - <span style="color:red;">Bazar Oxusu
5 may 2019
# 12:30

Kulis.az “Bazar oxusu” layihəsindən Ağa Laçınlının oğlu Fəxri Uğurluya yazdığı şeiri təqdim edir.

Oğul, mən müqəddəs bildim atamı,

Həmişə atana sən hörmət elə.

Bəlkə heç qalmadım ağlın kəsənə,

Dözüb ağrılara dəyanət elə.

Günəş ol – bəşəri isitmək üçün,

Şahin ol – zirvədə dövr etmək üçün.

Ellərin adını yüksəltmək üçün

Böyük işdən yapış, mənzil qət elə.

Düşmən toxmağıdır oğul, ay oğlum,

A mənim qanadım, a mənim qolum!

Səhvimi öyrənmə, qurbanın olum,

Yaxşı adətimə sən adət elə.

Mən özüm hamıya ağ gün dilədim,

Soruşma, bəs kimi xoşbəxt elədim?

Mən ancaq ümidlə baş girələdim,

Bacar, ümidləri həqiqət elə...

Oğlum, bir Vətən var, bir də ki, məslək,

Vətənin borcunu verəsən gərək...

İşığın parlamaz yanmasa ürək,

Məsləkin naminə cəsarət elə.

Ağayam, atanam, gəl tut yerimi,

Görsün nəsillərim diləklərimi...

Sən allah, mən sənə dediklərimi

Sən də övladına nəsihət elə.

# 21101 dəfə oxunub

Müəllifin son yazıları

# # #