Qurban kəsir Xəlilüllah eşqinə, fağır-füğur gəzir allah eşqinə

Qurban kəsir Xəlilüllah eşqinə, fağır-füğur gəzir allah eşqinə
4 oktyabr 2014
# 08:00

Kulis.az Mirzə Ələkbər Sabirin “Qurban olacaq” şeirini təqdim edir.

Bayram olacaq, şövkətlilər, şanlılar,
Dövlətlilər, pullular, milyanlılar,
Tirboyunlar, şişqarınlar, canlılar
Qurban kəsir Xəlilüllah eşqinə,
Fağır-füğur gəzir allah eşqinə.

İki qonşu bir-birinin milləti,
Hər ikisi bir peyğəmbər ümməti,
Biri kəsir qurban, bişirir əti,
Bayram edir Xəlilüllah eşqinə,
O biri də baxır allah eşqinə.

Bu qonşunun oğlu geyir, sallanır,
Qalstuku taxır, qıraxmallanır,
Atası da ona baxır hallanır,
Fəxr eləyir Xəlilüllah eşqinə,
Əl cibə salmayır allah eşqinə.

Görürsənmi bizim Hacı Pirini,
Paylamayır ətin ondan birini,
Qonşu sorur barmağının kirini,
Hacı yeyir Xəlilüllah eşqinə,
Yatır, şişir, köpür allah eşqinə.

Dedim, hacı, gözlə işin birisin,
Diqqət elə irəlisin, gerisin,
Ver məktəbə qoyunların dərisin,
Elm oxunsun Xəlilüllah eşqinə,
Çocuqları şad et allah eşqinə.

Dedi, bizdə dəri vermək sınağı
Yoxdur, versəm ollam arvad qınağı,
Basdırırıq onda xəmir çanağı,
Bərəkətdir, Xəlilüllah eşqinə,
Saxlayırıq evdə allah eşqinə.

# 3941 dəfə oxunub

Müəllifin son yazıları

# # #