Gülnar Fərruxqızı: “Xatirə” – Hekayə

Gülnar Fərruxqızı: “Xatirə” – Hekayə
29 mart 2019
# 18:42

Kulis.az Gülnar Fərruxqızının “Xatirə” hekayəsini təqdim edir.

- Ata, tələs!

- Gəlirəm!

- Gəl də! Gecikirik axı! Bizi gözləyir!

- Gəlirəm də, a bala! Bir imkan ver də!

Atam qaçaraq düşdü evimizin içində yerləşən yuxarı mərtəbəyə qalxan pilləkənlərdən.

- Gəldim, gəldim! Gözlə, bircə dəqiqə, ayaqqabılarımı geyinim.

- Ana, biz gedirik!

- Yaxşı yol! Məndən salam deyərsən!

- Yaxşı, baş üstə.

- Gəl di gedək! Mən hazır.

Atam qara rəngli, parlaq ayaqqabısını geyinib dikəldi, qapını açdı və cəld evdən çıxdı. Mən də ardınca çıxdım. Tələsik maşına mindik, kəmərlərimizi taxdıq və atam maşını işə saldı.

- Hava limanının girişində görüşəcəksiniz?

Atam bir tərəfdən sükanı idarə edir, digər tərəfdən də mənim həyəcandan titrəyən əllərimi görüb başımı qatmağa çalışırdı. Haqlıydı, çox həyəcanlı idim, ya da qorxurdum. Bu ki əlvida idi. Uzun müddətli ayrılıqdan sonrakı ilk görüş deyildi ki?! Bu, sadəcə bir ayrılıq idi, müddətsiz bir ayrılıq, sonu olmayan bir ayrılıq, ucsuz–bucaqsız bir ayrılıq…

- Qızım…

Atamın mülayim səsi məni fikirlərimin caynağından xilas etdi. Özümdən asılı olmadan bərkdən dilləndim:

- Ata, tez sür də!

- Ay uşaq! Tıxacdı! Hara sürüm?! Uçum bəyəm?!

- Sən bas siqnala getsinlər də! Yoxsa axşama kimi burda durarıq.

- Durmazsan, qorxma! İndi açılar, biz də gedərik, bir az hövsələn olsun.

Atam mənim təşvişli baxışlarım qarşısında daha yumşaq cavab vermişdi bu dəfə.

- Görən onlar çatıblar?

Atam çiynini çəkdi. Mənsə birdən çatmaram deyə qorxudan yerindən çıxacaqmış kimi döyünən ürəyimin döyüntülərini içimdə saymağa başladım. Bir, iki, üç, dörd… Dayanmırdı, getdikcə daha çox həyəcanlanırdım. Birdən onu görə bilməsəm, çıxıb getsə və bir daha geri dönməsə. Doğrudur, o, hər dəfə deyirdi ki, gələcəm mütləq. Ancaq sözdü də. Hamı eyni sözü deyir, ancaq gedən bir də əsla geri qayıtmır ki…

- Zəng vur istəyirsən.

Atamın qəfildən dediyi bu cümlə mənim dik atılmağıma səbəb oldu.

- Zəng?!

- Hə də. Gör hardadılar. Bəlkə heç özləri çatmayıb?

- Yox, çatmış olarlar çoxdan.

- Sən yenə də zəng vur, ürəyin rahat olsun bir az. Yoxsa başımı işə salacaqsan

Axırı yolda tələsdirə–tələsdirə.

- Yaxşı, – deyib telefonu əlimə alıb zəng etdim. Cavab verən olmadı.

- Nə oldu?

- Cavab vermir, açmır.

- Yəqin eşitmir.

- Hə, ola bilər.

Bir saat sonra hava limanına çatdıq.

- Demişdim də sənə, gecikdik artıq!

- Çatdıq da! Di rahatlaş! Düş görək!

Maşından düşüb qaçdım, qaçdım, sürətlə qaçdım. O qədər sürətliydim ki, qabağıma çıxan insanları az qala əzəcəkdim. Atamı belə arxada qoymuşdum. Sırf ona çatmaq üçün. Amma o, yox idi. Dəli kimi onu axtarmağa başladım.

- Ata, yoxdular burda, gediblər!

Qəfildən qışqırdım, adamlar çevrilib mənə baxdı. Bir an düşündüm ki, yəqin dəlixanadan qaçan bir dəliyə oxşatdılar məni. Ancaq bu saat onların düşüncələri mənə maraqlı deyildi. Mən uşaqlığım tək xatirəsini axtarmaqla məşğuldum. Hərçənd onu tapa bilmirdim. Təngənəfəs qalmışdım. Ayaqlarım qaçmaqdan o qədər ağrıyırdı ki, artıq dözə bilmirdim. Nəhayət tab gətirməyib yerə çöməldim. Ağlamaq tutmuşdu məni. O, getmişdi və mən bəlkə də onu son dəfə görmək şansımı əldən vermişdim. Atam isə güclə gəlirdi uzaqdan, yavaş addımlarla. Hiss olunurdu ki, o da çox yorulub. Mənə yaxınlaşdı, heç nə demədən mənə baxırdı.

- Deməli gəlmisən!

Bu səs mənə çox tanış gəldi. Bu ki onun səsiydi. Başımı qaldıranda kiminsə qaçaraq mənə sarı gəldiyini gördüm. Hə, budur gəlir mənə doğru.

- Gəldin demək! Axır ki!

- Heç nə demədən onu bərk-bərk qucaqladım. Uzun boyuna o qədər sıx sarılmışdım ki, az qala boğacaqdım qızı.

- Dayan, ay qız, boğdun məni!

- Elə bildim getmisən, – aralandım ondan.

- Hə, əslində gedirdim, sonra sənin qışqırtını eşitdim. Atamgil hələ ordadılar, məni gözləyirlər, səninlə vidalaşım, gedəcəm indi.

- Hə, gedirsən, – üzümə yenidən kədər hissi çökdü.

- Ay qız, narahat olma, gələcəm də səni ziyarətə.

- Nə vaxt?

- Vaxt olan kimi. Rahat ol sən.

- Xatirə, gəl də! Tez ol! – Xatirənin atası ona səsləndi.

- Gedim ta mən. Hələlik, özünə yaxşı bax!

- Anam sənə salam dedi, – sanki ayrılmamaq üçün araya söz salmaq istəyirdim.

- Göndərən sağ olsun, – gülümsədi.

- Onu dartıb təzədən qucaqladım. Xatirə də məni qucaqladı, sonra tələsik

aralaşdı.

- Məni unutma, Xatirə, yaxşımı?

- Baş üstə, – atama baxdı. – Dayı, sağ olun!

- Yaxşı yol, qızım!

Sonra qaçaraq yanımızdan uzaqlaşdı.

- Gəl ha! Tez gəl! – deyə qışqırsam da artıq gözdən itmişdi, yəqin heç məni eşitməmişdi belə. Mənsə onun getdiyi yollara gözlərimi zilləməyə davam etdim.

- Getdilər, qızım.

- Hə, ata, getdilər.

- Gəl biz də gedək.

- Dayan, ata! – şüşəyə yaxınlaşdım. – Qoy təyyarə uçsun sonra.

- Uçmağını niyə gözləyirsən axı? Nəyinə lazımdı? Getdilər də.

- Ata, nə olar? İkicə dəqiqə səbr elə.

Atam susdu. Gördüm onların təyyarəyə mindiyi anı və təyyarənin yavaşca getdiyini. Sonra qalxdı səmaya, uçdu, uçduqca təyyarə kiçilirdi və nəhayət tamamilə qeybə çıxdı. Xatirəmi də apardı. Xatirəmlə birlikdə bütün xatirələrim də uçdu o an.

- Bax uçdu, gəl gedək!

Başımı aşağı saldım və dinməz atamın ardınca getdim. O vaxt hələ 15 yaşım vardı. Uşaqlığımın hər gününü birlikdə keçirdiyim yeganə rəfiqəm, daha doğrusu dostum Xatirəni sonsuzadək yola saldım o gün. İndi isə bir 15 il də keçdi bu vidalaşmanın üstündən. Onu yad etmək üçün hərdən hava limanına gəlirəm. Guya bu saat hansısa təyyarədən düşəcək “Mən gəldim” deyəcək. Ümidlənirəm özüm üçün. Çünki demişdi ki, gələcəm, amma gəlmədi. Nə gəldi, nə də bir zəng etdi. Xatirələrimdə qaldı o Xatirəm...

# 2278 dəfə oxunub

Müəllifin son yazıları

# # #