Silahlı üsyanda günahlandırılan azərbaycanlı yazıçı

Silahlı üsyanda günahlandırılan azərbaycanlı yazıçı
24 mart 2014
# 09:00

Kulis.az tanınmış tənqidçi Vaqif Yusiflinin yazıçı Ənvər Yusifoğlu haqqında yazısını təqdim edir.

O, 1914-cü ilin 14 yanvarında dünyaya gəldi. Atası Yusif Hüseyn oğlu Qasımov əslən naxçıvanlı idi. İrəvan gimnaziyasını bitirəndən sonra Azərbaycanın müxtəlif rayonlarında poçt-teleqraf idarə işində çalışırdı, Yevlaxda, Dilicanda, Şuşada, Tiflisdə işləmişdi. Bizim bu yazının qəhrəmanı- Ənvər Yusifoğlunun doğulduğu yer Yevlax oldu və atasının müxtəlif şəhərlərdə işləməyindən asılı olaraq o da bu şəhərlərdə yaşamışdı.

Ənvər Yusifoğlunun bundan sonrakı tərcümeyi-halında xoş günlər, illər, uğurlar oldu, amma itkilər ölümlər, repressiya, sürgün illəri də çox oldu və o xoşbəxt günlərin üstünə kölgə saldı.

Onun ana tərəfdən qohumları tanınmış bir nəslin nümayəndələri idi. Bir dayısı Azərbaycanın görkəmli şairi, "Molla Nəsrəddin" jurnalının qurucularından biri, Cəlil Məmmədquluzadənin ən sadiq silahdaşı, hətta jurnalın müəyyən illərdə Mirzə Cəlillə birgə redaktoru olmuş, 1916-cı ildə Bakıda tamaşaya qoyulan "Ölülər" pyesində Şeyx Nəsrullah rolunun ilk ifaçısı Əliqulu Qəmküsar idisə, o biri dayısı tanınmış naşir və inqilabçı Rzaqulu Nəcəfovdu.

Heyif, Əliqulu Qəmküsar az yaşadı, daha doğrusu, qətlə yetirildi, 1919-cu ilin 14 martında, Tiflisdə qaragüruhçular tərəfindən öldürüldü. Heç şübhəsiz ki, Ənvər Yusifoğlunun dünyagörüşünə, bir insan kimi formalaşmasına dayılarının, Tiflis mühitinin böyük təsiri olmuşdu. Sonralar-Əliqulu Qəmküsarın qızı, Azərbaycanın ilk qadın kino rejissoru Qəmər Salamzadə "Kiçik pəncərədən görünən dünya" xatirələr kitabında yazacaq ki: "Ənvərin görkəmli yazıçı olacağına əmim Rzaqulu şübhə etmirdi. Çünki ta uşaq vaxtlarından dəftər və qələm əlindən düşməzdi: ailədə onu "Ənvər Ülvi" deyə çağırardıq".

Ənvər Yusifoğlunun ilk gənclik illəri Tiflisdə keçib, o, burada pedoqoji texnikumu bitirib. Onda cəmi on beş yaşı vardı, elə ilk hekayəsi -"Bir matrosun xatirələri" də Tiflisdə, "Ədəbiyyat cəbhəsində" jurnalında dərc edilir. 1932-ci ildə Gürcüstan Proletar Yazıçılar İttifaqına üzv olur. O, Tiflisdə "Yeni kənd" və Gəncədə "Kirovabad bolşeviu" qəzetlərində də əməkdaşlıq edir. Sonra 1932-ci ildə Moskvaya, Kinematoqrafiya İnstitutuna təhsil almağa gedir, amma ailə vəziyyətilə əlaqədar təhsilini yarımçıq qoyur, bu dəfə Bakıya gəlir.

Onda elə uşaqlıqdan təsviri sənətə, rəssamlığa böyük şövq, həvəs vardı. Bir müddət "Kommunist" qəzetində ədəbi işçi kimi çalışdıqdan sonra, Ə.Yusifoğlu Azərbaycan İncəsənət Muzeyində işə girir, Şərq şöbəsinin müdiri vəzifəsində çalışır. Bu illərdə o, tənqidçi Orucəli Həsənov və sənətşünas Rəfibəyovla birlikdə "Azərbaycan incəsənət tarixi" oçerklər kitabını hazırlayırlar. Bu kitab tamamlanmasa da, az tirajla yayılır.

Amma bundan sonra, 1938-ci ildən başlayaraq bu xoşbəxt günlərə qara kölgələr düşür.

Ənvər Yusifoğlunu - o zaman 24 yaşı təzəcə tamam olmuş bu gənci həbs edirlər. 20 yanvar 1938-ci ildə. İstintaq zamanı məlum olur ki, guya Ənvər Yusif oğlu Qasımov əksinqilabi-millətçi, üsyançı-terrorçu, təxribatçı-zərərli təşkilatın üzvüdür. Guya o (24 yaşlı gənc) Azərbaycanı SSRİ-dən silahlı üsyan yolu ilə ayırmaq və Sovet hakimiyyətini devirməyi qarşısına məqsəd qoymuşdur (Ə.Yusifoğlunun həbsi və repressiyası ilə bağlı faktları filologiya elmləri doktoru Cəlal Qasımovun və jurnalist İlqar Əhmədoğlunun müxtəlif qəzetlərdə dərc etdirdikləri məqalələrdən və Ə.Yusifoğlunun qızı Nərgiz xanımın xatirələrindən əxz etmişəm-V.Y.) Niyə, nə səbəbə onu həbs etmişdilər? Birincisi; Ənvər Yusifoğlu müstəqil düşünən, daxilən azad bir insan idi, kiminsə nöqsanını üzünə deyərdi. Ziyalı idi. Mütaliə dairəsi geniş idi. Hakimiyyət adamı deyildi. Kommunist diktaturasına belə ziyalılar lazım deyildi və onları təmizləyirdilər. İkincisi; konkret səbəb bu olmuşdu ki, mollanəsrəddinçi şair-Əli Razi Şamçızadə (o, artıq güllələnmişdi), istintaqda Ənvər Yusifoğlunun adını çəkmişdi və bu ifadədən yapışan kapitan Panov saxta bir arayış düzəldib NKVD komissarı əvəzi Borşova təsdiqlətmişdi. Birinci istintaqda o, üzərinə atılan ittihamların əsassız və böhtan olduğunu söyləyir. İkinci istintaqda isə o, bu ittihamları təsdiqləyir. Yəqin fikirləşmişdi ki, yenə inad eləsə, başqaları kimi onu da güllələyərlər. Beləliklə, istintaq başa çatır və iş məhkəməyə verilir. Məhkəmədə isə o, "Mən özümü müqəssir hesab etmirəm!" deyir. Beləliklə, gözlənilməz bir hadisə baş verir və məhkəmə heç bir şeyi ona sübut edə bilmədiyindən işi əlavə istintaqa göndərir. 14 ay həbsdə yatdıqdan sonra o, azad edilir.

Bu birinci həbs idi. Amma hələ qarşıda daha dəhşətli günlər gözləyirdi onu.

Birinci həbs zamanı bir məqamı xatırlatmaq istəyirik. Bacısı Sənubər xanımın dediklərindən: "Birinci dəfə onu həbs edəndə payıza yaxın Hüseyn Cavidlə bir kamerada saxlayıblar. Təsadüfən Ənvər zümzümə edirmiş, qonşu kameradan Hüseyn Cavidin səsi gəlib: "Ay oğul, kimsən?"- Qardaşım deyib ki, Ənvər Ülviyəm, Əliqulu Qəmküsarın bacısı oğlu. Onu Cavidin yanına köçürüblər". "Ədəbiyyat qəzeti"nin 10 aprel 2009-cu il, 10 aprel sayında Ənvər Yusifoğlunun H.Cavidlə bağlı "Unudulmaz xatirə" adlı kiçik bir yazısı dərc edilib. Ənvər müəllim yazırdı: "Cavid kimi şəxsiyyətlə ata-oğul, həmfikir, həmsayə, ümdəsi-müəllimlə şagird kimi keçən bu altı aylıq görüşü sehrləyən mühüm bir cəhət də vardı. Mən ona şagird kimi, oğul kimi əbədi surətdə bağlanmışdım. Ümdəsi oğul kimi... Otağımızda əlliyə qədər bizim kimi bəxtini, taleyini, aqibətini gözləyən var idi.

Biz Keşlə həbsxanasında 37-ci il dövrünün haqsız cəzalarını (içimizdə, əlbəttə, haqlı cəza çəkəcək şəxslər də yox deyildi) gözləyənlərdik. Heç inana bilmirəm ki, "Şeyx Sənan" və "İblis" əsərlərinin müəllifi ilə aylarla bir yerdə olmuşam, onun birgə məclislərində iştirak etmişəm, onunla baş-ayaq yatmışam: Cavid şairdən çox möcüzə idi, onun bildiklərini, dediklərini, xatirələrini yad etmək həyatımın ən şirin, əlvan, rəngarəng və umulmaz-unudulmaz anları idi... Cavid... Cavid. Şübhəsiz ki, onun Cavid kimi bir insanı, şairi, mütəfəkkiri ləkələməsi bu günümüz üçün xüsusən, tariximiz üçün böhtandır və bu cinayət nəinki onun üçün, o tipli adamlar üçün unudulmaz cinayətdir, elə bir cinayət ki, gələcək bu cinayəti heç zaman unutmayacaqdır və bağışlamayacaqdır".

Həbsdən azad edildikdən sonra, o, yenə işinə qayıdır. Amma yaxşı bilirdi ki, gec-tez yenə gəlib onu aparacaqlar. Elə də oldu. 1942-ci ildə Ənvər Yusifoğlunu yenidən həbs edib sorğu-suala tuturlar. Bacısı Sənubər deyir ki: "Gecə qapımız döyüldü. Ənvər bizdə qalırdı. Ənvəri apardılar. Bu andan gərgin günlərimiz başladı. Ənvəri xeyli istintaqda saxladılar. Görüş ala bilməsək də, məlumat çatırdı ki, türmədə ermənilər türklərə qan uddururlar, işgəncə verirlər... SSRİ NKVD-si Ənvəri 5 il Qazaxıstanın Kokçetav rayonuna sürgün etdi. Ad qoymuşdular ki, guya o, Sovet ordusunun döyüşə bilmədiyini söyləyib, sovet xalqının güc və birliyinə inanmayıb".

Xalq şairi Nəriman Həsənzadə Ənvər Yusifoğlu ilə qonşu idi. O, yazıçının "Yaşamaq həvəsi" kitabına yazdığı müqəddimədə deyirdi: "Ənvər müəllim bir sözün güdazına getmişdi, demişdi ki, mən "Mayn Kampf"ı oxumuşam. Çörək kəsdiyi qələm yoldaşı səhərisi gedib "lazımi yerə" məlumat vermişdi ki, o, Hitlerin kitabını oxuyub". Bacısı qızı Xanım Məmmədova deyir ki: "Bir dəfə Abbas müəllimin (Abbas Zamanov nəzərdə tutulur-V.Y.) özündən eşitdim ki, dayım Yazıçılar İttifaqına gələn zaman təsadüfən o dövrdə ziyalıların üzünə duran bir adam dayımı görüb, onunla görüşmək istəyib. Amma dayım həmin adamın uzanan əlini rədd edib: "Mən cəhənnəm, Müşfiqə, Cavidə yazığın gəlmədimi?" - deyib və o adamın gözünün içinə tüpürüb. Heç bizə də bildirmədi ki, o mərdümazar kimdir. Hər şeyi sirr olaraq özü ilə apardı".

1947-ci ildə, o, sürgündən qayıdır, amma ona Bakıda yaşamaq yasaq olunur, bu səbəbdən ucqar bir rayona - Balakənə göndərilir. Ənvər Yusifoğlu Katex kəndində, ağac emalı zavodunda fəhlə işləyir.

Əlbəttə, Qazaxıstanda keçirdiyi soyuq, şaxtalı sürgün illəri hara, Balakənin gözəl təbiəti-meşələri, dağları, çayları hara? Qətiyyətlə deyə bilərik ki, Balakəndə keçirdiyi illər (1956-ci ildə, Bakıya qayıdana qədər), Ənvər Yusifoğlunu bir yazıçı kimi formalaşdırır. Ənvər müəllim təbiətlə üz-üzə qalır, dağların, meşələrin, çayların gözəlliyini canına sindirir, həm də ekoloji nizamın pozulmasının şahidi olur və əlbəttə, burada yaşayan insanların taleləri də onun gələcək yazılarına mövzular, süjetlər bəxş edir. Amma Balakəndə kimsə bilmirdi ki, əyninə fəhlə paltarı geyən bu adam ziyalıdır, vaxtilə yazı-pozu ilə məşğul olub.

1956-cı ildə, bəraət qazandıqdan sonra Ənvər Yusifoğlu Bakıya qayıdır. Qeyd edək ki, o, Balakəndə yaşayanda ailə həyatı da qurmuşdu.

Ənvər Yusifoğlunun həyatı, yaşadığı sürgün illəri doğrudan da acı təəssüf hissləri doğurur. Sürgündən qayıdanda onun 33 yaşı vardı. Qalır daha 42 il. Burada Balakəndə yaşadığı illəri də çıxsaq, Ənvər Yusifoğlunun bir yazıçı kimi tanınmağı əllinci illərin sonlarından başlayır. Onun həyatı və yaradıcılığından söz açan müəlliflər öz yazılarına "Sitəm", "Talesiz sənətkar" və s. adlar seçirlər. Amma sitəmi, bu talesizliyi onun bütün həyatına aid etmək olmaz, çünki Balakəndən Bakıya qayıdandan sonra Ənvər Yusifoğlunun taleyində işıqlı günlər başlayır, o, hər şeyi yenidən başlayır, illər boyu içində yatıb qalan yazıçılıq istedadını ortaya qoyur, doğrudur, Nəriman Həsənzadənin qeyd etdiyi kimi, canında bir qorxu qalsa da, danışanda ehtiyat etsə də, gözəl hekayələr, povestlər yazır, yazıçı və rəssam yoldaşları haqqında məqalələrlə mətbuat səhifələrində çıxış edirdi. Ona görə də bu illərdə ona "Talesiz sənətkar" yox, öz taleyini yazan sənətkar demək daha doğrudur.

1960, 1964 və 1966-cı illərdə onun eyni adda - "Hekayələr" adlı üç kitabı işıq üzü görür. O, "klassik nəsr qanunu"na riayət edib, hekayə janrında qüvvəsini sınayandan sonra povestə keçir, 1967-ci ildə "Cərrahlar" povestini çap etdirir.Daha sonrakı illərdə "Hamballar" (daha geniş variantı "Gənclik illərinə səyahət"), "Alazan sahillərində", "Dağlarda tonqal" povestlərini qələmə alır, hekayə yaradıcılığını da davam etdirir. Nəhayət, yetmişinci illərdə "Düşmənimin düşməni" kimi gözəl bir romanı ədəbi ictimaiyyətə təqdim edir.

Ənvər müəllim səkkiz il "Ədəbiyyat və incəsənət" qəzetində, on bir il də "Azərbaycan" jurnalında əməkdaşlıq edir, 1976-cı ildən ömrünün sonuna - 1989-cu ilə qədər yaradıcılıqla məşğul olur, üç kitabını nəşr etdirir, ara-sıra məqalələri mətbuatda dərc olunur. Sözün əsl mənasında bir yazıçı ömrü yaşayır.

Ənvər Yusifoğlu keçən əsrin əllinci illərin sonlarında ədəbiyyata gələn bir nəslin nümayəndəsidir. Sağlığında onun on kitabı işıq üzü görüb. Bu kitabların biri istedadlı Azərbaycan rəssamı Maral Rəhmanzadəyə həsr edilib. Ənvər Yusifoğlunun rəssamlıq sənətinə bələdliyi bu kitabda açıq-aşkar nəzərə çarpır.

Onu bir yazıçı kimi səciyyələndirməyə, özünəməxsus fərdi üslubunu, dəst-xəttini müəyyənləşdirəndə, ilk növbədə, həyatı duyan və yazılarını real müşahidələr əsasında qələmə alan bir yazıçı ilə üzləşirik. Ənvər Yusifoğlu yaşadığı dövrün həqiqətlərini qələmə alırdı.

"Həyat həqiqəti" deyəndə biz 50-80-ci illərin Azərbaycan gerçəkliyini nəzərdə tuturuq. Ə.Yusifoğlunun yalnız bir əsəri-"Hamballar" povesti iyirminci illərin hadisələrindən söz açır, qalan əsərlərinin hamısı onun bir yazıçı kimi yaşadığı illərin mənəvi ab-havasını əks etdirir.

Ənvər Yusifoğlu nədən yazırsa-yazsın, onu İnsan və onun taleyi düşündürürdü. Onun hekayələrində də ("Yaşamaq həvəsi", "Gəlsin, gəlməsin", "Xamlamış cığırlar", "Üç oğul, üç ana, bir nənə", "Yaşasın insan", "Gecə qardaşları", "Dəniz, baba və nəvə", "Atalar və oğullar" və s.), "Cərrahlar" povestində də biz bunun əyani şahidi ola bilərik. Başlıcası, Ənvər Yusifoğlu insanda insanilik axtarırdı, təmizliyi, mənəvi saflığı təbliğ edirdi. Onun qəhrəmanları sadə insanlar idi və Ə.Yusifoğlu hekayələrində təsvir etdiyi qəhrəmanları əsasən istehsalatdan, fəhlə həyatından, ya da kənd təsərrüfatının müxtəlif sahələrindən seçirdi, amma yazıçını bu adamların əməkçi fəaliyyəti deyil, mənəvi dünyası maraqlandırırdı. Azərbaycan nəsrində ən çətin həkimlik peşəsi olan cərrahların həyatından yazılan ilk povestin müəllifi də Ənvər Yusifoğludur və bu povestdə həkimlərin gərgin, ağır, amma şərəfli peşəsi ilə yanaşı, onların daxili aləmi, mənəvi dünyası, bir insan kimi hiss və duyğuları da öz əksini tapmışdır. Povestdə Ata və Oğul qarşılaşması da diqqətdən yayınmır və o da maraqlıdır ki, müəllif Ata obrazını müsbət planda təqdim edib, Oğul isə istedadlı cərrah olsa da, daxilən ziddiyyətli, bir sıra mənfi xüsusiyyətləri özündə əks etdirən bir obrazdır.

"Alazan sahillərində" povestində də müəllifin həyatı, insanları, təbiəti dərindən müşahidə etməsi diqqəti cəlb edir. Müəllif povestdə Salam-Səhər sevgisini çox zərif, incə boyalarla rəsm etmişdir,-desək, heç də yanılmarıq. Burada təbiətlə insan vəhdətdə götürülür, ekoloji problem müəllif məramını ifadə edən bir vasitəyə çevrilir. Amma bunların hamısından əzəl həmin o sevgi xəttidir. Bir-birindən ayrı düşən sevgililərin sonda qovuşa biləcəyi gözlənilir. Süni yox, hadisələrin məntiqindən, məna və mahiyyətindən yaranan situasiya bunu tələb edir.

Ənvər Yusifoğlu bir yazıçı kimi şöhrətləndirən əsər isə "Düşmənimin düşməni" romanıdır və qətiyyətlə deyə bilərik ki, bu əsər son əlli-altmış ildə yaranan Azərbaycan romanları içərisində ilk iyirmiliyə düşən romanlardan biridir. Bu fikrimiz havadan asılı qalmasın deyə, aşağıdakı mülahizərimizi oxucuların nəzərinə çatdıraq.

1. "Düşmənimin düşməni" roman janrının tələblərinə, daha doğrusu, onun estetikasına və poetikasına uyğun şəkildə qələmə alınmışdır. XX əsr Azərbaycan romanının bir çox komponentləri bu əsərdə öz əksini tapmışdır: problematika zənginliyi, insan-cəmiyyət-təbiət üçbucağının romanda bədii inikası, dolğun xarakterlər, süjet şaxəliliyi-kompozisiya dürüstlüyü, təsvirlərin və detalların dəqiqliyi... və bütün bunları özündə əks etdirən romançı texnikası, mədəniyyəti.

2. Yazıçının təsvir etdiyi aləmə, insanlara dərindən bələdliyi. "Dərindən" sözünü təsadüfü işlətmirik. Ənvər Yusifoğlu "Düşmənimin düşməni"ndə insan və təbiət problemini başlıca problem kimi romanın əsasına çevirmiş, necə deyərlər binanın əsas sütununa hörmüşdür.

Romanda Azərbaycan meşəsi bütün gözəlliyi və həm də ağrıları və yaraları ilə gözlərimiz qarşısında canlandırılır. Ənvər Yusifoğlunun on ilə yaxın meşəçi olması, təbiəti dərindən duyması, hər otun, gülün, çiçəyin, heyvanların, quşların "dilini" bilməsi romanın bəddi -estetik sanbalını xeyli artırmışdır.

3. "Düşmənimin düşməni" təkcə meşələrin, ümumən təbiətin ekoloji sisteminin pozulmasını deyil, həm də bu proseslərin insanla da həmahəng getməsini təsvir edir, yəni, təbiətdə hansı proseslər gedirsə, insanda da o proseslər öz əksini tapır. Təbiətdə qırılan meşələrdir, yox olan meşə sahələridir, dağıdılan quş və heyvan yuvalarıdır, ceyran sürüləridir, insanlarda isə bu proses mənəviyyatın pozulması, çat verməsi, şərin, yamanlığın insan qəlbində yuva qurması şəklində cərəyan edir. Hər ikisi-həm təbiət, həm də insan ekoloji cəhətdən yardıma, qayğıya möhtacdır; təbiət fiziki-bioloji mənada, insan isə təmiz mənəviyyat, ruhun sağlamlığına ehtiyac duyur.

4. "Düşmənimin düşməni" Azərbaycan romanının iki tipini özündə əks etdirmək baxımından da maraq doğurur. Bu əsərdə hadisəçiliklə psixoloji qat iç-içədir, biri o birsini tamamlayır. Romanın qəhrəmanları: Uğurlu, Müslüm müəllim həm baş verən, bir-birini sürətlə əvəz edən hadisələrin əhatəsindədirlər, həm də psixoloji durumu ilə diqqət çəkirlər.

Bir sözlə, "Düşmənimin düşməni" yetmişinci illərdə Azərbaycan təbiətinə, xüsusilə, meşələrə edilən qəsdlərin bədii ədəbiyyatda harayı, fəryadı kimi səslənirdi . İnsan və Təbiət paraleli, onların qarşılıqlı əlaqəsi, vəhdəti romanda bu məsələlər bədii şəkildə öz əksini tapırdı və deyək ki, indi də, təbiətə daha dəhşətli qəsdlər müqabilində öz aktuallığını itirmir.

Bu yazıda biz XX əsr Azərbaycan nəsrində özünəməxsus yeri olan bir yazıçının ömür yolundan söz açdıq. Bir insan kimi XX əsrin repressiya burulğanına düşən, amma mənəvi təmizliyini, saflığını itirməyən, ən başlıcası isə, xalqını sevən bir yazıçını sizlərə tanıtdırdıq. İyirmi beş il öncə dünyasını dəyişən Ənvər Yusifoğlunun əsərləri və onunla bağlı xoş xatirələr yaşadacaq onu.

# 2731 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #