Melanxoliya – Nahiddən YENİ HEKAYƏ

Melanxoliya – Nahiddən YENİ HEKAYƏ
11 fevral 2016
# 14:57

Kulis gənc yazıçı Nahid Hacıyevin “Melanxoliya” hekayəsini təqdim edir

Hərdən belə də ola bilir. Anidən. Gözləmədiyin, özünü hazır bilmədiyin bir anda, lap elə həkim qəbulunda növbə gözlədiyin zaman, üzünü birinci dəfə gördüyün yöndəmsiz insan, rahatca sol tərəfində boş qalmış stula oturub sənə tərəf əyilər. Salamsız-kəlamsız söhbətə başlayar. Əlacsızlıqdan təslim olarsan tanımadığın Heç Kimə.

“...Çox qorxuram belə dəhlizlərdən. Yarı işıqlı, yarı qaranlıq. Döşəməni döyəcləyən ayaq səsləri. Taxta qapıların cırıldayıb açılması... Qorxuludu. Üstəlik də bu dar, köhnə pilləkən. Sınıq-sökük... Burda işləyən qaradonlu qızdan başqa hər şey kirlidi. O, var e, o, - qara donlu qızı göstərər - yeni gələnləri siyahıya almaq üçün hər otağa girdiyində, elə bilirəm taxta qapının yerində mən dayanmışam. Köhnə, sınıq, boyası ovulub tökülü, cəftəsi paslı. Təzə olan təkcə onun əlləridir. Arıq, uzun boğazından ətrafa yayılan ətri məni dəli edir. Hiss edirsən? – Havanı qoxlayar - Hər on beş dəqiqədən bir bura gəlib yeni gələnləri yoxlayır. Gözəldi, ancaq gülmür. Eləcə siz 12-ci, siz 13-cüsünüz deyib gedir, sonra yenidən gəlir...”

Danışmaması üçün etirazını eşitmədikdə özünü rahatlayar, dərindən nəfəs alıb, doğma insan ədasıyla sənə daha da yaxın durar.

“...Axşam yuxuda olduğum an, qəfil yerimdən qalxıb yataq otağında asılı olan rəsm tablosuna qucaq açmışam. Elə bildim uşaq beşiyindən yıxıldı. Bu artıq neçənci haldı Allah bilir. Otağımda stulun üstünə atdığım paltara, açıq qalmış qapıya, üstəlik ən dəhşətlisi, öz ayağıma da qucaq açmışam... Öz ayağıva qucaq açmaq bilirsən nə deməkdi? Bilmirsən, deyim. Yatırsan, sonra elə bilirsən ki, uşağın beşiyindən yıxıldı. Özündən ixtiyarsız, yuxulu olsan belə, beyin ani olaraq uşağın yıxılmasına elə reaksiya verir ki, bədənin, qolların sənə tabe olmaqdan çıxır, heç nəyi vecquluşuna almır. Hər şey bitəndə, yəni ayılanda özünü ayağıva qucaq açan yerdə tapırsan. Gülməlidi, heləmi? Uşağın yoxdusa hardan biləsən nə dediyimi. İş o yerə gəlib çatdı ki, yoldaşımla da ayrıldıq. Nədi ki hər dəfə deyirmişəm - Beşiyə bax, deyəsən uşaq ağlıyır.- Nə bilim, guya deyirmişəm ki, - Uşağın pampersini dəyiş. - Guya deyirmişəm ki, - Uşaq deyəsən mətbəxdə bıçaqla oynayır. - Guya... guya... Mən dəliyəm!?... Guya bilmirəm... Guya bilmirəm ki, uşaq ölüb...”

Elə bilərsən qəfil baş verdi hər şey. Anidən. Gözləmədiyin, özünü hazır bilmədiyin bir anda. Dəhlizdən, qara geyinmiş qızdan danışdığı an, hekayətin kəskin dəyişməsi səni tutar. Paltarının altında, bədəninin ən xırda sarı, kövrək tüklərin sızıldadığını duyarsan. Elə an gələr ki, divarın sənə, yoxsa sənin divara söykəndiyini qarışdırarsan. Özünü “Müharibə bitdi!” sədasını eşidib “Urrra!” qışqıran an, son nəfəsini verən düşmən tərəfindən vurulan əsgər kimi hiss edərsən. (Necə bir hiss olduğunu anlamaq üçün kinolardakı kadrları xatırlayarsan. Əsgər “Urrra!” deyib qışqırır, yorğun bədənini tank mərmisindən uçmuş binanın daşına söykəyir, silahı yanına qoyub sonuncu siqaretini yandırmaq istəyəndə “babank”, ardınca melodiya... )

“...Bilirsən məni ən çox nə ağrıdır? O, bircə söz belə demədən öldü. Hər gün fikirləşirəm, hər gün. İnsan körpə də olsa, bircə söz deməmiş necə ölə bilər axı? Ha fikirləşirəm bir cavab tapmıram. Heç olmasa “baba” deyəydi. “Baba” sözü nədi ki? Fikir vermişəm bütün körpələr deyir. Cəmi iki hərf var. B-A.

Həkimlər mənə qulaq asır, asır axırda da dərman yazıb deyirlər, get. Mən də gedib yenidən gəlirəm. Bude, yenə gəlmişəm. Bilirəm, hələ çox gələcəm. Məni başa düşmürlər. Neçə gündü deyirəm ki, ay həkim, qadan alım, çimə bilmirəm. Duşun altına girəndə elə bilirəm uşaq ağlayır. Deyirəm, ay həkim, qulağımda pambıqla çimirəm, quruşqayla çimirəm - yenə də dərman yazır... Deyir, sitiressdəndi. Eşidirsən sən Allah? – deyib gülər.”

Əslində gülməz, hırıldayar. Özü də ucadan. Yadına düşər ki, qonşu Zeynəb adlı qadın da Qarabağ müharibəsində oğlunun ölüm xəbərini eşdərkən eynilə bu cür hırıldamışdı. Gic bir şeydi. Nə gülmək kimi gülməkdi, nə də ağlamaq kimi ağlamaq.

“...Bu həkimlər də yazıq adamlardı. Bədbaxdılar. O qədər bəd sözlərə, göz yaşlarına öyrəşiblər ki, “uşaq ölüb” deyirsən, çiynini sığallayıb dərmanlardan danışırlar. Belə insan olar sən canı?... Əslində, qardaş, uşaq özü öldü... Durduğu yerdə. Beşiyində. Qolları da yanlara doğru açılı. Kiməsə təslim olmaq üçün əllərini yuxarı qaldırırsan ha, bax elə. O qədər zəif idi ki, balaca, ətcəbala sərçəyə oxşuyurdu... Düzü, qardaş, həkimlər xəbərdar etmişdi. Uşaqda doğuş travması vardı... Sən heç sərçə əti yemisən?...”

Dünya başına fırlanar. Kənddə, nar ağacının budağına qonaraq yetişmiş nar dənələrini dimdikləyən sərçələri xatırlayarsan. Sevinərsən sərçə əti yemədiyinə.

Qarşında kövrəlməmək üçün əlləşən toppuş insanın gözlərinə baxdıqda göynəyən ovcunu çənəsinin altına tutmaq keçər içindən. Sonra uca səslə - Ağla, göz yaşların yerə düşməyəcək – demək istəyərsən. (Guya yerə düşsə dünya dağılacaq. Müharibələr başlayacaq. Dənizin dalğaları sahilə iki ayaqlı balinalar çıxardacaq)

***

- Cavan oğlan sizin növbənizdi – Hardansa qız səsi gəldi. Başqa bir dünyaya düşmüş yad insan kimi ətrafa boylandım. Ağ xalat geyinmiş biri qarşımda dayanıb mənə baxırdı. Ayağa qalxmaq istəyəndə əlimdə saxladığım resept yerə düşdü. Əyilib qaldırdığımda qara donlu qızı - Gedək – deyib gülümsəyən gördüm. Qəribə idi. Əlləri havada balerina kimi yellənsə də çiynimdə ovcunun istiliyini, burnumda qoxusunu tapa bilmədiyim xəfif ətrini hiss etdim.

“...Qardaş, mən deyirəm heç kim inanmır. Allah haqqı suyun yaddaşı var. Uşağı çimizdirəndə ağlayır ha, bax onda su onun səsini yaddaşına yazır. Düz demirəm? Düz demirəmsə hər hamama girdiyimdə niyə körpə səsi eşidim ki?” – Kimsə divara söykənib pıçıltılı səslə şikayətlənirdi. Yanından ötəndə eşitdiyim son cümlə həkim qəbulunda növbəmi gözləyənə qədər yazmaq üçün fikirləşdiyim hekayənin nöqtəsi oldu.

2015

# 991 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #