Asif Ata Söhrab Tahirin şeirləri barədə nə yazmışdı?

Asif Ata Söhrab Tahirin şeirləri barədə nə yazmışdı?
6 may 2016
# 12:30

Söhrab Tahirin ikiyə bölünmüş Azərbaycanımızın nisgilini böyük bir yanğıyla ifadə edən şeirləri hər birimizi dərdə məhrəmlik, həmdəmlik üstə köklənməsinə xidmət edib. İkiyə bölünmüş Azərbaycanın dərdilə yaşamaq onillərdir ki, onun ömrünə, aqibətinə çevrilmişdi. Bu vaxta qədər Güney dərdimizlə bağlı neçə-neçə dərdli soydaşımız ömrünü başa vurub. Dərdlilər ölüb, böyük dərdimiz yenə də yaşayır…

Söhrab Tahirin Güney Azərbaycan dərdimiz üstə köklənmiş poeziyasında nəinki dərdi çağırmaq, dərdlə bir olmaq, dərdi yaşamaqla bağlı bitməyən həmdərdliyi vardı. Şair ağlı kəsəndən də əvvəl, ta beşikdən fitrətən ana dilini duyub, ona bağlanmışdı. Çünki bu dilin ulusun ruhundan ilahi bir soraq olduğunu iliyinə kimi duyur, bu duyğunu canlı yaşayırdı...

Ana yurdumuzun Qoşqarı, Kəpəzi Savalanından ayrı düşüb; Onun Savalan dağına xitabı son dərəcə duyğuludur. Yurduna, ulusuna təpədən-dırnağacan bağlı olanda, üstəgəl də yurdunu öz dilində öymək imkanın olanda səni sevməyənlər hiss edirlər ki, bu sevginin qarşısında duruş gətirmək mümkün deyil. O, «Savalanım»-deyə müraciət etdiyi dağı öyür, onun üçün bulud, günəş, yağış olmağı fəxarət sayır.

Savalan həm qüdrət rəmzidir, həm də zəriflik timsalıdır...

Ulusumuz var olsun! Ulusumuza, şairin doğmalarına başsağlığı verirəm.

***

İnam Atanın (Asif Atanın) “Şeir dərdi” fəlsəfi-tənqidi əsərində yaradıcıdan şeiriyyətin mahiyyətinə uyğun yazmaq, yaşamaq tələb olunur. Ona görə ki, zamana uyğun şeiriyyət olmur.


Əsərdə Vətən, İnsan dərdinin Azərbaycan şairlərinin yaradıcılığında ifadəsi araşdırılır, çatışmazlıqlar göstərilir, insani, yaradıcı ölçüyə uyğun gələnlər təqdir edilir: “Dərddən yaranıb şeir – dərdsizlikdən ölə bilər” - deyilir.

Eləcə də “Şeir dərdi”ndə dərdçiliyin ayrı-ayrı çalarları açılır, insanın var olmasında özüylə üz-üzə qalmağın, dərdindən güc almağın yolları göstərilir.

Əsərdən bir parçanı - Söhrab Tahirin Güney dərdi haqqında “VƏTƏN – DÜNYA” bölümünü təqdim edirəm.

İşıqlı Atalı,

Mütləqə İnam Ocağının Yükümlüsü

***

İnam Ata (Asif Ata)

VƏTƏN – DÜNYA


Dünya dərdini Vətəndə çəkmək gərək - Vətən dərdidir əslində dünya dərdi, dünya boyda dərdi var Vətənin, Vətən dərdinə qalan dünya dərdinə qalanır; Vətən taleyi keçir insan ömründən, Vətən yolu keçir insan ömründən, dünya boyda yük düşür Vətənin çiyninə, Vətəndə başlayır və Vətəndə qurtarır Dünya.

“Qır atının yalmanı qan,
Yalı qan,
Azadlığın taleyi qan,
Yolu qan,
Qılıncının qabağı qan, dalı qan,
Səbr evinin quyuları
Dolu qan
Şəhid olmuş düzlərində
Ulu qan”. (S.Tahir)

Dünyəvi dərddir dərdimiz, dünya miqyaslıdır kədərimiz, dünya boyda qara göynəyir sinəmizdə, dünya boyda ağrı yanır qəlbimizdə, bir dünya dərdik!


“Yüz ildir ki, süfrəmizdə qan dadı!” (S.Tahir)


Dünya acısı, ağısı qatılıb taleyimizə, dünya acısını, ağısını yeyirik, parçalanıb-paralanmışıq, dünya boyda dağ gəzdiririk içimizdə.

“Mənim yerim iki ölkə,
İki tale arasında,
İki yandan gizlədilən,
Bir millətin yarısında”. (S.Tahir)

“Bölünmüşük dünyanın sinəsində, dünya ağrısı daşıyır – ikidə birlərin birlik ərkiyəm!” (S.Tahir)

“Nəhəng dünya dərdi yaranıb taleyimizdə: - Bir bütövü qırmaq üçün neçə qırıq əlləşib!” (S.Tahir)

Dərdimiz dünyaya çatıb, dünya dərdimizə çata bilməyib.

“Qırx il əzab,
Qırx il fəryad,
Qırx il sürgün,
Qırx il təhqir,
Qırx il döyüş!” (S.Tahir)

Əzablaşan, fəryadlaşan, zindanlaşan, sürgünləşən, təhqirləşən, döyüşən illər dərdində dünya görünüb, bilinib, dünya dolub illərə, dünyəvi dərd yüklənib Vətənin ürəyinə.

“Çaylar axır əks tərəfə,
Gül çevrilib dalı üstə,
İstəyimə güllə dəyib,
Düşüb sınıq qolum üstə”. (S.Tahir)

Yaralanan, sınan istək dərdində dünya görünür, bilinir, dünya misallı dərd yaşayır nisgilli arzuda:

“Xoşbəxt oldu bədbəxtlər də,
Mənim bəxtim gətirmədi”.

Dünya misallı dərddir dərdimiz – tək çəkirik, tək çəkilən dərddən yaranır fədailik, ən çox təklərin aqibətinə düşür dünya boyda dərd, təklər yaşadır çoxluğu, təklənir çox vaxt qeyrət.

“Mənə qardaş demədilər
Siyasətdə dilibirlər,
Haradasa ayrılırdı
Dilibirlər, elibirlər”. (S.Tahir)

Təklərin, təklənənlərin ruzusuna qatılır kədərli ibrət, fəlakətli həyat dərsi, acı nemət.

“Bir də səni tapşırmaram
Hər yoldaşa, hər qardaşa”.
“Bundan sonra ey inamlım,
İnananda yaxşı inan.
İnamını xalça etmə
Ayaq altda atam, anam!”

İnam dərdi törəyir aldanış işgəncəsindən, ümidə boylanır dərd, ümidə sığınır, ancaq dərd ölmür – ümidlə yaşayır.

“İki yanın fəryadıyam,
İki sahil yarğası
İki yandan iki qürbət,
İki ibrət sırğası”. (S.Tahir)

Sahil parçalanır – dərd parçalanmır, qürbət parçalanmır, ibrət parçalanmır; ölkə parçalanır – ölkə dərdi parçalanmır.

“iki vətən həsrətindən
İki gözüm bir dolub”. (S.Tahir)

Vətəndə dünya bilinir, görünür, Vətəndən böyük dünya yoxdur, bu səbəbdən də Vətən dərdindən böyük dərd yoxdur, Vətən dünyadır əslində...

(1990)

# 1247 dəfə oxunub

Müəllifin son yazıları

# # #