Əlinə bir düşmən bayrağı keçsə onu ayaqlamaqla iş bitmir

Əlinə bir düşmən bayrağı keçsə onu ayaqlamaqla iş bitmir
5 fevral 2014
# 11:27

Kulis.az şair Qəşəm Nəcəfzadə yeni şeirlərini təqdim edir.

Tək balamın canı üçün, mən qəddar dustaq deyiləm

Müstəntiqlə üz-üz oturmaq vaxtım gəlib çatsaydı

Çox yaxşı cavablar verərdim onun suallarına

Əgər o yaxşı suallar verə bilsəydi....

İndiki müstəntiqlər yaxşı suallar verə bilmirlər, məncə,

Köhnə sualların üzünü köçürüb ötürürlər bir-birlərinə.

Əsə-əsə verirlər o sualları da

Çünki o suallar özlərinin deyildir deyə, çaşırlar.

Ömründə bir dəfə mənim cavabıma layiqli sual verən müstəntiqi

Hüquq elminin banisi elan edərdim, dostlar.

Əslində hüquq institutlarında məni kimi cavab verə bilən adamlar işləməlidir...

Yoxsa 37-ci ildən bəri sual üzü köçürənlər yox.

Tək balamın canı üçün, mən qəddar dustaq deyiləm

Heç vaxt incitməzdim sevimli müstəntiqimi.

Onu çox istəyərdim

Heç həyəcanlanıb eləmə, qadan alım, deyərdim

Cavabları arxayın al, başına dönüm, deyərdim

Harada siqaret çək, qurbanın olum, deyərdim

Rahat otur,

Özgə deyilsən ki,

Sən mənim cavablarımın ən gözəl dustağısan...

Deyərdim...

Hüquq institutlarının

Mənim cavablarıma layiq bir dənə sualı olsaydı,

Biz çox rahat yaşayardıq, ölkədə.

Uşaqlara salam

Əlinə bir düşmən bayrağı keçsə onu ayaqlamaqla iş bitmir,

Yatmış bir düşməni öldürməklə məsələ həll olunmur

Açılan bütün topların əvəzinə salam!

Quşun xəbəri varmı düşmən tərəfdə uçur ya biz tərəfdə,

Allahın quşu da ola bilmədik, quşlara salam

Biz torpaqlar böləndə səhv elədik, bizə salam olmasın

Daşlar hər yanda daşdı, daşlara salam!

Gəlin, gəlin uşaqlara biz heç nəyi öyrətməyək,

Qoy özləri öyrənsinlər.

Düşmən haqda biz onlara bir kəlmə də söyləməyək

Bilsinlər ki, yer üzündə düşmən yoxdur

Hamı dostdur

Ah, yenə də kimsə uşaqların qulağıma pıçıldayır

Qara düşmən sözünü

Ona görə,

Böyüklərin şairi ola bilmirəm

Uşaqların şairiyəm, uşaqlara salam!

# 1559 dəfə oxunub

Müəllifin son yazıları

# # #