“Bən əbədi hürriyətin sevdalı bir cilvəsiyim”

“Bən əbədi hürriyətin sevdalı bir cilvəsiyim”
23 oktyabr 2015
# 10:31

İnsan ömrü dalğa kimi keçər, gedər.
Hər gələn bir sevgi yolu seçər, gedər.
Dərdi burax, zövqünə bax, unutma ki,
Hər kəs əcəl badəsini içər, gedər.

Dərdi burax, zövqünə bax.... Bu kəlmələri yazan dahi şair qələmi ilə təsvir etdiyi azad, hürr, sevgi dolu, kamil insan obrazlarından zövq aldı. Cismini dəmir barmaqlıqlar arasında həbs edənlərə inad dərdini ürəyində, ümidlərini isə çiyinlərində daşıdı. Qələminə söykənərək azad ruhunu göylərə ucaltdı. Yazdı, yaratdı.

Cavid süni, pafoslu cümlələrdən uzaq, azadə, eşqlə yaşayan şair idi... Kimsəyə bənzəmək, kimsəni təkrarlamaq istəmədi. Yunan ədəbiyyatından, Şekspirdən süzülüb gələn ideyalarını şeir və dramaturgiya ilə birləşdirərək Füzuliyana yeni bir janr yaratdı. Cavid əfəndinin bütün əsərlərinin yalnız bir qəhramanı var idi, Sevgi.

Vicdanları parlaq tutan sevgidir,
Sevgisiz könül ya daşdır, ya dəmir...
Bir könülə iki sevgi yaraşmaz,
Könül bir, sevgi bir, böyük tanrı bir...

“Gözəllik namına, sevqi namına” deyərək çətin və məşəqqətli bir yoldan keçirdi Cavid. O, azad ruhunun diktəsi ilə eşqin qüdsiyyətini anladan “Şeyx Sənan”ı, qadın faciəsini göstərən “Ana” dramı, müharibə əleyhinə ən qüvvətli fəlsəfi faciə olan “İblis”i , “Şeyda”, “Afət”, “Səyavuş”, “Topal Teymur”, “Maral” və bir çox digər məhşur əsərləri ilə Azərbaycan ədəbiyyatına təzə nəfəs gətirmişdi.

Bu yenilikçi şairi qəbul etmək, həzm eləmək çətin idi, insanların azadlıq eşqini məngənədə saxlayanlar üçün.... Elə buna görə də təqiblər, həbslər, qadağalar Cavid ömrünü qısaldırdı.

Ömrü qısalırdı, amma arzuları yaşasın deyə dayanmadan yazırdı dərin zəka sahibi. Çünki bilirdi ki, düşüncələrini ağ vərəq üzərinə köçürdükcə daha çox xatırlanacaq, yaddaşlarda yaşayacaq...

Bir əlim iştə su, atəş bir əlim,

Çarpacaq qəlbim, əgər sussa dilim.

Cavidşünaslar haqlı olaraq onu zamanın güzgüsü adlandırırlar. Bu güzgüdə öz eybəcərliklərini görənlər, Cavidin ruhu oxşayan, insanın könlünə su səpən misralarının qəhrəmanı ola bilmədikləri üçün onu dəfələrlə sındırmağa çalışdılar. O isə yalnız, azadlıq, eşq, sevgi ideyalına boyun əyirdi:

Bən əbədi hürriyətin

Sevdalı bir cilvəsiyim.

Anlşılmaz bir xilqətin,

Parlar, sönən şöləsiyim.

“Bəni öldürsələr də, bən yaşarım, tərk edib xəlqi xaliqa qoşarım.” O, bu dünyaya gələn hər bir insanın yalnız haqq, ədalət qarşısında boyun əyməli olduğunu yaxşı bilirdi. Haqq olansa, Xaliqdir. Ona gedən yol da sevgidən, eşqdən keçir.

Yüksək ideyalar uğrunda mübarizədə Vətənini, evini, ailəsini geridə qoyub, uzaq Sibirdə yaşamaq və tək-tənha bu dünyadan köçüb, kimsəsizlər qəbristanlığında dəfn olunmaq... Bu Cavid ömrünün ən ağrılı məqamıdır. Rusiyanın İrkutsk vilayətindəki 40 min insanın dəfn olunduğu kimsəsizlər qəbristanlığında 59 nömrəli məzarda basdırılan qərib və vətənsiz Cavid.

Olubdu qəlbimə hakim mənim məlali-vətən

Başımda şur ilə məskən salıb xəyali-vətən.

Vətən, vətən deyərək hər diyara səs salıram

Düşərəmi bircə dilimdən mənim məqali-vətən?

Vətən xaini, pantürkist, antisovet adamı adlandırılan Cavid əfəndi 59 yaşında Azərbaycandan uzaqlarda dünyasını dəyişdi. O, qaranlıqda çırpınan nur, həqiqətdə uyuyan bir xəyal kimiydi. Çəkdiyi iztirablar, acılar, ağrılar bu nuru onun ürəyində söndürə bilmədi.

Köçdü bu dünyadan parlaq zəka sahibi... “Kimsədən gözləmə yardım əsla, yalnz kəndinə kəndin ağla” deyən şairin öldüyü gün onu bu dünyadan yola salan bəlkə də son dəfə gözündən axan iki damla yaş oldu. Amma Cavid yaxşı bilirdi ki, gün gələcək onun yazdığı eşq, sevgi dolu misralarının dərinliyi və təsiri hələ arxasınca çox göz yaşlarının axmasına səbəb olacaq.

“Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik”, deyirdi Cəlaləddin Rumi. Cavid də cismi ilə torpağa Eşq toxumu səpdi, ruhu ilə səmalara əbədi Sevgi yazdı... O, ürəyindəki sevgiylə üzünü əcəlin çiyninə söykədi, bir gün cavidsevərlər bu eşqin gücünü qəlbində hiss etsin deyə.

Qönçəgül Kamal qızı

# 1298 dəfə oxunub

Müəllifin son yazıları

# # #