“Adam əti yemək də yasaq olunmamalı” ŞEİRLƏR

“Adam əti yemək də yasaq olunmamalı” ŞEİRLƏR
13 fevral 2014
# 15:37

Kulis.Az gənc şairə Aysel Fındıqburunun şeirlərini təqdim edir.

Allah cəmi dayıların canını sağ eləsin

Kefinə-qarnına dəyməsin, üzünü ağ eləsin

Mənim bir dayım var – Mustafa

Birinci qızının adı Arzudur

İkinci qızının adı – Bəsti

Üçüncü qızını adı – Yetər

Dördüncü qızının adı – Qızbəs

Beşinci qızının adı – Qızyetər

Altıncı qızının adı – Məmmədqulu…

***

Möhtərəm cənab hakim!

Desəm ki yaxşı adаmam, düz olmaz

Amma pis adam da deyiləm

Bir iş idi olub, şeytanın feilinə uymuşam

Xatırlamıram, affekt vəziyyətində olmuşam

Yoxsa mən hara, milli mentalitet hara

Mənəmi qalmışdı milli mentaliteti zorlamaq?

Möhtərəm cənab hakim!

Bir çətən külfətim var, yazığam

Mentalitetə təzminat ödəməyə hazıram…

***

İnsan – əcaib məməlidir -

İnsan təkcə yemək yeməməlidir

İnsan vuruşmalıdır, dava salmalıdır

Qırmızılar ağlara qarşı, yaşıllar qaralara qarşı

Mavilər təpəllərə qarşı

Ala-bulalar keçəllərə qarşı.

Həyat mənalanmalıdır, rövnəqlənməlidir.

İnsan yalnız savaş zamanı insan olur

Don Kixot kimi.

Ya da lap Fidel və ya Pol Pot kimi.

Mən sizi adam eləmək istəyirəm, qalxın

Bəsdir sallandınız, şelləndiniz, hallandınız

Sizi sürüyə-sürüyə aparmalıyam cənnətə?

Yolunuzu gözləyir hurilər, qılmanlar, mələklər

Cənnətə düşmək istəmirsinizmi, əbləhlər?

***

Piqmey rəfiqəm Marqaret

Ağac qabığında yazır:

Heç kəs inciməməlidir məndən

Demokratiyadır!

İstəsəm kişi qayıraram, istəsəm onun itini,

Və ya qonşunun bitini
Sakitcə, əlaltından

Adam əti yemək də yasaq olunmamalı

Vaxt gələcək traktatlar yazılacaq

Cüzam olmağın xeyri

hannibalizmin faydaları barədə

Demokratik cəmiyyətin imperativi budur-

İctimai hüquq üzərində

Şəxsiyyətin primatı

Yəni hərə bir tərəfə burcudur

Bu halda sənin dostun dəsmaldır, yaylıqdır

Əgər piqmey iy verirsə, burnunu tut

Çünki burun sənin bir parçandır

piqmey isə ilahi varlıqdır.

***

Mən də mənəm – şeytanın qıçını sındırdım

Qaça bilmədi, stula sarıyıb dindirdim…

Əvvəlcə heç nəyi boynuna almadı ki almadı

Məcbur qalıb ağız-burnunu qırdım, üstünə işədim

Dişlərini seyrəltdim, quyruğunu dişlədim

Buynuzunu məngənəyə saldım, tüklərini yoldum

Gözünün altını qaraltdım, qarnını yortdum

Toka verdim, bayıldı

Üstünə su tökdüm, ayıltdım

Uyuşdurucu, amfetamin, alkoqol, absent…

Hər şeyi dadızdırdım, dili açılsın, açılmadı

- Vəkilimi çağır, - dedi, - məni ADAM kimi dindir

Sən bundakı xislətə bax: lap cin atına mindim…

# 2730 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #