Aqşin Yeniseydən YENİ ŞEİR

Aqşin Yeniseydən <span style="color:red;">YENİ ŞEİR
31 avqust 2017
# 17:17

Kulis.az tanınmış şair Aqşin Yeniseyin yeni şeirini təqdim edir

Hörmətli münsiflər heyəti!
Şairlik – həyatda itkin düşməkdi.
Şeir – olmayanla sevişməkdi, gəlməyənlə görüşməkdi.
Vətən özünü qadın kimi aparır şairi görəndə
- bahalı, xətalı, ədalı!
Qadın –vətənin ət halı...

Şeirdə özünü hərraca çıxarır vətən,
Rəsmdə dodaqlarını boyayıb müştəri axtarır,
Musiqidə qiymət oxuyur.
Dində müqəddəslik, bakirəlik,
Siyasətdə qoçuluq, canilik, fahişəlik edir bütün vətənlər.

Hörmətli münsiflər heyəti!
Səhər yeməyində süfrəmdə təzə umidsizlik vardı,
Günortaya dünəndən qalan boyat gəncliyimi isidəcəyəm

Axşam əyyaşlıq qonaq çağırıb içimdəki üsyanı.
Görüşmək istəsəniz, yerini deyim;
Atası vətən uğrunda öldüyü üçün
Dünən gecə küçənizdə çörək oğurlayan
Uşağın alnına yazılıb
əsl şairin ünvanı.

# 1505 dəfə oxunub

Müəllifin son yazıları

# # #